Misirli cüdoçu Islam El Shehaby Rio Olimpiadasında rəqibi, İsrail idmançısı Or Sasson-la əl tutmaqdan imtina etdiyinə görə oyunlardan çıxarılıb.
Beynəlxalq Olimpiya Komitəsinin məlumatında deyilir ki, El Shehaby bu hərəkətə matçı uduzduqdan sonra yol verib.
Reuters xəbər verir ki, əslində Beynəlxalq Olimpiya Komitəsi misirli idmançıya yalnız xəbərdarlıq etmişdi, lakin onun öz komandası El-Shehaby-ni vətənə göndərmək qərarına gəlib.
El Shehaby deyib ki, o, israilli ilə əl tutumaq istəmir və heç cüdonun qaydaları da bunu tələb etmir.
Lakin Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, misirli idmançının hərəkəti oyunların qaydalarına və ruhuna zidd olub.
Xəbərdə deyilir ki, Sasson El Shehaby-yə qalib gəldikdən sonra, onların hər ikisi hakimin yanında yerlərini tutublar, lakin misirli rəqibi ilə sağollaşmaq istəyən israilli idmançının əli havada qalıb.
Reuters xəbər verir ki, tamaşaçılar hakimin çağırışına baxmayaraq geri qayıtmayan misirlinin hərəkətini fitə və küyə basıblar.
Azarkeş təzyiqi
Olimpiada İntizam Komissiyasının qərarında deyilir ki, matçdan sonra rəqiblə əl tutmaq Beynəlxalq Cüdo Federasiyasının qaydalarında olmasa da, belə hərəkət olimpiya dəyərlərinə hörmətsizlik kimi qəbul olunub.
Komissiyanın bəyanatında Misir Olimpiya Komitəsinə idmançıları ilə “maarifləndirmə işi” aparmaq tövsiyə edilib.
Bəzi xəbərlərə görə 32 yaşlı El Shehaby-ni sosial mediadakı azarkeşləri israilli ilə yarışa çıxmamağa çağırmışdılar.
Rəqiblə əl tutmaq cüdonun qaydalarında yoxdur. Dostlar əllə görüşürlər. O isə mənim dostum deyil
Reuters yazır ki, ərəb ölkələrindən və İrandan olan idmançıların israillilərlə yarışdan imtina etməsi hallarına olimpiadalarda və başqa beynəlxalq yarışlarlarda da təsadüf edilir.
2004-cü il Afina Olimpiadasında cüdo üzrə iranlı dünya çempionu Arash Mirasmaeili İsrail idmançısı Ehud Vaksla yarışdan imtina etmişdi.
"Rəqiblə əl tutmaq cüdonun qaydalarında yoxdur. Dostlar əllə görüşürlər. O isə mənim dostum deyil, - deyib El Shehaby, - Mənim yəhudi xalqı ilə və ya hər hansı başqa dindən olanlarla problemim yoxdur. Lakin şəxsi səbəblərə görə, siz məndən bu ölkənin vətəndaşı ilə, həm də bütün dünyanın gözü qarşısında əl tutub görüşməyi tələb edə bilməzsiniz”.
Reuters xatırladır ki, Misir 1979-cu ildə İsrail dövləti ilə sülh sazişi bağlayan ilk ərəb ölkəsi olub, lakin bir çox misirlilər bu sazişdən narazıdırlar.