Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:16

Robotlar tezliklə yumşaq meyvə və kahı yığa biləcəklər


Robotla kahı yığımı
Robotla kahı yığımı

Kartof və buğdanı artıq on illərdir ki, mexaniki yolla yığırlar. Bəzi meyvə və tərəvəzləri isə bu üsulla yığmaq mümkün deyil. Avtomatlaşmaya müqavimət göstərən bu məhsulları ehtiyatla toplamaq tələb olunur. Ağır kənd təsərrüfatı maşınları bu işin öhdəsindən gələ bilməz.

Ancaq CNN yazır ki, bu yaxınlarda maşın öyrətmə texnologiyasının inkişafı daha incə robotların sınaqdan keçirilməsinə imkan verib. Bu robotlar yetişmiş meyvəni axtarıb tapmaq, onunla ehtiyat və dəqiqliklə davranmaq üçün xüsusi kameralar və süni zəka ilə təchiz olunub.

Kembric Universitetinin mühəndisləri tərəfindən hazırlanmış «Vegebot» aysberq kahısını görüb toplamağa qadir olan ilk robotdur. Bu tərəvəz bu vaxtadək ən çox insan əməyi tələb edən məhsullardan sayılıb.

Bir kahını 31 saniyəyə dərir

Əvvəlcə robotun kamerası kahını görür. Mindən artıq kahı şəkli vasitəsilə öyrədilmiş alqoritm sayəsində məhsulun yığılmağa hazır olub-olmadığını müəyyənləşdirir. Daha sonra ikinci kamera robotu ehtiyatla bitkinin üzərinə yönləndirir. Sensorlar maşının düzgün mövqedə olduğunu hiss edir, robotun bıçağı yüksək təzyiqlə bitkinin zoğunu kəsərək onu dərir.

Maşının uğur nisbəti də yüksəkdir – iyulda dərc edilmiş hesabata görə, halların 91%-də məhsul dəqiq müəyyənləşdirilir. Ancaq, hələlik, robot insanlardan yavaş çalışır. Bir kahını 31 saniyəyə dərir. Alimlər yüngül materiallardan istifadə etməklə bu sürətin asanlıqla artırıla biləcəyini deyirlər.

Əgər gələcəkdə robotdan kommersiya məqsədilə istifadə olunsa, bu dəyişikliklər ediləcək. «Məqsədimiz bunun edilə biləcəyini sübut etmək idi və bunu etdik. İndi bu, estafeti götürüb irəli getmək istəyənlərdən asılıdır», – araşdırmanın müəlliflərindən biri Simon Birrell CNN-ə müsahibəsində deyib.

2050-ci ilədək dünya əhalisinin sayı 9.7 milyarda çatacaq, başqa sözlə, hər il dünyaya gələn 80 milyon yeni insanı yedirmək asan olmayacaq. Kənd təsərrüfatı bu artan tələbatı ödəməlidir.

Üstəlik, iqlim dəyişikliyi, ekstremal hava, kənd təsərrüfatı torpaqlarının, təbii sərvətlərin get-gedə azalması innovasiya və səmərəliliyi daha çox tələsdirir və aktuallaşdırır.

Poçtalyonların robot köməkçisi (Reuters)
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

«BIS Research» adlı bazar araşdırmaları şirkətinin hesabatına əsasən, dünyada kənd təsərrüfatı dron və robotları bazarının böyüyərək 2018-ci ildəki 2.5 milyard dollardan 2028-ci ildə 23 milyard dollara çatacağı gözlənilir.

«Kənd təsərrüfat robotlarının ənənəvi kənd təsərrüfatı maşınlarından daha yüksək iş sürəti və dəqiqliyə malik olması gözlənilir ki, bu da istehsal səmərəliliyinin artmasına yol açacaq», - şirkətin baş təhlilçisi Rakhi Tanwar CNN-ə deyib.

İşçi qüvvəsi

Bundan başqa, fermerlər uzunmüddətli işçi qıtlığı ilə üzləşirlər. Dünya Bankının məlumatına görə, kənd təsərrüfatının dünyadakı ümumi məşğulluq səviyyəsindəki payı 1991-ci ildəki 43%-dən 2018-ci ildə 28%-ə enib.

Tanwar bunu qismən gənc nəslin arasında bu sahəyə marağın olmaması ilə izah edir. Onun sözlərinə görə, kənd təsərrüfatı robotlarının inkişafı məhsul yetişdirənlərə çox böyük kömək olar, onların işçi azlığı səbəbindən məhsul itirməsinin qarşısını alar. Robotların gecə və gündüz, fasilə və istirahətsiz işləyə bilməsi yığım dövründə çox işə yarayacaq.

Plimut Universitetində mühazirə oxuyan, eyni zamanda, «Fieldwork Robotics» şirkətinin təsisçisi olan Martin Stoelen deyir ki, əsas mənfəət robotların dayanmadan işləməsindədir. Onun şirkəti nə az, nə çox, moruq dərə bilən robot ərsəyə gətirməyə nail olub. Layihə Britaniyanın böyük moruq istehsalçılarından biri olan «Hall Hunter» şirkəti ilə birgə həyata keçirilib.

Bu robotların artıq gələn il istehsala çıxarılacağı gözlənilir. Onların insanlardan fərqli olaraq, həftədə 7 gün, sutkada 24 saat çalışacağı gözlənilir.

XS
SM
MD
LG