Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

Göz yaşları içində gülüş...


Portuqaliya millisi Avropa çempionluğuna sevinir.
Portuqaliya millisi Avropa çempionluğuna sevinir.

►Dünənki Ronaldo həyatdakı son şansından ikiəlli yapışan adamlara dair klassik nümunə idi.

Onun hətta əleyhdarlarını da laqeyd qoymayan göz yaşı sonda gülüşə çevrildi. Göz yaşları içində gülüş...

Mahir Rüstəmli

“Futbol+” qəzetinin baş redaktoru

GÖZ YAŞLARI İÇİNDƏ GÜLÜŞ

Görünür, futbol hələ də qəribə, mistik çalarlardan qurtulmayıb. Paye Ronaldonu 8-ci dəqiqədə zədələdi, adam meydanda qalmaq üçün 17 dəqiqə çalışdı, mübarizədə özünü yoxladı, gücsüzlüyünü anladı, bir ara hətta sarğını çıxarıb yerə atdı, sonra yerə uzandı və bu məqamda hansısa yolunu azan kəpənək onun qaşına qondu. İndi burda qeyri-adilik əlaməti axtarmayasan, neynəyəsən?!

Cənablar, böyük təəssüf hissi ilə növbəti futbol bayramının bitdiyini elan etməyə məcburam.

Doğrudan da, məhz təəssüf hissi ilə. Axı, hər böyük turnirdən sonra adamın içində elə o turnir boyda boşluq yaranır, sanki nəyisə itirirsən, həyatında nəsə çatmır.

Elə bu Avropa çempionatını da uzun müddət xatırlayacaq, başqa vaxt meydanda keyfiyyətli oyun görməyəndə dərhal paralellər aparacağıq.

Yetərincə maraqlı, bir ay boyunca azarkeşləri intizarda saxlayan turnirin sonuna çatdıq.

Xüsusən də tarixdə ilk dəfə AÇ-yə 24 komanda, 5 debütant qatıldığından gözləntilər böyük idi.

Mənə elə gəlir ki, bütün xoş gözləntilər doğruldu. Düzdür, taktiki planda bu AÇ-nin qitə futboluna hansısa yeniliklər bəxş edə biləcəyini düşünmürəm.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Ən yaxşı göstəricilərə malik 4 komandanın növbəti mərhələyə adlayacağı haqda şərt iştirakçıları hər qola dəyər verməyə, ortabablarla autsayderləri isə birmənalı şəkildə müdafiə sxemlərinə əl atmağa məcbur etmişdi.

Bununla belə, oyun səviyyəsi yetərincə yüksək idi, bir neçə istisnanı nəzərə almasaq, stadionlarda və oyunların keçirildiyi şəhərlərdə ümumilikdə bayram ab-havası hökm sürürdü.

Portuqaliya Yunanıstan deyil və mən bu çempionluğu heç bir halda təsadüf kimi qiymətləndirmirəm.

Sadəcə, portəgizlərin kuboka aparan yolu cəlbedici deyil, onlar çempion qrafiki ilə irəliləməyiblər, elə bu qitə birinciliyində Almaniya və İtaliya, Xorvatiya və Belçika daha maraqlı, daha cəlbedici oyun göstərib. Yəni qrupdan ən yaxşı üçüncülərdən biri kimi çıxasan, 7 oyundan altısının əsas vaxtında qələbə qazana bilməyəsən və sonda kuboku götürəsən – bu məqamlar üzündən adam bir qədər çaş-baş qalır.

Eyni zamanda Portuqaliyanın hər oyuna konkret strategiya ilə hazırlaşdığını (artıq vurulacaq bir qolun belə onları kimə rəqib edəcəyini hesablayırdılar), nəhayət, heyətdə Kriştiano Ronaldo kimi dünyanın iki ulduzundan birinin olduğunu da unutmayaq.

Ya zəlzələdən, ya vəlvələdən, fakt budur ki, qitə çempionları sırasına yeni ad yazıldı.

Bəli, Portuqaliya futbolunun gəlib-getmişində bundan da güclü nəsillərin olmasına baxmayaraq, çempionluq məhz Ronaldo ilə oyundaşlarının qismətindəymiş.

...Kəpənək qaşına qonanda Ronaldo zülüm-zülüm ağlayırdı. Artıq 32 yaşın içində olan ulduz komandasının mümkün çempionluğuna daha heç nə ilə kömək edə bilməyəcəyini,

Avropa çempionu olmaq baxımından bir daha əlinə belə gözəl şans düşməyəcəyini anlayır və dizi yox, içi ağrıdığına görə ağlayırdı. Cəmi 100 dəqiqə sonra güləcəkdi.

Hətta baş məşqçinin səlahiyyətlərinə belə müdaxilə edəcək, hər oyun epizodunda uşaq kimi meydana qaçmaq istəyəcəkdi. Futbolun gözəlliyi də bundadır.

Hansı yaşa çatırsan-çat, futbol eşqi, mübarizə əzmi, oyun ehtirası bəzən səni elə həddə çatdırır ki, içindəki uşaq oyanır, dəli kimi sevinmək, atdanıb-düşmək istəyirsən.

Dünənki Ronaldo həyatdakı son şansından ikiəlli yapışan adamlara dair klassik nümunə idi.

Onun hətta əleyhdarlarını da laqeyd qoymayan göz yaşı sonda gülüşə çevrildi. Göz yaşları içində gülüş...

Sən nə gözəl imişsən, Əlahəzrət Futbol?!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG