Sərhədsiz Reportyorlar beynəlxalq jurnalist təşkilatı - RSF Almaniyanın Federal Prokurorluğuna “işgəncələrdə əli olan” iranlı hakimdən rəsmi şikayət təqdim edib.
Təşkilatın şikayətində deyilir ki, bu hakim 2013-cü ildə azı 20 jurnalistə işgəncə verilməsinə görə məsuliyyət daşıyır.
Təşkilatın baş katibi Christophe Deloire iyunun 11-də yazdığı tvitdə qeyd edir ki, hakim Gholamreza Mansouri hazırda Almaniyadadır.
"Prokuror onun ədalətdən qaçmasına imkan verməməlidir”.
Jurnalist ifadələri var
Bundan iki gün əvvəl Londonda mənzillənmiş İran üçün Ədalət (Justice for Iran) insan haqları qrupu Mansouri-nin Almaniyada mühakiməsinə əsas verən informasiyanın açıqlanmasına çağırmışdı.
“Əhəmiyyətli sayda” jurnalistin ifadələrini əsas gətirən qrup bildirirdi ki, müxbirlərin həbs edilməsi üçün məsuliyyəti məhz bu hakim daşıyır:
"Bu jurnalistlər Tehranın Evin həbsxanasının təkadamlıq kameralarında aylarla dindiriliblər və onlardan təzyiq altında özlərinə və başqalarına qarşı ifadələr alınıb”.
Mansouri iyunun 7-də bir keçmiş vəzifəli ədliyyə rəsmisinin Tehranda korrupsiya ittihamı ilə başlanmış hay-küylü məhkəməsində adı çəkilən bir neçə hakimdən biridir.
Rəsmilər iddia edirlər ki, ölkəni tərk etmiş hakim 57 min dollar rüşvət alıb.
Karantin bitən kimi İrana qayıdacağını deyir
Mansouri iyunun 8-də yaydığı videomüraciətdə hazırda harada olduğunu demir, lakin bildirir ki, koronavirus pandemiyası ilə bağlı elan edilmiş səfər məhdudiyyəti aradan qalxan kimi İrana qayıdacaq:
"Mən İslam Respublikasına, ali rəhbərə və İranın ədliyyə sisteminə tam etibar edirəm”.
Mansouri əlavə edir ki, o üç onillik ərzində İran ədliyyəsində işləməsindən qürur duyur.
Bəzi media xəbərlərinə görə Mansouri xaricə müalicə olunmaq məqsədilə gedib.
İran Sərhədsiz Reportyorların Dünya Mətbuat Azadlığı reytinqində 180 ölkə arasında 173-cü yeri tutur.
Son illərdə İran hakimiyyəti onlarca jurnalisti, blogeri və media təmsilçisini məhbus edib, çox sayda mediaları bağlayıb.