Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT televiziya şəbəkəsinin baş redaktoru Marqarita Simonyan bildirb ki, bu qurumun Amerika bölümü Birləşmiş Ştatlarda xarici agentlərə dair qanuna əsasən qeydiyyatdan keçib.
Bundan əvvəl RT bildirmişdi ki, ABŞ Ədliyyə Naziriyi RT-nin ABŞ Xarici Agentlərin Qeydiyyatı Qanuna (U.S. Foreign Agents Registration Act - FARA) uyğun olaraq noyabrın 13-də qeydiyyatdan keçməsini tələb etmişdi.
Bundan əvvəl Ədliyyə Nazirliyi RT-nin yaydığı xəbəri nə təkzib, nə də təsdiq edirdi, lakin noyabrın 13-də nazirliyin saytında RT-dən qeydiyyat sənədlərinin daxil olduğu barədə məlumat yerləşdirilib.
Noyabrın 13-də Simonyan özünün tvitter hesabından yazmışdı ki, onun təşkilatı qeydiyyatdan keçməsəydi, əməkdaşları həbs oluna bilərdilər.
Simonyan yazıb ki, RT iki seçim arasında qeydiyyatdan keçməyə üstünlük verib.
Noyabrın 13-də Dövlət Dumasının vəzifəli millət vəkillərindən Andrey İsayev demişdi ki, parlament Rusiya ərazisində fəaliyyət göstərən və hökumətlərdən maliyyələşən media qurumlarını “xarici agentlərə çevirəcək” qanun layihəsinin üzərində işləyir.
İsayev bildirmişdi ki, bu qanun qəbul edildikdən sonra böyük bir ehtimalla AzadlıqRadiosu, Amerikanın səsi, CNN və Almaniya yayımçısı Deutsche Welle bu qanuna əsasən xarici agentlər kimi qeydiyyatdan keçməli olacaqlar.
Prezident Putin noyabrın 11-də bildirmişdi ki, hazırda Dövlət Dumasında müzakirə olunan təkliflər kifayət qədər sərt ola bilər, lakin Rusiya mediası Birləşmiş Ştatlarda “hücuma” məruz qalıb və Moskva bunun cavabını verməlidir.
Duma spikerinin müavini Pyotr Tolstoy noyabrın 13-də deyib ki, Rusiyada qəbul ediləcək qanun media qurumlarını və orada çalışan müxbirləri deyil, şirkətləri hədəfləyəcək.
Rusiyada hazırda qüvvədə olan “xarici agentlər” qanunu indiyədək Putin hökuməti tərəfindən tənqidçilərin susdurulması və azad informasiya mübadiləsinin qarşısının alınması, habelə vətəndaş cəmiyyəti qruplarının sıxışdırılması üçün istifadə olunub.
ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın, tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün faydalandığı xarici agent qanunu ABŞ-ın FARA qanunundan köklü şəkildə fərqlənir.
ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, FARA qanunu yalnız o zaman hərəkətə gətirilir ki, hər hansı vahid və ya şəxs birbaşa siyasi fəaliyyətlə məşğul olsun.
Sözçü deyib ki, “biz hər hansı təşkilata qeydiyyatdan keçməyi göstəriş verəndə onların xəbər və informasiya yaymaq qabiliyyətinə heç bir əngəl törətmirik”.
Ədliyyə Nazirliyinin açıqladığı ən son məlumata görə FARA indiyədək Kanada, Koreya, Yaponiya və başqa ölkələrin azı beş media qurumuna tətbiq olunub.
ABŞ Kəşfiyyatı bildirib ki, RT Kremlin 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsində əsas icraçılardan olub.