Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:59

Putin rublu xilas etməyə çalışır (Video)


Rubl
Rubl

Rublun zəifləməsi idxal mallarının – ərzaq, geyim, kompüter və telefonların bahalanması, inflyasiya və faiz dərəcələrinin yüksəlməsi deməkdir

Rusiya prezidenti Vladimir Putin fevralın 28-də Rusiyaya qarşı sankiyalarla bağlı fərman imzalayıb.

“ABŞ və ona qoşulmuş başqa ölkələrin və beynəlxalq təşkilatların qeyri-dost hərəkəti ilə bağlı xüsusi iqtisadi tətbirlərin tətbiqi barədə” adlanan fərman hüquqi informasiya portalında dərc olunub.

Fərmana görə Rusiya sakinləri – ixracatçılar 2022-ci il yanvarın 1-dən qeyri-sakinlərlə kontraktlardan daxil olmuş xarici valyutanın 80 faizini satmalıdırlar.

Habelə bu tədbirin fərman qüvvəyə minən vaxtdan üç gün ərzində həyata keçirilməsi tələb olunur.

Fərmana görə Rusiya sakinlərinə 1 mart 2022-ci il tarixdən aşağıdakılar qadağan edilir:

Xarici valyutanın istiqraz müqaviləsi üzrə qeyri-sakinlərin hesablarına köçürülməsi;

Rusiyanın xaricindəki banklara xarici valyutanın köçürülməsi;

Bank hesabı açılmadan xarici təchizatçılara elektron ödəniş vasitələrindən istifadə ilə ödənişlərin edilməsi.

Fərmana görə ixracatçıların xarici valyuta satışları qaydasını Mərkəzi Bank müəyyən edir.

***

Rusiya rublunun məzənnəsi fevralın 28-də özünün ən aşağı həddinə enib.

Rusiya valyutası bu il ərzində dəyərinin üçdə birini itirib.

Rusiya Mərkəzi Bankı itkilərin təsirini mümkün qədər azaltmaq üçün uçot dərəcəsini 20 faizə qaldırıb.

Rusiya Bankı fevralın 24-də öz ehtiyatının 1 milyard dollarını satıb.

Lakin Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina deyib ki, Qərbin son sanksiyalarına görə birjaya müdaxilə dayandırılıb.

Reuters agentliyinin ehtimalına görə rublun məzənnəsi adı çəkilməyən başqa iştirakçıların dəstəyi ilə saxlanır.

Axşam saatlarında 1 dollar 94.60 rubl idi. Bu ötən həftədən bəri 14 faiz azalma deməkdir.

Bundan əvvəl rublun dəyəri 1 dollar üçün 120 rubl həddinə enmişdi.

Sanksiyalar Rusiyanın dövlət borcu bondlarına da ciddi zərbə vurub.

Dollarla olan bondların dəyəri 40 faizədək azalıb.

Rusiyada banklar önündə uzun növbələr yaranıb
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Kreml fevralın 28-də bildirib ki, Rusiyanın iqtisadi reallığı dəyişib, amma mərkəzi bankın effektivliyi və etibarlılığına şübhə etməyə əsas görmür.

Sözçü Dmitri Peskovun dediyinə görə, ölkə lideri Vladimir Putin gün ərzində maliyyə naziri və mərkəzi bankın sədri daxil rəsmilərlə görüşəcək.

O, Rusiyanın sanksiyalara qarşı planı olduğunu, hazırda onu həyata keçirdiyini söyləyib.

***

Böyük Yeddilik (G7) ölkələrinin sərt maliyyə sanksiyalarından sonra bu gün – fevralın 28-də Rusiyanın milli valyutası 25 faizədək dəyər itirib. Prezident Vladimir Putin Ukraynaya hücum əmri verəndən sonra Qərbdən sanksiyalar gəlməkdədir.

Ötən həftəsonu dollara qarşı məzənnəsi 83.7 olan rubl bu gün 114-ə düşüb. Xəbəri “Bloomberg” yayıb.

Fevralın 28-də Rusiya Mərkəzi Bankı rublun dəyər itirməsini önləmək üçün faiz dərəcəsini 9.5 faizdən 20 faizə qaldırıb.

“Banki.ru”nun məlumatına görə, kommersiya bankları daha aşağı məzənnə təklif edirlər, bir dollar 120-140 rubla satılır.

Oktyabrın sonundan 40 faizlik itki

Rusiya oktyabrın sonundan Ukrayna ilə sərhədə qoşun yığmağa başlayandan rubl dəyərinin 40 faizə yaxınını itirib.

G7 həftəsonu Rusiyanın Mərkəzi Bankına sanksiyalar tətbiq olunacağını, ən böyük maliyyə qurumlarını SWIFT sistemindən çıxaracağını açıqlayıb.

Sanksiyalar Mərkəzi Bankın G7 valyutalarında olan rezervlərini satmaqla rublu qorumasını məhdudlaşdırır.

Sanksiya elanı rusiyalıları əndişələndirib, həftəsonu banklardan pul çıxarmaq, rublu dəyişmək üçün növbələr yaranıb.

600 milyard dollarlıq ehtiyatın 50 faizi...

Rusiya ehtiyatlarının 50 faizə qədərini sanksiya tətbiq edən ölkələrin valyutalarında saxlayır. Qalan hissə isə qızıl və yuanla olan aktivlərdir.

Son yeddi ildə Putin iqtisadiyyatının sanksiyalara duruş gətirdiyini göstərmək və rublu qorumaq üçün xarici valyuta və qızıl ehtiyatlarını artırıb. Bütün bunlar isə Rusiyada həyat səviyyəsinin getdikcə düşməsi bahasına başa gəlib.

Qərb hələ 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndə iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.

Fevralda Rusiyanın 600 milyard dollardan yuxarı ehtiyatları dünyada dördüncü yerdə idi.

Mərkəzi bankın fevralın 24-də Rusiyanın Ukraynaya ikinci təcavüzü başlanan gün rublu qorumaqdan ötrü 5 milyard dollar yaxın vəsait xərclədiyi bildirilir.

G7 də sanksiyalarla bunun qarşısını almaq istəyir.

Təsirlər

ABŞ-ın administrasiya rəsmisi fevralın 24-də sanksiyaları elan edəndə deyib ki, Rusiyanın xarici valyuta ehtiyatı “yalnız Putin ondan istifadə edəndə güclüdür”.

Rəsminin sözlərinə görə, mərkəzi bank daha qərbin maliyyə qurumlarından rubl ala və beləliklə də “sanksiyalarımızın təsirini azalda” bilməyəcək.

Rublun zəifləməsi idxal mallarının – ərzaq, geyim, kompüter və telefonların bahalanması, inflyasiya və faiz dərəcələrinin yüksəlməsi deməkdir.

“Bu yeni sanksiyalar… Rusiya iqtisadiyyatına və bank sisteminə ciddi zərbə vuracaq. Bu, banklardan əmanətlərin çıxarılmasını və dollarlaşmanı gücləndirəcək, səhmlər düşəcək, ehtiyatlar tükənəcək”, – Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun icraedici vitse-prezidenti Kley Laueri bəyanatında deyib.

XS
SM
MD
LG