Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov vəkillərinin əməyinə hörmət əlaməti olaraq məhkəməyə gəlməyə razılıq verdiyini deyir və əlavə edir ki, özünün Azərbaycandakı məhkəmələrdən, hakimlərdən ədalətli qərar gözləntisi yoxdur. O bu sözləri martın 3-də Bakı Apellyasiya Məhkəməsində çıxış edərkən deyib.
Hüquq müdafiəçisinin vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılması barədə vəsatətini Binəqədi rayon Məhkəməsi təmin etmədiyindən həmin qərardan da apellyasiya şikayəti verilib. Bu şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılıb.
Müdafiəçi tərəf R.Səfərovun həbsdə saxlanmasına heç bir əsas olmadığını vurğulayaraq şikayətin təmin edilməsini istəyib.
R.Səfərovun özü isə deyib ki, nə ev dustaqlığına buraxılmaqdan ötrü müraciət edib, nə də məhkəmədən gözləntisi var. Vaxtilə prokurorluqda müstəntiq vəzifəsindən könüllü şəkildə imtina edərək ölkədə repressiyaya məruz qalanların, əzilənlərin hüquqlarının müdafiəsinə qoşulduğunu söyləyən R.Səfərov bu davranışından heç peşman olmadığını vurğulayıb: "Qanun və hüququn dəfn olunduğu ölkədə məni nələr gözlədiyini bilirəm. Amma vicdanlı və ləyaqətli yolu seçdiyimə görə qətiyyən peşman deyiləm. Sizlərdən də heç bir xahişim yoxdur. Sadəcə, vəkillərimin əməyinə hörmət əlaməti olaraq buradayam. Siz hakimlər, müstəntiqlər də əminsiniz ki, Rüfət Səfərov bu cinayəti törətməyib. Buna Allah da, onun bəndələri də şahiddir...".
"Blinken adımı çəkib mənə aid mükafatı təqdim etdi"
O, ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Haqları Günündə Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin dünya üzrə altı nəfərə "İlin güclü hüquq müdafiəçisi" mükafatını təqdim etməli olduğuna diqqət çəkib. Həmin altı nəfərin biri olsa da, təqdimat mərasiminə yollanmazdan iki gün öncə həbs edildiyini bildirən hüquq müdafiəçisi həbsinin gerçək səbəbinin də bu olay olduğunu vurğulayıb: "Mən orada olmasam da, Blinken adımı çəkib, mənə aid mükafatı təqdim etdi...".
Hüquq müdafiəçisi əlavə edib ki, 23 yaşında "Aqrolizinq" ASC-nin Müşahidə Şurasının üzvü, ardından Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas-baş məsləhətçi, daha sonra prokurorluqda müstəntiq çalışıb: "Çoxlarının can atdığı bu vəzifədən könüllü imtina etmiş adamı indi tamah məqsədilə dələduzluqda ittiham etmək gülüncdür. Prokurorluqdakı vəzifəmdən imtina etdiyimə görə məni o vaxt şərləyib həbs etdilər".
Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin ev dustaqlığına buraxılmasından ötrü verilən şikayəti təmin etməyib.
Beynəlxalq İnsan Haqları Günündə həbs
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
O, özünü təqsirli bilmir, ittihamları qurama sayır.
Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları dövlət katibi A.Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də danışıb.
"Bu mükafata layiq görüldüyüm məlum olandan sonra ondan publik qaydada imtina etməyim dəfələrlə təklif olundu. Amma mən bunu edə bilməzdim, axı bu, qlobal səviyyədə fəaliyyətimə verilən qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirib və həbsimə qərar verilib", - R.Səfərovun sözləridir.
Xatırlatma
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham edərək müstəntiq vəzifəsindən istefa verib. Bundan dərhal sonra o, rüşvət almaq ittihamı ilə həbs edilib və 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə keçmiş müstəntiqə 9 il həbs cəzası kəsilib.
İrəli sürülən ittihamları rədd edən R.Səfərov 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. Daha sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlasa da, R.Səfərov 2019-cu ilin oktyabrında polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilib.