Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Övladlığa verilmiş uşaqlar ədalət axtarışında


Lusian Şepers
Lusian Şepers

1989-cu ildə Rumıniyada kommunizm dağılanda uşaq evlərində üzə çıxanlar dünyanı sarsıtdı. Burada bir dəri-bir sümük uşaqlar çox pis şəraitdə saxlanırdılar. Həmin uşaqlardan bəziləri sonradan əcnəbilər tərəfindən övladlığa götürülüb. İndi onlar Rumıniyaya qayıdaraq suallarına cavab, ədalət axtarırlar.

Lusian Şepers (Lucian Schepers) onlardan biridir. O, övladlığa verilməsi barədə saralmış sənədlərin tozunu çırpır, Google vasitəsilə tərcümə edir, kommunist Rumıniyasındakı uşaqlıq dövrünün ayrı-ayrı dönəmlərini bir yerə yığmağa çalışır.

“Bilmirəm hansı sənədə inanım”

Şepers sənədlərdə bir uyğunsuzluq aşkarlayıb. Yerli məhkəmənin onun övladlığa verilməyə yararlı olması haqda sənədində doğum tarixi 1985-ci il göstərilib, amma şəxsiyyət vəsiqəsində 1986-cı ildir.

“Çox güman, yaşım 35-40 arasıdır. Bilmirəm hansı sənədə inanım”, – o, dostlarına zarafatla deyir.

Şepers “Çavuşeski uşaqları” adı verilmiş minlərlə uşaqdan biridir. Nikolay Çavuşeski Rumıniyanı stalinsayağı idarə edən lider olub. Bu Şərqi Avropa ölkəsindəki repressiv rejim 1989-ci ildə regiondakı sovet blokuna daxil digər ölkələrlə birlikdə dağılıb.

Çavuşeski doğum səviyyəsini stimullaşdırmaq üçün yaşı 40-dan az və dörd övladı olmayan qadınların abort etdirməsini yasaqlamışdı.

Bu isə ölkədə körpə bumu yaradıb, baxmayaraq ki, uşaqların çoxu arzuolunmaz idi, yoxsul ailələrdə dünyaya gəlirdi və sonda dövlətin uşaq evlərinə verilirdi.

Bioloji anası qəbul etmir

Şepers 1993-cü ildə belçikalı ailə tərəfindən övladlığa götürülür. O zaman 7 yaşı vardı, Konstantada məktəbəqədər uşaqlar üçün müəssisədə qalırdı. Bu bədnam evlərdə qalan uşaqların çoxu üçün ABŞ-da bir ailə tərəfindən övladlığa götürülmək xülya idi.

İndi həmin uşaqların bəziləri keçmişlərini soraqlayır. Bəziləri qohumlarını, valideynlərini tapmaq üçün sosial mediaya üz tutur.

Şepers bir ildir Buxarestdə yaşayır, IT sektorunda işləyir, boş vaxtlarında isə sənədləri eşələyir. O, Konstantada doğum evlərini gəzib, orijinal doğum şəhadətnaməsini axtarıb. Ancaq öyrəndiyi o olub ki, elə doğulanda Konstanta xəstəxanasında atılıb.

Uşaqların Qorunması və Övladlığa Verilməsi üzrə Dövlət İdarəsinə (ANPDCA) müraciət edən Şepersə aylardan sonra bir qeyd göndərilib: bioloji anası onu qəbul etmir və əlaqə saxlamağını da istəmir.

Özünü yandıran Naxçıvan sakini: 'Polislər atamın şalvarını soyundururdu'
Gözlə

No media source currently available

0:00 0:11:20 0:00

Travma

Şepers deyir ki, övladlığa veriləndə aldığı travmaya görə Rumıniya dövlətini məhkəməyə verəcək. O həmçinin özünün uşaq alveri adlandırdığı prosesə Belçikanın göz yummasına görə də hüquqi addım atmaq istəyir.

Niyəsinə gəlincə, Şepers övladlığa verildiyi ailədə özünü xoşbəxt saymadğını, qərib kimi hiss etdiyini deyir. Ona görə həmin ailədən imtina edir, Belçika məhkəmələrindən onun rumın soyadını bərpa etməsini istəyir.

“Mən dəqiq alver qurbanı olmuşam. Mən məhsul deyiləm, onların adını daşımaq istəmirəm!” – Şepers bu yaxınlarda AzadlıqRadiosunun rumın xidmətinə söyləyib.

1990-2004-cü illərdə Rumıniyada 30 minədək uşaq övladlığa verilib. 1990-91-ci illərdə, Çavuşesku rejiminin iflasından sonrakı ilk iki ildə övladlığa verilmələrin sayı kəlləçarxa vurub. Yerli QHT-lər bu dövrdə 10 mindən çox uşağın övladlığa verildiyini deyirlər.

Həmin dövrdə Buxarest bu prosesə nəzarət etmirdi, övladlığa verilmələrin çox vaxt gizlin gerçəkləşdirildiyi deyilirdi. Araçıların minlərlə dollar qarşılığında əcnəbilərə yalnız fotolarını göstərdikləri uşaqları verməsi haqda əhvalatlar dolaşırdı.

İnformasiya sorğuları

ANPDCA-nın məlumatına görə, həmin dövrün övladlığa verilmə halları barədə vaxtaşırı informasiya sorğusu alır. Əcnəbilərin övladlığa götürdüyü 755 nəfər son iki ildə onlara müraciət edərək bioloji ailələri ilə əlaqə yaratmağa kömək istəyib. Belə uşaqların 149 ailə üzvü də onlara kömək üçün müraciət edib.

Ancaq bürokratik əngəlləri, işin aşağı sürətini nəzərə alanlar sosial mediaya üz tuturlar.

Sosial media qruplarında bəzi analar yazırlar ki, o zaman aldadılıblar, onlara övladlarının ölü doğulduğunu deyiblər. Ya da araçılar onları dilə tutub ki, körpələrini övladlığa versinlər.

Bəzi vəkillər isə belə ailələrə hüquqi yardım göstərməklə məşğuldur.

Buxarest 2001-ci ilin iyunundan rumıniyalı uşaqların övladlığa verilməsini qadağan edib. Qadağandan öncə Avropa Parlamentinin Rumıniya üzrə məruzəçisi Emma Nikolson ölkənin xüsusi müəssisələrdə saxlanan uşaqlarla davranışını tənqid edərək demişdi ki, bəzi rəsmilərin uşaq alverində əli ola bilər.

XS
SM
MD
LG