Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:55

Kikboksinq üzrə dünya çempionu olan ilk müsəlman qız


İllüstrasiya
İllüstrasiya

Ruqsana Begum Banqladeş əsillidir. İngiltərənin paytaxtı Londonda mühafizəkar müsəlman ailəsində böyüyüb.

Ailəsi onu sevmədiyi şəxsə ərə verib. Amma bu da onun kikboksinq üzrə dünya çempionu olmasına mane ola bilməyib.

BBC yazır ki, bu, Hollivud filminin süjeti deyil. Real həyat hekayətidir.

Ruqsana deyir ki, Westminster Universitetində memarlıq ixtisası üzrə oxuyanda həm də kikboksinqlə məşğul olmağa başlayıb. Amma bunu ailəsindən gizli saxlayıb:

"Evdə desəydim, əmin deyildim ki, əlbəyaxa döyüş növü ilə məşğul olmağıma razılıq verəcəkdilər. Qorxurdum ki, seçim qarşısında qalacam".

19 yaşlı qızın ilk idman yarışında qalib gəlməsindən də ailəsinin xəbəri olmur.

O, kikboksinqlə məşğul olduğunu 5 il ailəsindən gizlədir:

"Bazar günü sübh tezdən durub bütün ev işlərini görürdüm. Anam bundan məmnun qalırdı. Sonra nəzakətlə ondan 1 saatlığına idman zalına getməyə icazə istəyirdim. Gedib Muay Tay məşqimi edib tez də qayıdırdım. Onlar bilmirdilər ki, idman zalında nə edirəm. Beləcə ikili həyat yaşayırdım".

Ruqsana deyir ki, nəhayət günlərin bir günü sirrini anasına açır, anasının onun idmanla məşğul olmasına xeyir-dua verməsini istəyir.

Amma deyir ki, tezliklə məsələnin təsəvvür etdiyindən də qəliz olduğunu anlayır. Universiteti bitirəndən sonra valideynləri onu ərə vermək qərarına gəlirlər. Bu isə idmançı karyerasının sonu olacaqdı.

Buna da bax: Iranda qadın azarkeşləri yenə stadiona buraxmadılar

O çarnaçar razı olur.

Amma onun sevmədiyi şəxslə qurduğu ailə tezliklə dağılır. Ruqsana üstəlik xəstəlik də keçirir.

Amma qərara gəlir ki, idmançı karyerasını bərpa etsin. Bir gün valideynlərini öz məşqinə aparır. Amma hara getdiklərini onlara demir.

Valideynləri məşq zalını görəndən sonra Ruqsananın idmanla məşğul olmasına etiraz etmədiklərini deyirlər.

Ruqsana deyir, valideynləri beləcə, peşman olurlar, övladlarının başına gələnləri özü günahları sayırlar.

2016-cı ildə Ruqsana isveçli Susanna Salmijarvi-ni məşğul edərək dünya çempionu olur - bu idman növündə ilk müsəlman dünya çempionu.

İndi 34 yaşı olan Ruqsana karyerasını bitirmək haqda düşünmür.

Əksinə peşəkar idmana keçir.

O, ağır çəki dərəcəsində keçmiş çempion David Haye-nin "Hayemaker Promotions"la müqavilə bağlayıb.

Ruqsana deyir ki, onun üçün həyatda heç nə asan başa gəlməyib. Amma istəyir ki, müsəlman qızları idmanla məşğul olmağa, həyatda öz yollarını seçməyə ruhlandırsın.

XS
SM
MD
LG