2016-cı ilin mayında 254 minədək izləyicisi olan «Texasın ürəyi» adlı Facebook səhifəsi insanları Hyustonda açılan məscidə etiraza çağırdı. «Texasın islamlaşmasına son», – səhifə yazırdı. Bu çağırış sürətlə yayıldı. Ancaq məscidi müdafiə edənlər də səfərbər oldular. «Amerika Birləşmiş Müsəlmanları» adlı qrup da eyni vaxtda və eyni yerdə etiraz aksiyası keçirməyə qərar verdi.
Sonradan «Business Insider» nəşri yazdı ki, «Texasın ürəyi» real qrup deyil. Amerika Birləşmiş Müsəlmanları isə real təşkilat olsa da, onun adından yararlanaraq insanları əks-etiraza çağıran qrupu təşkilatın özü idarə etmirdi. Ötən həftə ABŞ Senatının Kəşfiyyat komitəsində həm məscidə qarşı olanların, həm də məscidi müdafiə etmək istəyənlərin rus trolları tərəfindən səfərbər edildiyi bildirildi.
RUSİYANIN DÜNYANI DƏYİŞMƏSİ
Ola bilsin ki, Rusiyanın apardığı bu kampaniyanın tarixin gedişatını dəyişib-dəyişmədiyi, seçkilərə təsir edib-etmədiyi heç vaxt bilinməyəcək. Ancaq Rusiyanın dünyanı çox sayda başqa üsullarla dəyişə bildiyi faktdır. Bunu amerikalı jurnalist Farhad Manjoo «The New York Times» qəzetindəki məqaləsində yazır və Rusiyanın bu kampaniyasını realiti-şouya bənzədir.
«Ruslar Facebook və Twitter-də realiti-şou aparırlar, şounun iştirakçıları isə bizik», – o yazır.
Müəllif hətta bir neçə realiti-şou prodüseri ilə əlaqə saxlayaraq, onlardan Rusiyanın rəqəmsal təsir kampaniyasını yazılmamış (ssenarisiz) TV dünyasıyla müqayisə etməyi istəyib və gəldiyi nəticəyə daha da əmin olub.
«Burada vacib olan tək şey dramdır», – o yazır.
Bu kampaniyanın təəccüb doğuran tərəflərindən biri də onun tərəf tutmamasıdır. Sənədlərdən göründüyü kimi, məsələn, Hyuston etirazları zamanı rus trolları bir yox, hər iki tərəfi qızışdırmaqla məşğul olublar. Bu isə onu göstərir ki, yekun məqsəd dram yaratmaq olub.
«DRAM YAXŞI SATILIR»
«Niyə? ...Çünki dram yaratmaq asandır və o, yaxşı satılır», – yazıda deyilir.
Realiti-şounu idarə edənlər də iştirakçıları müəyyən davranış forması sərgiləməyə təhrik edirlər, ancaq bu, tamaşaçılara bildirilmir, bir növ peşə sirridir.
«The Bachelor» (Subay) realiti-şousunun keçmiş prodüseri, sonradan «Unreal» (Qeyri-real) şousunu yaratmış Sarah Gertrude Shapiro deyir ki, iştirakçılarla manipulyasiyanın ən yaxşı yolu onların qorxularına, ehtiraslarına və eqosuna toxunmaqdır.
Realiti-şouda prodüserlər hər bir iştirakçı haqqında detallı dosye tuturlar. ... Rus trollarının da detallı dosyesi var. Onlar Facebook-un son dərəcə detallı ünvanlı reklam təbliğatı sistemindən yararlanaraq, məhz sizin qorxularınıza, maraqlarınıza və eqonuza toxunan kontent yarada bilirlər.
«Facebook səhifələri sizi istismar etmək istəyənlər üçün etibarlı təlimat kitabçasıdır. Siz sadəcə ayıları bir qəfəsə salıb qızışdırırsınız və öz aralarında boğuşmağa buraxırsınız», –Shapiro deyir.
ƏSL REAKSİYA
«Bizim realiti şoularda dram yaratma üsulumuz adamları mümkün qədər çətinliyə salıb, onların əsl reaksiyasını izləməkdir», – prodüser və publisist Troy DeVolld deyir.
«Rus trolları amerikalıları normalda etməyəcəkləri tərzdə hərəkət etməyə inandırıblarmı? Yoxsa onlar sadəcə bizə qəlbimizin dərinliyində saxladığımız siyasi və ictimai fikirləri ifadə etməyə çərçivə veriblər? Cavab aydın deyil. Bir tərəfdən, onlar real insanları real etirazda iştiraka vadar ediblər. Ancaq biz həmin etirazçıların hərəkətlərini və hisslərini sadəcə Rusiyanın Facebook kampaniyası nəticəsində ortaya çıxdığına görə görməzdən gəlməliyikmi? Axı, kampaniya təşəbbüsünün kimdən gəlməsindən asılı olmayaraq, hisslər saxta xəbər deyildi.
Bu, realiti-şoularda da baş verir. Məsələn, «The Bachelor» əslində şou olsa da, onun nəticəsində evlənərək 10 ildən artıq birlikdə yaşayan qaliblər var. Başqa sözlə, bir məqamda realiti TV reallığa çevrilir.
Rusiyanın bu kampaniyasının son dərəcə zərərli tərəfi isə onun saxtalıqla reallığı bir-birinə qatmasıdır. İndi bizim üçün bir çox məsələlərdə reallığın harada bitdiyini və saxtalığın harada başladığını demək çox çətindir», – müəllif Farhad Manjoo yazır.