Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Hesabat: Rusiya nüfuz dairəsini Afrika və Yaxın Şərqə necə genişləndirir


Putin Rusiya-Afrika Forumunda
Putin Rusiya-Afrika Forumunda

Rusiya nüfuz dairəsini genişləndirmək, cilovlanmadan yayınmaq, düşmənlərini stabilsizləşdirmək üçün, onun təsir dairəsini Afrikaya genişləndirən Vaqner qrupunun yenidən “brendlənməsi” də daxil qeyri-strandart metodlardan istifadə edir.

Bu barədə Londonda mənzillənmiş Royal United Services Institute (RUSI) analitik mərkəzinin fevralın 20-də açıqlanmış hesabatında deyilir.

Hesabatda deyilir ki, Qərb ölkələrinin Rusiyanı Ukraynaya qarşı təcavüzünə görə iqtisadi cəhətdən təcrid etməyə çalışdıqları bir vaxtda prezident Vladimir Putin sanksiyalardan xilas olmaq üçün Afrika və Yaxın Şərqlə iqtisadi bağların gücləndirilməsinə cəhd edir.

Vaqnerin funksiyaları

RUSI yazır ki, ötən il Yevgeni Priqojinin Putinə qarşı yarımçıq qiyamından sonra buraxılmış Vaqner özəl hərbi şirkəti əslində Rusiya hərbi kəşfiyyatının tabeçiliyinə verilib.

O vaxtdan bəri şirkətin muzdluları Afrika və Yaxın Şərqdə “ekspedisiya korpusu” adı altında Qərbə daha mütəşəkkil zərbə imkanlarının öyrənilməsi də daxil müxtəlif tapşırıqlar yerinə yetirirlər.

Hesabatda deyilir ki, Vaqner Qrupunun funksiyaları ilə “silahlanan” Baş Kəşfiyyat İdarəsi (GRU) Rusiyanın Afrikadakı partnyorluqlarını “aqressiv şəkildə” genişləndirməyə cəhdlər göstərir.

“Roscolonialism”

Hesabatda Rusiyanın bu fəaliyyətləri “Roscolonialism” – “Rusya müstəmləkəçiliyi” adlandırılır:

"Rusiya bu mandatı Qərbin strateji səhlənkarlığı və partnyorlarının üzləşdiyi çətinlikləri həll etməməsi sahəsində əldə edə bilib”.

Priqojin uğursuz qiyamından bir neçə həftə sonra çox müəmmalı bir aviasiya qəzasında həlak olub. Onun rəhbərlik etdiyi Vaqner qrupu Rusiyanın Ukrayna cəbhəsindəki dayaqlarından biri idi.

Hesabatda bu da qeyd olunur ki, Rusiya Çeçenistan Respublikasının lideri Ramzan Kadırovdan Avropanın çeçen və müsəlman icmaları arasında nüfuz şəbəkəsinin qurulması üçün istifadə edir:

"Sosial statusu və müxtəılif dünyəvi və dindar icmalara çıxışı Kadırovu Rusiya üçün qiymətli proksi diplomata çevirir”.

RUSI-nin hesabatında deyilir ki, bir sıra ölkələrin Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmaması qismən də Kadırovun diplomatik səyləri ucbatından baş verib.

XS
SM
MD
LG