Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Avtozavodların 10 min işçisi işsiz qalıb


Arxiv fotosu
Arxiv fotosu

Nissan kimi şirkətlərin istehsalı bərpa edib-etməyəcəyi Ukraynada müharibənin gedişindən asılıdır

Rusiya vaxtilə xarici avtomobil şirkətlərinin sevimlisi idi, 2000-ci illərdə və 2010-cu illərin əvvəlində avtomobilə tələbat sürətlə artırdı. Rusiya Ukraynanı işğal etməyə başlayandan isə bir çox zavodlar fəaliyyətini dayandırıb, işçilər başqa iş axtarmağa məcburdur.

AzadlıqRadiosunun North.Realities portalı Sankt Peterburqda 10 min rusiyalı işçinin belə bir qeyri-müəyyənliklə üzləşdiyini yazr.

150 milyona yaxın əhalisi olan, orta sinfin sürətlə genişləndiyi Rusiya ilə bağlı proqnozlar vaxtilə çox nikbin idi, uzağı 2020-ci iləcən o, satışa görə Avropanın ən böyük avtomobil bazarına çevriləcəkdi.

97 faiz azalma

ABŞ, Avropa, Yaponiya şirkətləri bir-birinin ardınca müasir zavodlar açırdılar, Sankt Peterburq və Kaluqada bir neçə avtomobil obyektləri açılmış, minlərlə yerli işçi nisbətən yaxşı maaşa işə götürülmüşdü

Prezident Vladimir Putin Ukraynanı işğal qərarı verəndən sonra, xarici şirkətlər istehsalı qeyri-müəyyən müddətə dayandırıblar. Qərbin sanksiyaları isə mikroprosessor, yaxud çiplər daxil olmaqla, əsas komponentlərin idxalını çətinləşdirib, ya da tamamilə qadağan edib.

Mayda Rusiyada avtoistehsal bir il öncəylə müqayisədə 97 faiz azalıb.

Minlərlə rusiyalı işçi isə nə edəcəyini bilmir.

Sankt-Peterburqdakı Nissan zavodunun işçisi Sergey AzadlıqRadiosuna deyib ki, adamlar nə baş verəcəyini gözləyirlər. O, həmkarlarının indilik “ruhdan düşmədiyini” də sözlərinə əlavə edib.

Müharibə uzansa...

Nissan kimi şirkətlərin istehsalı bərpa edib-etməyəcəyi isə Ukraynadakı müharibənin gedişindən asılıdır. Bəzi qərb hərbçiləri və ekspertlər müharibənin illərlə çəkə biləcəyini deyirlər.

“Bu müharibənin daha ciddi xarakter alacağına və uzanacağına inanırıq”, – Nissan-nın baş icraçı direktoru Makoto Uçida ötən ay şirkət səhmdarlarının Yaponiyada illik toplantısında deyib.

Sankt Peterburqda 2 minədək işçisi olan Nissan azı oktyabradək istehsalı dayandırıb, Uçida söyləyib.

Yaponiyanın Toyota, Koreyanın Hyundai, Avropanın Man və Scania şirkətləri də zavodlarda istehsalı dayandırıblar.

Müharibəyədək xarici avtomobil şirkətlərinin Sankt Peterburqda 10 minədək, Kaluqada 7 minədək işçisi vardı. İndi onların demək olar hamısı məcburi məzuniyyətə buraxılıb.

Ancaq Sankt Peterburqdakı avtomobil istehsalçıları işçilərinin maaşlarının azı üçdə ikisini ödəyirlər. Bu şəhərdə orta işçi aya 40 min rubl ($634) qazanırdı, yəni hazırda aya 400 dollar alırlar.

Başqa iş axtarırlar

Maaşın azalması isə ölkədə həyat şəraitinin bahalanması fonunda baş verir. Ekspertlər bu il Rusiyada inflyasiyanın 14.5 faizə yüksələcəyini proqnozlaşdırırlar.

Soyadının çəkilməsini istəməyən Sergey deyir ki, maaşın çox hissəsini aldıqlarından indi işdən getməyin mənası yoxdur.

Ancaq Sankt Peterburqda Regionlarası Həmkarlar Birliyi İşçiləri Assosiasiyasının (MPRA) sədri İqor Temçenkonun sözlərinə görə, avtomobil sənayesinin bir çox işçiləri itirdikləri gəliri kompensasiya etmək üçün əlavə iş axtarırlar.

“Əlavə ixtisası olanlar bu sahədə yarımştat iş tapa bilərlər, ancaq çoxları kvalifikasiya tələb olunmayan işlərə gedirlər: bəziləri mal yükləyir, bəziləri taksi sürücüsü lisenziyası alır”, – o deyir.

Birdəfəlik getsələr...

Sankt Peterburqun qubernatoru Aleksandr Beqlov deyib ki, xarici şirkətlər birdəfəlik getmək qərarı verərsə, “dost ölkələr”in şirkətləri onların yerini tuta bilər. O güman ki, Çini, Hindistanı nəzərdə tutur.

Ancaq bunu demək asandır, nəinki etmək. Çünki avtomobil zavodları spesifik modellərin hazırlanması üçün dizayn olunub, bunu sadəcə dəyişmək asan deyil, təhlilçilər belə deyirlər.

Digər tərəfdən, ölkənin avtomobil bazarı hazırda 2000-ci illərdəki kimi xarici şirkətlər üçün cəlbedici deyil.

Rusiyada gəlirlərin düşdüyü, orta sinfin azaldığı bir vaxtda hətta qeyri-Qərb ölkələrindən şirkətlər üçün yeni istehsal obyektlərinə yüzmilyonlarla dollar investisiyanı əsaslandırmaq asan olmayacaq.

XS
SM
MD
LG