Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:37

'Azərbaycan cəmiyyətinə bəlli olmayan məsələlər bəyannamədə təsdiqini tapacaq'


Prezident İlham Əliyev Moskvada. 22 fevral 2022
Prezident İlham Əliyev Moskvada. 22 fevral 2022

Prezident İlham Əliyev dünən, fevralın 21-də Rusiyanın paytaxtı Moskvaya səfər edib. Kremlin saytında yerləşdirilən məlumata görə, fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Danışıqların yekunu olaraq "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamənin imzalanmasının nəzərdə tutulduğu bildirilir.

Azərbaycanda hökumətə yaxın media orqanlarında həmin bəyannamənin imzalanmasına hazırlığın çoxdan getdiyi vurğulanır. Hərçənd, bu barədə heç vaxt məlumat yayılmamışdı.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır: "Bunu Rusiya prezidenti bir neçə dəfə vurğulayıb. Postsovet ölkələri içərisində Azərbaycanın ən inkişaf etmiş münasibətlər sistemi məhz Rusiya ilədir".

Komitə üzvü qeyd edib ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticari və digər məsələlər müzakirə olunacaq: "Ayrıca olaraq da Rusiya vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış üç sənədə uyğun atılan addımlar müzakirə olunacaq".

"Düşünmürəm ki, Azərbaycan tərəflərin birini…"

Deputat Rusiyanın Azərbaycanın başqa ölkələrlə münasibətlərinə narahatedici baxış sərgilədiyini düşünmür: "Çünki biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın başqa ölkələrlə münasibətlərini inkişaf etdirməsi heç bir halda digər ölkəyə və konkret olaraq Rusiyaya qarşı yönəlməyib".

Rusiya-Ukrayna münasibətlərindəki gərginlik fonunda Azərbaycanın mövqeyinə gəldikdə isə, E.Mirbəşiroğlunun fikrincə, ölkəsi Ukrayna ilə də kifayət qədər konstruktiv münasibətlər qurub: "Azərbaycan həm də Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir. İki ölkə arasında gərginlik mövcuddursa, düşünmürəm ki, Azərbaycan tərəflərin birini dəstəkləsin".

A.Qasımlı
A.Qasımlı

"Azərbaycan ictimaiyyətini heç hesab edərək…"

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu görüş əvvəldən planlaşdırılmışdısa, niyə bunu bəyan etmirdilər?: "İkincisi isə, əvvəlcədən hər hansı bir sənədin imzalanması planlaşdırılmışdısa, niyə bunu Azərbaycan ictimaiyyətində, parlamentdə müzakirə etmədilər? Heç bir müzakirə olmadan, Azərbaycan ictimaiyyətini heç hesab edərək İlham Əliyev Moskvaya gedib sənəd imzalayacaq".

O hesab edir ki, sənədin nədən ibarət olduğunu bilmədən onun haqqında danışmaq tezdir: "Amma ehtimal edirəm ki, 44 günlük müharibədən əvvəl Putinlə razılaşdırılmış 10 noyabr bəyanatının əsas tezisləri ilə bir yerdə Azərbaycan cəmiyyətinə hələ də bəlli olmayan digər məsələlər bu bəyannamədə öz təsdiqini tapacaq. O məsələləri də, böyük ehtimal, əvvəlcədən razılaşdırıblar. Sadəcə, onların çərçivələrini cızıblar və imzalama mərhələsinə gəlib çıxıblar".

"10 noyabrdan sonra Azərbaycan iqtidarı…"

Ekspertin vurğulamasına görə, Ukrayna ilə bağlı gərginlik və Qərbin Rusiyanı sıxışdırdığı bir dönəmdə bu sənədin imzalanması onu göstərir ki, bu, Vladimir Putinin qərarıdır: "Prezident İlham Əliyevə sadəcə deyiblər ki, qərar vermişik və bunu imzalamaq lazımdır. Bu da o deməkdir ki, 10 noyabrda imzalanan bəyanatdan sonra Azərbaycan iqtidarı artıq bilavasitə Rusiyanın təsiri altına düşüb. Azərbaycanın xarici siyasəti tam müstəqil deyil və Rusiyanın, demək olar ki, nəzarəti altındadır".

Azər Qasımlı hesab edir ki, Rusiya ilə xarici siyasət elə qurulmalıdır ki, o, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanısın: "Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycan isə öz müstəqil xarici siyasətini yürütməlidir, Avropa ilə öz milli maraqlarına uyğun olaraq Assosiativ saziş imzalamalıdır və dünyaya açılmalıdır. Bunun müqabilində əgər Rusiyaya Azərbaycanın hərbi mənada neytral qalması, Azərbaycan ərazisində heç bir ölkənin hərbi bazalarının olmaması lazımdırsa, Azərbaycan buna razılaşmalıdır".

Azərbaycan Rusiyanın Ukrayna siyasətindən hansı dərsləri çıxarmalıdır?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG