Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:15

Belarusa eniş zamanı iki Rusiya desantçısı həlak olub


Rusiya desantçıları Zapad-2021 təlimində (Arxiv fotosu)
Rusiya desantçıları Zapad-2021 təlimində (Arxiv fotosu)

Belarusun Müdafiə Nazirliyi noyabrın 12-də bəyan edib ki, Rusiya və Belarus desantçıları “Qojski” poliqonunda birgə manevr keçirəcəklər

Belarusun “Qojski” poliqonuna Rusiya hərbi-hava desantının çıxarılması zamanı iki rusiyalı desantçının həlak olduğu xəbər verilir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu məlumatı güc strukturlarının keçmiş əməkdaşlarının BYPOL ictimai birliyi yayıb.

Birliyin Telegram-kanalında iddia edilir ki, desantın poliqona enişi zamanı iki desantçının paraşütləri toqquşub və nəticədə paraşütün biri bağlanıb.

Hadisə nəticəsində Rusiya silahlı qüvvələrinin biri zabit, digəri isə müddətli əsgər olmaqla iki hərbçisi həlak olub.

Bu xəbəri Rusiya Müdafiə Nazirliyi də təsdiq edib.

Nazirliyin məlumatında hadisənin güclü külək şəraitində baş verdiyi və paraşütlərin hər ikisinin bağlandığı xəbər verilir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Rusiya hərbi təlim keçirilməsi məqsədilə Belarusun Qrodno vilayətinə desant birləşməsi göndərib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən Interfax yayıb.

Nazirlik bildirir ki, noyabrın 12-də “hava desantı qoşunlarının hazırlığının qəfil yoxlanışı çərçivəsiində” Rusiya desantçılarından ibarət birləşmə Belarus ərazində “praktik desantçıxarma əməliyyatı” keçirməlidir.

Rusiya MN bunu da bildirib ki, Rusiya desantçıları Belarus silahlı qüvvələri ilə birlikdə “döyüş-təlim” tapşırığını yerinə yetirdikdən sonra daimi xidmət yerlərinə qayıdacaqlar.

Belarusun Müdafiə Nazirliyi noyabrın 12-də bəyan edib ki, Rusiya və Belarus desantçıları “Qojski” poliqonunda birgə manevr keçirəcəklər.

Bu poliqon bilavasitə Polşa və Litva sərhədlərinin yaxınlığındadır.

İttifaq dövlətinin sərhədləri

Xəbər verilir ki, hərbçilərin döyüş tapşırıqlarına habelə “platsdarmın ələ keçirilməsi və saxlanması”, “müəyyən edilmiş obyektlərin, o cümlədən düşmənin kəşfiyyat-diversiya qruplarının və qanunsuz silahlı birləşmələrin axtarışı və məhv edilməsi” kimi təmrinlər daxildir.

Belarus MN təlimin məqsəd və səbəblərinə dair də açıqlama verib.

Məlumatda bildirilir ki, təlim “Belarus sərhədi yaxınlığında hərbi fəaliyyətin artmasına” görə “İttifaq dövlətiinin reaksiya qüvvələrinin hazırlığını yoxlamaq” üçün keçirilir.

Bundan əlavə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib ki, buna ehtiyac olduğu təqdirdə Minsk Belarusun təhlükəsizliyinin qorunmasına Rusiyanı cəlb etməyə hazırdır:

"Biz İttifaq dövlətinin sərhədlərini qorumağa və ən qısa müddətdə və istənilən istiqamətdə zəruri qoşun birliklərinin yaradılmasına hazırıq. Belarusu qorxutmaq və ittiham etmək cəhdləri bizi adekvat şəkildə reaksiya verməyə vadar edir”.

XS
SM
MD
LG