Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Rusiya niyə Belarusdan ayrılır: 3 səbəb


Rusiya-Belarus sərhədi
Rusiya-Belarus sərhədi

Rusiya Minski xəbərdar etmədən Belarusla sərhəddə məntəqə yaratmaq barədə qərar qəbul edib. Məlumatı Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Vanshina verib.

İndiyədək Rusiya ilə Belarus arasında sərhəd zonası yalnız bir neçə il mövcud olub. 1995-ci ildə dostluq, qonşuluq və əməkdaşlıq sazişinin imzalanmasından sonra sərhəd zonası aradan götürülüb. Gömrük ittifaqının yaradılmasından sonra isə sonuncu nəzarət-keçid məntəqələri də ləğv edilib.

BƏS İNDİ NƏ BAŞ VERİR?

Əslində, iki ölkə arasında heç bir sərhəd yoxdur. Yalnız Rusiya və Belarusun hansı tərəfdə olduğunu göstərən işarələr var.

Ancaq bu gün artıq orada xəbərdarlıq nişanları və keçid məntəqələri yerləşdirməyə başlayıblar. Artıq bu məntəqələrdən yalnız pasportla keçməyə icazə verilir. Bütün traslarda FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarını görmək olur. Onlar maşınları saxlayaraq sənədləri yoxlayırlar.

Bəzi yerlərdə iri yük maşınlarının növbələri bir neçə kilometr uzanır. Deyilənə görə, bundan sonra daha betər olacaq.

«Təsəvvür edirsiniz, burada hələ minik maşınlarının da axını olacaq. Vəziyyət iki dəfə pisləşəcək. Burada dayanıb ilişib qalacağıq. 90-cı illərdə dayandığımız kimi dayanacağıq», –deyə növbədə duran yük maşını sürücüsü gileylənir.

Rusiya-Belarus sərhədi.
Rusiya-Belarus sərhədi.

Bu addım Belarus prezidenti Alyaksandr Lukashenka-nın 80 ölkənin, o cümlədən Avropa Birliyi (AB) ölkələrinin vətəndaşları üçün vizasız rejim tətbiq etmək qərarıyla bağlıdır. Bu ildən onlar 5 gün ərzində ölkədə vizasız yaşaya bilərlər. Rusiya isə Minskin bu qərarının onun təhlükəsizliyini təhdid etdiyini bəhanə gətirərək, sərhədləri bağlamağa başlayıb.

YASAQLANMIŞ MALLAR

Rusiyanın bu addımının daha bir izahı var. Bu vaxta qədər Belarus rusiyalıların Avropaya keçməsinə ən asan yol idi. Rusiyanı tərk etməsinə qadağa qoyulmuşlar da Minskdən keçərək qaçırdılar. Ötən ilin oktyabrında federal məhkəmə pristavları bir milyondan çox Rusiya vətəndaşına ölkədən çıxmağı qadağan edib.

Belarusdan Rusiyaya sanksiya qoyulmuş Avropa mallarının daxil olması da göstərilən səbəblər arasındadır. Ötən il Belarus yasaqlanmış malların yenidən ixracı üzrə lider olub. Gömrük xidməti qanununun pozulması üzrə 250-dən çox iş açıb.

«Qeyri-rəsmi olaraq, biz müxtəlif kateqoriyalı məhsulların 10-15 faizi barədə danışa bilərik. Bu, daha çox ortadan yuxarı qiymətlər, lüks mallar kateqoriyasına aiddir», – «Infoline» bazarların monitorinqi agentliyinin direktoru Ivan Fedyakov deyir.

Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

MİNSKİN REAKSİYASI

Minsk üçün Moskvanın bu qəfil addımı gözlənilməz oldu. Belarus dövlət sərhəd komitəsi, ümumiyyətlə, sərhəd zonasının yaradılması ilə bağlı açıqlama vermək istəməyib. XİN isə Rusiyanın bu niyyəti barədə əvvəlcədən xəbərdar etməməsindən şikayətlənib.

«Bir çoxlarında belə təsəvvür yaranır ki, bu addımlar Belarus-Rusiya sərhədində 20 il öncə ləğv edilmiş tam nəzarətin bərpasına aparır. Bu isə bir sıra mövcud razılaşmalara ziddir», – deyə Belarus XİN mətbuat xidmətinin rəhbəri Maria Vanshina bildirib.

Rusiyanın «Regnum» agentliyi isə bildirib ki, Belarus buna cavab olaraq Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və bəlkə hətta Rusiya ilə Müttəfiq dövlət statusunu tərk etməyə hazırlaşır. Ancaq «Kommersant» qəzetinin mənbələri bu məlumatı təkzib ediblər. A.Lukashenka-nın özü də təcili mətbuat konfransı keçirib. Fevralın 9-da isə onun Rusiya prezidenti Vladimir Putin-lə görüşü gözlənilir.

XS
SM
MD
LG