Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 16:10

Ukrayna Rusiyaya torpaq güzəştə getməyəcəyini deyir


Ukrayna hərbçiləri Donbasda cəbhə xəttində, 12 iyul, 2022-ci il
Ukrayna hərbçiləri Donbasda cəbhə xəttində, 12 iyul, 2022-ci il

İyulun 13-də Ukrayna qüvvələrinin Donetskə qonşu Luqansk vilayətinə zərbə endirdiyi haqda təsdiqlənməmiş məlumatlar gəlir

Ukrayna ilə Rusiya arasında danışıqlar bərpa olarsa, qarşı tərəfə torpaq güzəştə getmək istisna olunur. Bunu Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba iyulun 13-də brifinqdə deyib. O, iki ölkə arasında hər hansı danışıqların keçirilmədiyini də vurğulayıb.

“Ukraynanın bu müharibədə məqsədi... ərazilərimizi azad etmək, ərazi bütövlüyümüzü, Ukraynanın şərqində və cənubunda tam suverenliyi bərpa etməkdir”, – Kuleba söyləyib.

“Bu, bizim danışıqlarda son mövqeyimizdir”, – nazir bildirib.

Rusiya Ukraynanın cənubunda və şərqində böyük ərazilər ələ keçirib. 2014-cü ildə isə Krım vilayətini ilhaq edib, şərqi Luqansk və Donetsk vilayətlərində separatçıları dəstəkləməyə başlayıb.

İstanbulda isə Ukraynadan buğda ixracına blokadanı aradan qaldırmağı hədəfləyən danışıqlar başlanıb.

***

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətində Slovyansk və Kramatorsk kimi daha böyük şəhərlərə doğru irəlilədikcə kiçik şəhərlərə fokuslanır. Bu haqda Britaniya kəşfiyyatı məlumat yayıb.

Bu arada iyulun 13-də Ukrayna qüvvələrinin Donetskə qonşu Luqansk vilayətinə zərbə endirdiyi haqda təsdiqlənməmiş məlumatlar gəlir. Zərbənin ABŞ-ın təzəlikcə verdiyi HIMARS raketləri ilə həyata keçirildiyi güman edilir. Luqanskı bir neçə gün öncə Rusiya qüvvələri tutub.

Rusiya qüvvələri müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyəndən sonra şərqi Donbas regionunu tam ələ keçirməyə fokuslanıb. Ukrayna rəsmiləri Rusiyanın regionda şəhərləri, kiçik yaşayış məntəqələrini kütləvi atəşə tutduğunu deyir.

Şərqdəki Çasov Yar şəhərində yaşayış binasının həftəsonu atəşə tutulması nəticəsində ölənlərin sayı 45-ə çatıb. Ukrayna rəsmiləri bu hadisəni “hərbi cinayət” adlandırıb. Moskva isə müharibədə mülki hədəfləri hədəfə almadığını bildirir.

HIMARS-lar işə düşür?

Britaniyanın Müdafiə Nazirliyi Kremlin qüvvələrinin Siverski və Dolina şəhərlərinə yaxınlaşdığını bildirir. Slovyansk və Kramatorsk isə “əməliyyatın indiki fazasının əsas hədəfləridir”.

Luqansk vilayətindəki separatçılardan Andrey Maroçkonun dediyinə görə, Ukrayna ordusu vilayətdə bir neçə məntəqəni vurmaq üçün HIMARS artilleriya sistemindən istifadə edib.

Ukrayna hökuməti isə indiyədək hər hansı hücumda HIMARS-dan istifadə etməsinə şərh verməyib.

Bu arada Rusiya və Ukraynadan hərbi nümayəndə heyətləri iyulun 13-də İstanbulda BMT və Türkiyə rəsmiləri ilə görüşəcəklər. Məqsəd dünyada ərzağın bahalanmasına səbəb olmuş taxıl ixracı böhranını yoluna qoymaqdır.

Rusiya işğala başlayandan Ukraynadan taxılın ixracı demək olar dayanıb. Bu, həm inkişaf etmiş, həm də xeyli sayda yoxsul ölkələrdə çətinliklərə səbəb olub, ərzaq qıtlığı yaranıb.

Polis fərariliyi baş verməyib

Rusiyanın işğal etdiyi ərazilərdə polis fərariliyi baş verməyib. Ukraynanın şərqində və cənubunda işləyən polis əməkdaşlarının “mütləq əksəriyyəti” Kiyevin nəzarətində olan əraziyə keçib. Bunu isə Ukraynanın Daxili işlər naziri Denis Monastırski “Current Time”a eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna 2014-cü il hadisələrinin təkrarlanmasından yayına bilib. O zaman xeyli sayda polis əməkdaşı Moskvanın dəstəklədiyi separatçı qruplara qoşulmuşdu.

“Bizim üçün ən böyük təhlükə səkkiz il öncə baş verənlərin təkrarlanması idi. O zaman polis sadəcə postları tərk elədi, bütöv regional birliklər düşmən tərəfə keçdi. Üstəlik, onlar şəxsi datanı təhvil verdilər, fəalları necə tapmağın yolunu göstərdilər, psevdo-polisin sıralarına qoşuldular. Bu ssenarinin təkrarlanması qəbuledilməz idi”, – o vurğulayıb.

Monastırski Daxili İşlər Nazirliyinin nəzarətində olan “bircə databazanın belə” Rusiyanın əlinə keçmədiyini söyləyib.

Nazir Rusiyanın Ukrayna həbsxanalarına sabitliyi pozmaq üçün kriminal qruplardan istifadə cəhdlərinin də önləndiyini bildirib.

“Rusiyanın kriminal dairələri həbsxanalarımızı qarışdırmağa çalışır, bununla bir çox şəhərlərdə sabitliyi pozmaq istəyirdi. Həbsxanalarda hər hansı provokasiyanı önləmək üçün bəzi fərdlər başqa yerlərə köçürüldülər”, – Monastırski deyib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb.

XS
SM
MD
LG