Rusiya və Türkiyə Birləşmiş Ştatların, Suriyada əsasən özünə müttəfiq kürdlərə 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaqda kömək etməsinipisləyib.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan yanvarın 15-də deyib ki, “Birləşmiş Ştatlar bizim ölkəmizin sərhədi boyunca terror ordusu yaratdığını təsdiqləyib”.
Erdoğan deyib ki, “indi bizim öhdəmizə düşən bu ordu heç doğulmadan onu boğmaqdır”.
Suriya hökuməti sərhəd qüvvəsinin yaradılmasını ölkənin “suverenliyi, ərazi bütövlüyü və birliyiüzərinə açıq hücum” adlandırıb.
Suriyanın vətəndaş müharibəsində Assad rejiminə tam dəstək vermiş Rusiya xəbərdarlıq edib ki, bu qüvvənin yaradılması Türkiyə və İraq sərhədi boyunca böyük bir ərazinin Suriyadan qopması ilə nəticələnə bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “bu, Suriyanın parçalanması istiqamətində hərəkət edildiyinə dair ciddi narahatlıqlar yaradır”.
ABŞ özünü İslam Dövlət adlandıran təşkilata qarşı vuruşan koalisiyaya rəhbərlik edir və bildirib ki, məqsədi “qarşıdan gələn bir neçə ildə” sərhəd boyunca 30 minlik təhlükəsizlik qüvvəsi yaratmaqdır.
Bu qüvvələr Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan ərazinin hüdudları boyunca yerləşdirilməlidir. SDQ ərəblərdən və kürdlərdən ibarət döyüş qüvvəsidir və onun tərkibində kürd YPG qüvvələri çoxluq təşkil edir.
Koalisiya bildirib ki, hazırda 230 döyüşçü bu qüvvənin inaqurasiya sinfində təlim keçir. Bu da qeyd olunur ki, yaradılmaqda olan qüvvənin yarısını SDQ veteranları təşkil edəcək.
SDQ ABŞ koalisiyasının hava zərbələrinin, hərbi müşavirlərinin və silahlarının dəstəyi ilə İŞİD-i Suriyanın şimalında və şərqindəki böyük ərazilərdən çıxarıb.
Bu ərazi şimalda Türkiyə, şərqdə İraq və qərbdə isə Suriya hökumət qoşunları ilə həmsərhəddir.