Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

‘Onları döyüşə hazırlayan olmamışdı’. Müharibədən imtina edən əsgərlər


Mariupolda Rusiya əsgəri
Mariupolda Rusiya əsgəri

İntizamsızlıqdan məyus olmuş əsgər arvadına ordudan getmək, kontrakt müddəti bitəndən sonra mülki həyata qayıtmaq planından söz açıbmış

19 yaşlı müqaviləli əsgər İqor İvkin martın 8-də Ukraynada öldürülüb. Onun həyat yoldaşı AzadlıqRadiosu-nun North.Realities portalına ərinin ölümündən öncə orduyla bağlı keçirdiyi məyusluqdan danışıb.

Pskov şəhərindən olan İvkin 2021-ci il dekabrın sonunda Ukrayna sərhədinə göndərilib. Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə artıq sərhədə qoşun cəmlənirdi.

“Orduda xidmət etməsən, kişi deyilsən”

Fevralın 7-də onun 23 yaşlı həyat yoldaşı Yuliya İvkina qızları Kseniyanı dünyaya gətirir. İvkinə qızıyla görüşmək üçün dörd günlük məzuniyyət verilir.

“Xoşbəxtlik dörd gün çəkdi. O, gözəl ata olacaqdı. Mənə gecələr istirahət verirdi, özü qızı yelləyirdi, bezini dəyişirdi. Mənə ‘kraliça’, qızına isə ‘şahzadə’ deyirdi”, – Yuliya danışır.

Martın 30-da Pskov yaxınlığındakı Vorontsovo kəndində dəfn edilmiş İvkin Ukraynada öldürülmüş minlərlə rusiyalı əsgərdən biridir. Putinin fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibədə itki sayını xeyli az göstərir.

“Axırıncı dəfə zəng edəndə orada vəziyyətin necə qorxunc olmasından, əsgər yoldaşlarının ölümündən danışırdı…. Dəqiq neçə nəfərin öldüyünü bilmirəm. Amma daim atəş altında idilər… O, sağ qalmaq üçün hər şeyi edəcəyini deyirdi. Əsas məsələ evə qayıtmaq idi”, – Yuliya deyib.

Qadının sözlərinə görə, İvkin inanırmış ki, “orduda xidmət etməsən, kişi deyilsən”. Ona görə də orduya gedib, peşəkar müqavilə imzalayıb. O həm də pul yığmaq, əmlak sahibi olmaq istəyib.

Məyusluq

Ancaq həyat yoldaşı onun tezliklə məyus olduğunu söyləyir. Özəlliklə də Sankt Peterburq şəhəri yaxınlığındakı Luqada 25-ci briqadaya göndəriləndən sonra.

“İqor bundan heç xoşlanmadı. Avadanlıq köhnə, qırıq idi. Onları müharibəyə hazırlayan olmamışdı”, – Yuliya danışır.

İntizamsızlıqdan məyus olmuş əsgər arvadına ordudan getmək, kontrakt müddəti bitəndən sonra mülki həyata qayıtmaq planından söz açıbmış.

“O həftəsonları Pskova gələndə bir-birimizi görürdük. Evə gələndə çoxlu söyürdü, orada hər şeydən yorulduğunu deyirdi”, – Yuliya deyib.

İvkin yetərincə yeməyin olmamasından, bölmədə hər kəsin içməyi sevdiyindən, çoxunun narkotikdən istifadə etməsindən danışıbmış.

Hazırda Rusiya Ukraynanın şərqinə yeni hücuma hazırlaşır. Ukrayna və Qərb rəsmiləri bu hücumun daha intensiv olacağı haqda xəbərdarlıq səsləndirirlər.

Rusiyanın itkilərinə gəlincə, Ukrayna qarşı tərəfin 20 mindən çox itki verdiyini iddia edir. Rusiya isə indiyədək bir dəfə rəqəm açıqlayıb – 1351 əsgərinin öldürüldüyünü bildirib.

20-40 faiz

Bu arada Rusiyanın “xüsusi hərbi əməliyyat” dediyi müharibəyə getməkdən imtina edən əsgərlərin sayının artması xəbərləri gəlir. Bir hesablamaya görə, Ukraynadan bu yaxınlardan çıxarılmış qüvvələrin 40 faizə qədəri geri qayıtmaqdan imtina edir.

Uzaq Şərqdəki Amur vilayətində xidmət çəkən Pavel adlı əsgərin müharibədə 40 gün savaşdığı, yenidən qruplaşmaq üçün Rusiyaya göndəriləndən sonra Ukraynaya qayıtmaqdan imtina etdiyi deyilir. Bu haqda AzadlıqRadiosu-na onun anası Yelena danışıb.

“Agora” hüquqi yardım QHT-nin təsisçisi Pavel Çikov Telegram-da yazıb ki, azı yeddi vilayətdə mindən çox hərbi heyət və Milli Qvardiya əsgəri Ukraynaya getməkdən imtina edib.

Rusiya ordusu barədə açıq mənbəli informasiyanın monitorinqini aparan “Conflict Intelligence Team” QHT-nin təsisçisi Ruslan Leviyev isə “Current Time”a deyib ki, real rəqəm xeyli böyük ola bilər. Onun sözlərinə görə, bu imtinalar Rusiyanın yenidən qruplaşmaq və Ukraynanın şərqində hərbi əməliyyatı yeniləmək cəhdlərinə ciddi ziyan vura bilər.

“İmtina fenomeni sistematik hal alır. Ukraynadan qayıtmış hər bir bölmədə belə əsgərlər tapılır. Hesablamalarımıza görə, Ukraynadan qayıtmış və geri göndərilmək üçün hazırlanan müqaviləli hərbçilərin 20-40 faizi döyüşə qayıtmaqdan imtina edir”, – Leviyev bildirib.

İşğala “müharibə” deyilmirsə...

Onun sözlərinə görə, bu əsgərlər fərari sayılmasalar da, əmrə tabe olmadıqlarına görə hüquqi addımlarla üzləşə bilərlər. Amma prokurorlar da əmrin qanuni olduğunu, bundan imtinanın orduya “ciddi ziyan” vurduğunu göstərməlidirlər.

“İndiyədək onları mühakimə olunmaqla, hərbi prokurorluqla hədələyiblər. Amma mühakimə edilən olmayıb”, – o deyir.

Hüquqşünasların fikrincə, hökumətin Ukraynanın işğalını “müharibə” adlandırmaması narazı hərbçiləri imtinaya görə ağır fəsadlardan qoruya bilər.

“Vətəndaşların xarici müharibəyə gedərək adamları öldürməkdən imtina etmək haqqı var. Onların həmçinin ‘xüsusi hərbi əməliyyat’da iştirak etməmək hüququ var. ‘Xüsusi hərbi əməliyyat’lara yalnız belə əməliyyatlar üçün təlim görmüş xüsusi qüvvələr göndərilir”, – “Agora”nın hüquqşünası Mixail Benyaş bildirir.

Hüquqşünas Maksim Qrebenyuk isə Telegram-da yazıb ki, Ukraynada vuruşmaqdan imtina etdiyinə görə, naməlum sayda əsgər hərbi xidmətdən buraxılıb.

Qrebenyuk Ukraynada xidmətdən imtina etdiyi bildirilən bir əsgərin hərbi biletinə vurulmuş möhürün fotosunu da paylaşıb. “Dövlətə xəyanətə, yalana, aldatmağa meyllidir”, – rəsmi təsir bağışlayan möhürdə yazılıb. Daha sonra əsgərin Ukrayna ərazisində “xüsusi hərbi əməliyyatda” iştirakdan imtina etdiyi yazılıb. Belə bir möhür isə hərbçinin iş tapmasını, yaxud ali təhsil almasını çətinləşdirə bilər.

XS
SM
MD
LG