Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:46

'Rusiya ilə hava sərhədlərinin açılması tələsik qərardır'


Moskvada Şeremetyevo Beynəlxalq Hava Limanı
Moskvada Şeremetyevo Beynəlxalq Hava Limanı

"Rusiya ilə hava sərhədlərinin açılması tələsik qərardır", - tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl hökumətin son günlər doqquz ölkənin vətəndaşlarının Azərbaycana hava yolu ilə gəlməsinə icazə verməsindən danışarkən belə deyir.

Azərbaycan iyunun 21-dən daha yeddi ölkənin vətəndaşlarına qapısını açır. Bunlar ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərin vətəndaşlarıdır. İyunun 10-dan isə Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə ölkəyə gələ bilirdilər.

Nazirlər Kabineti yanında Operativ Qərargah bu qərarın verilməsini vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşması ilə izah edir.

Amma məsələ ondadır ki, bu ölkələrin bəzilərində koronavirusun Hindistan ştammı aşkarlanıb, Rusiyada isə yoluxmaların sayı artıb və bəzi şəhərlərdə hətta karantin rejimi sərtləşdirilib.

M.İbrahimqızı
M.İbrahimqızı

"Düşünmürəm ki, hökumət bu məsələdə ehtiyatsızlıq edə bilər"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a bildirir ki, koronavirus meydana çıxan ilk gündən Azərbaycan hökuməti məsələyə çox böyük həssaslıqla yanaşır: "Bəzi hallarda isə hətta normadan artıq ehtiyat tədbirləri görür. Hökumətimiz, xüsusi olaraq koronavirusla mübarizə aparan Operativ Qərargah hər ötən günü təhlil edir və nəticələrini dəyərləndirir".

Deputat hesab edir ki, bu mənada Nazirlər Kabinetinin doqquz ölkə vətəndaşlarının gəlişinə icazə verməsi bütün ehtiyat tədbirlərdən sonra verilən qərardır: "Azərbaycana gələn həm bu yeddi ölkənin vətəndaşı, həm də başqa ölkələrdən qayıdan bizim vətəndaşlarımız uçuşdan əvvəl 48 saat ərzində PSR-test verməli, vaksinasiyadan keçməlidir. Ona görə də düşünmürəm ki, hökumət bu məsələdə hər hansı ehtiyatsızlıq edə bilər".

V.İsmayıl
V.İsmayıl

"Tələsik qərardır"

Amma tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikrincə, Rusiya vətəndaşlarına hava yolu ilə Azərbaycana səyahət etməyə icazə verilməsi tələsik qəbul edilmiş qərardır. O, bir qədər öncə Rusiyanın bir çox şəhərlərində, paytaxt Moskvada hökumətin məhdudiyyətlər tətbiq etdiyini və hətta həftəsonu küçəyə çıxmaq qadağası haqda düşündüklərini deyir: "Rusiyada gündəlik yoluxma rəsmi hesabla 14-15 min ətrafındadır və Rusiyada koronavirusdan ölən şəxslərin üçdə biri Hindistan ştammından vəfat edir".

Həkimin sözlərinə görə, mütəxəssislər koronavirusun Hindistan ştammına qarşı peyvəndlərin çoxunun effektiv olmaması qənaətindədirlər: "Ona görə də Rusiya ilə hava sərhədlərinin açılması tələsik qərar idi".

V.İsmayıl yerdə qalan səkkiz ölkədə, xüsusilə Avropada vəziyyətin nəzarət altına alındığını qeyd edir: "O cəhətdən də ciddi risk olacağını düşünmürəm".

A.Qeybulla
A.Qeybulla

"Həmişə ehtiyatlı olmalıyıq"

Tibbi elmləri doktoru, professor Adil Qeybulla da AzadlıqRadiosuna bildirir ki, hava yolu ilə sərhədlərin qismən açılması epidemioloji vəziyyətin müəyyən gərginləşməsinə şərait yarada bilər: "Mutasiya davam edir, yeni ştammlar əmələ gəlir və bu gün ən qorxulu ştamm ikiqat mutasiyaya uğramış, Hindistanda əmələ gələn "Delta" ştammı çox təhlükəlidir. Onun əlamətləri əvvəlkindən fərqlənir, onda mədə-bağırsaq pozuntuları daha çox üstünlük təşkil edir və yayılması dünya alimlərini xeyli narahat edir".

Professorun sözlərinə görə, bəzi alimlər hesab edirlər ki, yeni ştammın yayılması nəinki dördüncü dalğaya səbəb ola bilər, hətta yeni pandemiyanın başlanğıcına təkan verə bilər: "Bu baxımdan narahatlıq həmişə var. Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı epidemioloji vəziyyəti nəzərə alaraq pandemiyanın bitməsini elan etməyib, biz həmişə ehtiyatlı olmalıyıq. Epidemioloji vəziyyət pisləşsə, karantin yenidən sərtləşdirilə bilər".

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Azərbaycanda hökumət COVID-19-a yoluxmanın nəzarət altına alındığını bildirir. Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 16-da yaydığı məlumatda son sutkada 27 yoluxma, bir ölüm faktının qeydə alındığı bildirilir.

Hökumət mayın 31-dən yumşalmalara gedir, iri ticarət mərkəzləri, idman və sağlamlıq mərkəzləri, ibadət yerləri, metropoliten, şəhərlərarası nəqliyyat açılıb.

Bəzi tənqidçilər hökumətin ölkədə keçirilən beynəlxalq idman oyunlarına və turist sayının artmasına görə rəqəmləri azaltdığını iddia edirlər.

XS
SM
MD
LG