Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Rusiyada təyyarələrin gah tualet sistemi xarab olur, gah da...


Arxiv fotosu
Arxiv fotosu

Yanvarın 9-da Rusiyanın “S7” aviaşirkətinin istifadəsində olan dörd il bundan öncə istehsal edilmiş “Airbus A320” təyyarəsi Bratsk şəhərindən Moskvaya uçarkən yolda tualet sistemi xarab olub. Təyyarə Kazan şəhərinə planlaşdırılmamış eniş edib.

Bundan dörd gün öncə isə “Red Wings” hava yollarının Kazandan Yekaterinburqa uçan təyyarəsi geriyə, Kazana dönməli olub. Onun da eniş sistemində problem yaranıbmış.

Daha iki ay öncə Primorye regionunun yüksək rütbəli nəqliyyat rəsmisi Moskvadakı Uzaq Şərq və Arktikanın inkişafı nazirliyinə məktub göndərib. “Bizə yeni sərnişin təyyarələri lazımdır. Çünki əlimizdə olan təyyarələr bu ildən sonra uça bilməyəcək”, – məktubda deyilirdi.

RBK kanalının əldə etdiyi bu məktubda səbəb də göstərilir: təyyarənin Kanadada istehsal olunan “Pratt & Whitney” motorları Qərbin sanksiyaları səbəbindən təmir oluna bilmir.

İlin əvvəlindən azı yeddi insident

Rusiya mediasının məlumatına görə, 2023-cü ilin əvvəlindən bəri Rusiya hava şirkətləri uçuşların pozulduğu, təxirə salındığı, yaxud ləğv edildiyi azı yeddi insidentlə üzləşiblər. Bunlardan bir neçəsinin insan səhvi ucbatından baş verdiyi deyilsə də, qalanı mexaniki problemlər idi.

II Dünya müharibəsindən bəri Avropada ən iri yerüstü müharibəsi – Rusiyanın Ukraynada apardığı savaşın davam etdiyi bir ilə yaxın müddətdə Rusiyanın idxaldan asılı aviasiya sənayesindəki çatlar görünməyə başlayıb. Rusiya hava şirkətləri Qərb sanksiyalarının təsirlərindən əziyyət çəkirlər. Onsuz da bərbad durumda olan aviasiya sənayesi artıq Qərbdən ehtiyat hissələrini də ala bilmir.

“Kommersant” qəzeti yazır ki, Rusiyanın azı doqquz hava şirkəti 2022-ci ildə uçuşlarını dayandırıb. Ölkədə hava nəqliyyatını tənzimləyən “Rosaviatsiya” onlardan dördünün uçuş sertifikatını əlindən alıb.

Təyyarə arsenalı daralsa da...

Mütəxəssislər deyirlər ki, Rusiyanın hava yolları təyyarə arsenallarını ayaqda saxlamaq üçün aylarla "kannibalizasiya” üsuluna (hissələrə ayırma) əl atıblar. Rusiya şirkətlərinin istifadəsində olan təyyarələr arasında Kanadanın DHC-6 turbo propellerli təyyarələrdən tutmuş “Boeing” və “Airbus”lara və Rusiyanın özünün “Tupolev” və “İrkut”larınadək hər cür təyyarə var.

Noyabrda “Baza” adlı “Telegram” kanalı “Aeroflot”un 25 təyyarəni hissələrinə ayırdığını, daha 18 təyyarəninsə təmirdə olduğunu yazmışdı. Dekabrda Rusiya hökuməti kannibalizasiya praktikasını leqallaşdırıb.

"'Kannibalizasiya'dan artıq uzun zamandan bəri, ancaq geniş miqyasda deyil, məcburi tədbir kimi istifadə olunur. Bizim vəziyyətimizdə isə bu, çatışmayan hissələri yerinə qoymaq üçün yeganə yola çevrilir. Bu praktikanın açıq-aşkar mənfi tərəfi onun təyyarə arsenalını daraltmasıdır. Heç kəs inkar edə bilməz ki, kannibalizasiya ehtiyat hissə çatışmazlığı problemini yalnız müəyyən dövr üçün həll edir", – “RunAvia” uçuş təhlükəsizliyi şirkətinin təsisçisi Andrey Patrakov AzadlıqRadiosunun “Sibir.Realii” xidmətinə deyib.

Təyyarələr geri alınıb

“Telegram”da çox oxunan aviasiya kanallarından biri dekabrda dövlətə məxsus təyyarə istehsalçısının SueperJet 100 təyyarələrində istifadə edilən çirkli yanacaq filtrlərini əyləc mayesi ilə təmizləməyi məsləhət gördüyünü yazıb. Normal halda isə bu filtrlər yeniləri ilə əvəz olunmalıdır.

Noyabrda Yakutiya Hava Yolları donanmasındakı dörd “SuperJet 100” təyyarəsindən ikisinin hissələrini o qədər kanniballaşdırıb ki, dövlət lizinq şirkəti bu təyyarələri ondan geri alıb.

Rusiyanın Ukraynaya hücum etdiyi 24 fevraldan çox keçməmiş ölkənin Nəqliyyat Nazirliyi yerli hava nəqliyyatının 8 illik inkişaf planını açıqladı. Planda ehtiyat hissələri və təmir avadanlığının əldə edilməsinin “yüksək prioritet” olduğu deyilir.

Çarəsizlik

Mayda hökumət hava şirkətlərinin işlətdikləri təyyarələrin ehtiyat hissələrindən istifadə imkanlarını genişləndirən yeni qaydalar çıxardı. Daha öncə şirkətlər ehtiyat hissələrdən yalnız Avropa, Kanada və Amerika qurumlarının verdiyi sənədlərə əsasən istifadə edə bilərdilər.

İyulda Rusiya İrandan ehtiyat hissələri alınması ilə bağlı anlaşma memorandumu imzalayıb. İranın özü illərdir Qərb sanksiyalarından əziyyət çəkir.

“İzvestiya” qəzeti yazır ki, hökumətin kannibalizasiyanı rəsmən leqallaşdırmasından öncə də bu praktika geniş yayılmışdı.

Patrakovun sözlərinə görə, hökumətin bu məsələ ilə bağlı çox sayda qərar çıxarması “çarəsizliyin” göstəricisidir. Belə ki, daha öncə üçüncü tərəfin verdiyi sənəd əsasında orijinal ehtiyat hissələrin istifadəsinə icazə verilirdisə, indi yenə üçüncü tərəflərin, o cümlədən İranın verdiyi sənədlər əsasında, üstəlik orijinal olmayan hissələrdən yararlanmağa icazə var. O, hökumətin bu addımı çarəsizlikdən atdığını deyir.

Uçmayan təyyarələrdən götürülən hissələr

Aviasiya sahəsində ixtisaslaşan avia.ru bülleteninin baş redaktoru Roman Qusarov deyir ki, kannibalizasiya dünyanın hər yerində aviaşirkətlər arasında geniş yayılmış praktikadır.

"Dünyadakı bütün hava şirkətləri bəzi təyyarələri yenidən qurmaq üçün başqa təyyarələrin ehtiyat hissələrini çıxarmaqla məşğuldurlar. …Yeni bir şey baş vermir. …Bu, təyyarəni sökmək üçün kart blanş deyil, əlinizdəki aktivləri idarə etmək alətidir. Çatışmayan hissələr hələlik, uçmayan təyyarədən çıxarılıb götürülə bilər”, – o söyləyir.

Ancaq ticarət naziri Denis Manturov bildirir ki, hökumət qurumları təyyarələrin ehtiyat hissələrindən ötrü “total kannibalizasiyaya” məruz qalmasından yayınmağa çalışırlar.

Lokdaunun xeyri

Rusiyanın ərazisinin nəhəngliyini nəzərə alsaq, hava nəqliyyatı iqtisadi və praktik baxımdan şəhərlər və regionlar arasında uzaq məsafələrə yeganə sərfəli hərəkət forması olaraq qalır.

Ölkədə geniş dəmir yolları şəbəkəsi var. Ancaq, məsələn, İrkutskdan iş səfəri üçün Moskvaya dörd gün qatarla gəlmək bir çoxlarına real görünmür.

Primorye regionunun nəqliyyat nazirinin müavini Yevgeni Timonov RBK-ya deyib ki, regional daşıyıcı ilə bağlı problemlər artıq uçuşların sayının yarıya endirilməsi ilə nəticələnib.

O bildirib ki, əvvəllər “Avrora” hava yollarının getdiyi ucqar yaşayış məntəqələrinə yetişmək üçün indi “Mi-8” helikopterləri cəlb olunacaq.

"Rusiya aviasiya sənayesinin müəyyən qədər bəxti gətirib. 2022-ci ilədək donanmada böyük qalıq yaranıb", – Moskva Ali İqtisadiyyat Məktəbinin Nəqliyyat İqtisadiyyatı və Nəqliyyat Siyasəti İnstitutunun eksperti Andrey Kramarenko söyləyir. Onun sözlərinə görə, bu Covid-19 pandemiyasının doğurduğu lokdaunlarla bağlıdır. Lokdaunlar hava trafikini və deməli, təyyarə və ehtiyat hissələrinin işlənib sıradan çıxmasını kəskin azaldıb.

Saxta ehtiyat hissələri

Ancaq Kramarenki həm də bildirib ki, Rusiya hava donanmasının ayaqda tutulması işində əsas problemlərdən biri saxta ehtiyat hissələrindən istifadə təhlükəsidir.

"…Təsdiqlənə bilən tarixçəsi olan ehtiyat hissələrindən istifadə edildikdə bu, problem deyil. Biz Boliviya, Uqanda, yaxud Myanmada, haradasa bir təyyarəni götürüb sökürük, lazım olan hissələri çıxarıb qablaşdırırıq və çatdırırıq. Ancaq təyyarə istehsalçısının heç vaxt haqqında eşitmədiyi və təsdiqləmədiyi, Tehran yaxınlığında hansısa sexdə düzəldilmiş ehtiyat hissələri gələndə texniki risklər meydana çıxa bilər”, – o vurğulayır.

Patrakov diqqəti restoran industriyası və “McDonalds” misalına çəkir. “McDonalds” Qərbin sanksiya elanından sonra Rusiya bazarından gedən Qərb fastfud şəbəkələrindən biridir.

"McDonalds restoranları Rusiyada frənçayzinq modeli ilə işləyəndə hər şey yaxşı idi. Ancaq idarəçilik rusiyalı sahiblərin əlinə keçəndən sonra hər şey başdan-ayağa dəyişdi. Tualetə gedirsən – kifayət qədər sabun yoxdur, döşəmə çirklidir. Əlbəttə, bu əvvəllər də olurdu, ancaq daha az-az. Yaxşı, problem nədir? İnsanlar da həminkidir, avadanlıq da, qəhvə maşınları da. Hətta standartlar da əvvəlki kimi görünür… Bəs nə dəyişib?”, – o deyir.

XS
SM
MD
LG