Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:21

Səfərbər olunanlar spermalarını pulsuz dondura biləcəklər


Xarkov vilayətində vurulmuş Rusiya tankı
Xarkov vilayətində vurulmuş Rusiya tankı

Ukraynadakı müharibəyə göndərilmək üçün səfərbər edilən rusiyalı kişilər spermalarını pulsuz dondurub saxlamaq imkanı əldə edəcəklər. Bu haqda “Rusiya vəkillər birliyi”nin prezidenti İqor Trunov məlumat verib.

O, Baş nazir Mixail Mişustinə müraciət edərək səfərbərliyə cəlb olunanlar üçün pulsuz genetik material kriobank yaradılmasını, həmçinin icbari tibbi sığorta sisteminə dəyişikliklər olunmasını istəyib. Belə ki, Ukraynadakı müharibəyə cəlb olunanların ailələrinin sonsuzluqdan müalicəsi üçün pulsuz kvota ayrılmasını təklif edib.

Trunov müraciətinə cavab verildiyini qeyd edib. Cavabda deyilir ki, Rusiya Səhiyyə Nazirliyi 2022-2024-cü illərdə səfərbərliyə cəlb olunan vətəndaşların spermalarının konservasiyası və qorunmasından ötrü federal büdcədən maliyyə ayırılmasının mümkün olduğunu müəyyənləşdirib.

Köməkçi reproduktiv texnologiyalarda konservasiya olunmuş genetik materialdan pulsuz istifadənin isə icbari tibbi sığorta çərçivəsində, qanunvericiliklə tənzimləndiyi bildirilir. Trunov deyib ki, onun təşkilatı ərləri səfərbər olunmuş bir neçə cütlüyə oxşar tibbi yardımın göstərilməsindən ötrü müraciət etməyi planlaşdırır.

Səhiyyə Nazirliyi bu məlumatı şərh etməyib.

Rusiyada səfərbər olunanlar, könüllülər və Ukraynadakı müharibənin digər iştirakçılarına müxtəlif imtiyazlar nəzərdə tutulur. Məsələn, onlara münasibətdə məhkəmə icraatı dayandırılıb, kredit tətilləri verilib.

Rusiyada səfərbər olunan 300 min nəfərdən 87 mininin Ukraynada döyüş zonasına göndərildiyi bildirilir. BBC və “Mediazona”nın jurnalistləri açıq mənbələr əsasında Ukraynadakı müharibədə 10 mindən çox rusiyalı hərbçinin, o cümlədən səfərbər edilən 430 nəfərin öldüyünü təsdiqlədib.

Cəbhədən qayıdanlar geri qaytarılıb

Moskva vilayətinin Podolsk şəhərində Ukraynanın Luqansk vilayətindən əlində silah qayıdan bir qrup şəxsin saxlandığı bildirilir. Bu haqda AzadlıqRadiosunun rus xidməti “Svoboda” Baza və Mash Telegram kanallarına istinadla xəbər yayıb.

Medianın məlumatına görə, 20-44 yaşlarında 8 əsgər avtomat və pulemyotlarla polis şöbəsinə girərək döyüşməkdən imtina etdiklərini, silahı təhvil vermək istədiklərini deyiblər. Jurnalistlər sonradan öyrəniblər ki, həmin şəxslər Kalininqrad vilayətində səfərbərliyə cəlb olunaraq qısa təlimdən sonra Luqanska, ön cəbhəyə göndəriliblər. Orada isə özbaşına döyüş zonasını tərk edərək avtostopla Moskva vilayətinə gəlib çıxıblar.

Polis əməkdaşlarının şöbəyə hərbçiləri çağırdığı, sözügedən şəxslərin yenidən hərbi hissələrdən birinə göndərildiyi xəbər verilir.

Pensiyaçı cütlüyün hərbi komissarlığa hücumu

Podolskdan gələn digər xəbərdə pensiyaçı cütlüyün hərbi komissarlığı yandırmağa cəhd göstərdiyi deyilir.

“Podyom” Telegram kanalının yaydığı xəbərə görə, 70 yaşlı kişi bir kanistr benzinlə komissarlığa yaxınlaşıb, əskini isladaraq yandırıb və onu pəncərəyə qoyub. Onun 76 yaşlı həyat yoldaşı isə baş verənləri lentə alıb.

Pensiyaçıların dərhal saxlandığı, yanğının söndürüldüyü, heç kəsin xəsarət almadığı bildirilir.

Rusiyada səfərbərlik elan ediləndən bir sıra şəhərlərdə hərbi komissarlıqlara hücumlar olub.

Baş Qərargah bəyan edib ki, hərbi komissarlıqların yandırılması terakt sayılacaq, 15 ilədək azadlıqdan məhrumetməylə cəzalandırılacaq

Döyüşdən imtinaya görə azadlıqdan məhrumetmə cəzası

Kamçatkada 35-ci hərbi qarnizon məhkəməsi Ukraynada döyüşməkdən imtina edən hərbi qulluqçu Aleksey Breusovu cəzasını məntəqə tipli müəssisədə çəkməklə 1 il 8 aylığa azadlıqdan məhrum edib. Bu haqda “Kam-24” portalı məhkəmənin qərarına istinadla xəbər verib.

Petropavlovsk-Kamçatski şəhərinin sakini hərbi, yaxud döyüş əməliyyatlarda iştirakdan imtinaya görə cinayət məsuliyyəti nəzərdə tutan maddəylə cəzalandırılıb. Məhkəmənin qərarında deyilir ki, hərbi qulluqçu oktyabrın 6-da Petropavlovsk-Kamçatsk qarnizonun hərbi-istintaq şöbəsinə aparılıb. O isə ölkədə səfərbərlik elan olunmasına baxmayaraq, döyüş zonasına getməkdən imtina edib.

Məhkəmə hərbçinin Rusiya Silahlı Qüvvələrinin nizamnaməsini, eləcə də Rusiya ordusunun “intizam normalarını” pozduğunu bildirir. Söhbətin peşəkar hərbçidən, yaxud səfərbərliyə cəlb olunan vətəndaşdan getdiyi dəqiqləşdirilmir. Breusovun vəkili dekabrın 26-da Sakit okean donanma məhkəməsinə apelyasiya şikayəti verib.

Səfərbərlik necə icra olunub

Prezident Vladimir Putin sentyabrın 21-də Ukraynadakı müharibəyə görə səfərbərlik elan edib. Müdafiə Nazirliyi 300 minədək insanın səfərbər olunacağını desə də, media bu niyyətin milyon nəfərə çatdığını yazıb. Səfərbər edilənlər cəbhəyə göndəriləndən sonra döyüşdən imtina hallarının olduğu xəbər verilib. Ancaq imtina edənlər zirzəmilərə atılıb, onları digər əsgərlər, komandirləri döyüb. Hazırda səfərbərlik çağırışları dayansa da, fərman hələ də qüvvədədir.

Dekabrın 21-də Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin sayını 1.5 milyon nəfərə çatdırmağı təklif edib. Bu o deməkdir ki, orduya daha 350 min nəfər cəlb oluna bilər. Şoyqunun sözlərinə görə, bu, “Rusiya Federasiyasının hərbi təhlükəsizliyinin təminatı üzrə tapşırıqların zəmanətli icrasından ötrü” vacibdir. Nazir həmçinin orduya çağırış yaşının 18-dən 21-ə, çağırışa son yaş həddinin isə 27-dən 30-a qaldırılmasını təklif edib.

Rusiyanın Ukraynada apardığı müharibə artıq 11-ci aya keçib. Hər iki tərəf itki versə də, dəqiq say açıqlanmır.

XS
SM
MD
LG