Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Rusiya ilə işlənəcəyi gözlənən yataqlarda nə var, nə yox...


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın «LUKOIL» şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb. Görüşdə Azərbaycanın «Naxçıvan», «Qoşadaş» yataqlarının «LUKOIL» şirkəti ilə birgə işlənilməsi barədə müzakirələr olub və qərar qəbul edilib.

Azərbaycanın neft-qaz yataqlarının Rusiya ilə birgə işlənilməsi ölkədə heç də birmənalı qarşılanmayıb.

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, Rusiyanın «LUKOIL» şirkəti ilə belə qərar alınması arzuedilən deyil. İqtisadçı vurğulayıb ki, Rusiya Ukraynanın Krım vilayətini işğal etdiyinə görə dünyanın bir sıra ölkələrinin sanksiyası altındadır.

«Azərbaycandan daha çox Rusiya maraqlıdır»

N.Əliyevin əlavə etməsinə görə, burada bir qədər təsəlli verən cəhət odur ki, adıçəkilən yataqlarda nə qədər neft, qaz ehtiyatı olub-olmaması məlum deyil: «Fikrimcə, bu qərarın alınmasında Azərbaycandan daha çox Rusiya maraqlıdır. Bu dövlət hər tərəfdən sıxışdırılır, hansısa bir formada əlaqələri genişləndirməkdə maraqlıdır. Ona görə, bu qərar daha çox Rusiyanın maraqlarına uyğun gəlir».

N.Əliyev hesab edir ki, hələlik, ortada qərar var, layihə yoxdur:

«Gəlirlər necə bölünəcək...»

«Odur ki, konkret nəticələr nədən ibarət olacaq, paylar məsələsində hansı şərtlər olacaq, gəlirlər necə bölünəcək, bu, qərar kontrakta çevrildikdə məlum olacaq. Amma bu qərarın özü Azərbaycan üçün təhdidlər yarada bilər. Bir sözlə, arzuedilən hal deyil və kaş ki, bu qərar olmasaydı...».

İ.Şaban
İ.Şaban

«Bu, kommersiya layihəsidir»

«Neft» Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, bu yataqlarda kimin işləməsinin əhəmiyyəti yoxdur, çünki bu sırf kommersiya layihəsidir: «İndi Azərbaycanda Qərb neft şirkətlərindən tutmuş, İran neft şirkətinə qədər qurumlar çalışır. İndiyə kimi hər hansı ölkənin təsiri hiss edilməyib, sadəcə, pul qoyub, pul götürürlər».

««Rosneft» şirkətinə təklif olunmuşdu»

İ.Şaban deyib ki, Abşeronun şimalında yerləşən «Qoşadaş» neft yatağı bundan öncə «Rosneft» şirkətinə təklif olunmuşdu:


«Bir ilə yaxın tədqiqat apardıqdan sonra fikirlərindən vaz keçdilər. Ümumiyyətlə isə, «Qoşadaş» mürəkkəb xarakterli yataqdır. İndi «LUKOIL»un ona maraq göstərməsi müsbət haldır. «LUKOIL»un dənizdə neft təcrübəsi var. Xəzərin Rusiya hissəsində «LUKOIL» 7 milyon tondan artıq neft hasil edib. 2015-ci ildən etibarən bir hissəsini də Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəql edir».

İ.Şabana görə, «Naxçıvan» yatağının adının çəkilməsi də çox maraqlıdır. O əlavə edib ki, bu, Xəzərin dərinsulu hissəsindədir.

İ.Şaban vurğulayıb ki, 2000-ci illərin əvvəlində orada kəşfiyyat işi aparılıb: «Amma kommersiya ehtiyatları tapılmamışdı. Təqribən 20 ildən sonra bu yataqda nəsə tapılsa, ölkə üçün böyük töhfə olar».

F.Mustafa
F.Mustafa

«Sabah Amerikadan, Böyük Britaniyadan...»

V çağırış Milli Məclisin üzvü Fazil Mustafa da deyib ki, Azərbaycan neft məsələsinə biznes layihəsi kimi baxır və bu istiqamətdə əlverişli təklif haradan gəlirsə, o dəyərləndirilir. F.Mustafa vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ticarət əməkdaşlığının miqyası çox böyükdür, neft sənayesi sahəsində əməkdaşlığın olması da labüddür: «Buna strateji nöqteyi-nəzərdən, təhlükəsizlik prizmasından yox, biznes prizmasından baxılmalıdır. Təklif Rusiyadan gəlirsə, niyə dəyərləndirilməməlidir? Sabah Amerikadan, Böyük Britaniyadan başqa təklif gələcəksə, ona da sırf əlverişlilik, iqtisadi rentabellilik baxımından yanaşacağıq. Çox güman ki, bu məsələdə ölkə prezidentinin yanaşması iqtisadi rentabellilik çərçivəsində olan yanaşmadır, ona görə də normal qarşılamaq lazımdır».

Xatırlatma

«Naxçıvan» yatağı Azərbaycanın Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400-600 metr dərinlikdə yerləşir.

«Naxçıvan» yatağı 1960-cı ildə aşkar edilib. 1994-cü ildən qazma işlərinə hazırlanıb. 1997-ci ildə «ExxonMobil» və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalayıblar. Lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəb göstərilərək sonradan dayandırılıb.

2010-cu ildə Almaniyanın «RWE Dea» neft şirkəti də bu yatağa maraq göstərmişdi.

«Qoşadaş» strukturu isə Abşeron yarımadasının şimal hissəsində, sahildən 15 kilometr aralıda yerləşir.

XS
SM
MD
LG