Kreml ümid edir ki, Rusiya jurnalistlərinin Türkiyədə saxlanması ilə bağlı insident tezliklə yoluna qoyulacaq.
TASS xəbər agentliyini yazdığına görə bunu prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov dekabrın 7-də deyib:
"Bizim diplomatlar Türkiyə tərəfi ilə əlaqə saxlayırlar. Biz bu insidentin dialoq vasitəsilə çözüləcəyini gözləyirik. Biz gözləyirik, ümid edirik ki, jurnalistlərimiz tezliklə sərbəst buraxılacaq”.
Peskov bu hadisənin Türkiyənin Rusiyaya qarşı qeyri-dost hərəkətinin olub-olmadığına dair suala şərh verməyib.
O bildirib ki, insidentin baş verdiyi şəraitə aydınlıq gətirilməlidir:
"Biz saxlanmış Rusiya jurnalistlərinin buraxılması üçün lazım olan bütün addımları atacağıq. Biz habelə bu saxlanmanın hansı şəraitdə və nə səbəbə baş verdiyini araşdırırıq”.
Akreditəsiz
Dekabrın 4-də Rusiya Xarici İşlər Nazirliyi iki Rusiya jurnalistinin İstanbulda saxlandığı barədə məlumat vermişdi.
Məlumatda deyilirdi ki, söhbət Rusiyanın NTV telekanalının müxbiri Aleksey Petruşko və operator İvan Malışkindən gedir.
Jurnalistlərlə son əlaqə dekabrın 3-də olmuşdu. O vaxt onlar naməlum şəxslər tərəfindən saxlandıqlarını və harasa aparıldıqlarını demişdilər.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS agentliyinə deyib ki, jurnalistləri Türkiyədə Pilotsuz Uçan Aparatlar üzrə ixtisaslaşmış şirkətin binası yaxınlığında saxlayıblar.
Bu da qeyd olunub ki, jurnalistlərin akkreditasiyası yox idi.
Türkiyədə Baykar Savunma şirkəti Bayraktar TB2 dronlarının istehsalı ilə məşğuldur.