Birləşmiş Ştatlar Rusiyanı kosmosda raket sınağı keçirməkdə ittiham edib.
Xəbər verilir ki, sınaq zamanı Rusiya öz peyklərindən birini raketlə vurub.
ABŞ bildirir ki, bunun nəticəsində yaranmış qəlpə və qırıntı topası hazırda orbitdə olan Beynəlxalq Kosmik Stansiya (BKS) və onun yeddi nəfərlik ekipajı üçün təhlükəli vəziyyət yaradıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 15-də deyib ki, Rusiya “məsuliyyətsiz bir tərzdə” özünün “dağıdıcı antipeyk raketini” sınaqdan çıxarıb:
"Bu sınaq nəticəsində 1500-dən çox radarla izlənə bilən orbital qırıntı və yüz minlərlə daha kiçik orbital qəlpə yaranıb və bu, indi bütün ölkələr üçün təhlükə təşkil edir”.
Bundan əvvəl ABŞ hərbiyyəsi bildirmişdi ki, “açıq kosmosda qəlpə yaradan hadisə araşdırılır”.
Bu da bildirilirdi ki, bu hadisənin ardınca BKS-dəki astronavt və kosmonavtlar mümkün evakuasiyaya hazırlaşıblar.
ABŞ hərbiyyəsinin bəyanatında deyilir:
"ABŞ Kosmik Komandanlığı açıq kosmosda qəlpə yaradan hadisədən xəbərdardır. Biz hazırda fəal şəkildə qırıntının yayıldığı fəzanı qiymətləndiririk və bütün kosmosa çıxan ölkələrin zəruri informasiya ilə təchizatına hazırlaşırıq ki, onlar lazım olarsa öz peyklərini manevr edə bilsinlər. Biz habelə bu xəbərlərlə bağlı Dövlət Departamenti və NASA ilə birgə işləyirik və yaxın gələcəkdə daha ətraflı məlumat verəcəyik”.
Hərə öz gəmisinə sığınıb
NASA hələki hadisəyə münasibət bildirməyib, lakin Rusiyanın Roskosmos agentliyi Twitter-də hadisənin təhlükəsi barədə xəbərlərin şişirdildiyini bildirib:
"Standart prosedura uyğun olaraq ekipajın kosmik gəmiyə keçməsinə səbəb olmuş obyekt BKS-in orbitindən kənara uçub. Stansiya hazırda yaşıl zonadadır”.
BKS-in komandiri Anton Şkaplerov da özünün Twitter postunda ictimaiyyəti sakitləşdirməyə çalışıb:
"Dostlar bizdən narahat olmayın. Hər şey normalıdır! Biz proqrama uyğun olaraq işimizi davam etdiririk”.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, NASA astronavtları Raca Çari, Tom Marşbörn, Kayla Barron və Avropa Kosmik Agentliyinin astronavtı Matias Morer təhlükəsizlikləri üçün özlərinin SpaceX Crew Dragon kosmik gəmisinə keçiblər.
Eyni zamanda Şkaplerov, digər rusiyalı kosmonavt Pyotr Dubrov və NASA astronavtı Mark Vande Hey də BKS-in Rusiya seqmentindəki Soyuz gəmisinə sığınıblar.
Crew Dragon və Soyuz kosmik gəmiləri fövqəladə vəziyyətdə ekipajı Yerə qaytara bilərlər.