Bloomberg yazır ki, Rusiya Venesuelaya nəqd dollar və avro şəklində 315 milyon dollar göndəribmiş.
Bloomberg jurnalistlərinin apardığı təhqiqat göstərib ki, bu pullar 2018-ci ilin mayı ilə 2019-cu ilin apreli arasında azı 6 əməliyyatın vasitəsilə Venesuelaya çatdırılıb.
Bu da bildirilir ki, nəqd dollarlar ABŞ sanksiyaları altında olan Venesuelaya beynəlxalq ticarət maneələrindən yan keçmək imkanı verib.
Bloomberg-in araşdırması ImportGenius sisteminin Rusiya gömrüyünə dair məlumatlarına əsaslanır. Bu beynəlxalq sistem ayrı-ayrı idxalçıların fəaliyyətini izləyir. Nəqd pullar Venesuelanın İnkişaf Bankına çatdırılırmış.
Jurnalistlər ehtimal edirlər ki, Venesuela bu pulları neft ixracından və ya özünün “qızıl ehtiyatının” satışından qazana bilərdi.
Təhqiqat nəticələrində deyilir ki, Venesuelaya nəqd pulların çatdırılması əməliyyatları 2018-ci ilin mayında başlanıb.
2018-ci ilin may və iyul ayında Rusiyadan Venesuelaya ümümi məbləği 55 milyon dollar olan iki tranş edilib.
Bloomberg pulların hansı valyutada olduğunu müəyyən edə bilməyib.
2019-cu ilin yanvarında Rusiyanın dövlət Gazprombank bankından aralarında bir-iki gün fasilə olmaqla 100 avroluqlarla 113 milyon avro və 50 milyon dollar nəqd pul daşınıb.
2019-cu ilin aprelində Moskvadan Venesuelaya nəqd şəklində daha 97 milyon dollar çatdırılıb.
Sanksiyaları qabaqlayaraq
Rusiya tərəfindən pulu göndərən Yevrofinans Mosnarbank bankı idi. 2019-cu ilin martınadək bu bank Gazprombankın mülkiyyətində olub.
2019-cu ilin 11 martında məlum olmuşdu ki, Venesuelanın PDVSA dövlət neft şirkəti ilə əlaqələrinə görə Yevrofinans Mosnarbank üzərinə ABŞ sanksiyaları qoyulub.
Venesuela tərəfindən pulu qəbul edən Banco de Desarrollo Economico y Social de Venezuela (Bandes) bankı idi. Bu bank da ABŞ-ın sanksiya siyahısındadır.
Məhz bu əməliyyatların şıdırğı vaxtında, 2019-cu ilin yanvarında Venesuela parlamentinin başçısı Juan Guaido özünü prezident əvəzi elan etmişdi.
ABŞ, Kanada və Qərb ölkələri Guaido-nun legitimliyini tanımışdılar.
Amma Rusiya, Türkiyə və Çin Nicolas Maduronu qanuni prezident saymaqda davam edirdilər.
Bundan sonra ABŞ Venesuelanın PDVSA dövlət neft şirkətinə sanksiyalar elan edib.
Kreml və Venesuelanın hakimiyyət orqanları bunun ardınca bir neçə görüş keçirmiş, sanksiyalardan yan keçmək yollarını müzakirə etmişdilər.
Buna görə Venesuela hökuməti 50-dək idxalçı şirkətə Rusiyada, Çində, Hindistanda və Türkiyədə bank hesabları açmağı və malları da bu ölkələrdə almağı əmr etmişdi.
Rusiya susur
Bloomberg bildirir ki, Yevrofinans Mosnarbank və Gazprombank nəqd pul əməliyyatları barədə şərh verməkdən boyun qaçırıblar.
Bandes və Venesuelanın Maliyyə Nazirliyi də şərh verməkdən imtina edib.
Lakin adının çəkilməsini istəməyən Venesuela rəsmisi Bloomberg-ə deyib ki, nəqd pullar Yevrofinans Mosnarbankdan gəlirdi.
Azı iki pul tranşının vaxtı Rusiya təyyarələrinin Karakasa uçuş vaxtlarına uyğun gəlir.
Həmin vaxt Venesuelada artıq ikihakimiyyətlilik yaranmışdı.
2019-cu ilin yanvarında Rusiyanın Nordwind aviaşirkətinin Boeing 777 təyyarəsi Karakas hava limanına enib. Venesuela hökuməti bu təyyarənin gəlişini inkar edir.
O vaxt Venesuela parlamentinin deputatı Jose Gerra demişdi ki, Maduronun nəzarətində olan Venesuela Mərkəzi Bankı bu təyyarə ilə 20 ton qızılı ölkədən çıxarmaq istəyir.
2019-cu ilin martında isə Karakasa 100-dək Rusiya hərbçisinin gətirildiyi xəbər verilmişdi. Onların “Rossiya” hava şirkətinin Il-62 və An-124 təyyarələrində gəlmişdilər və Rusiya ordusu quru qoşunları qərargahının rəisi Vasily Tonkoshkurovun başçılığı ilə 3, 5 tonluq yük gətirmişdilər.
Bu yükün nədən ibarət olduğunu Rusiya açıqlamırdı, hərbçilərin isə müşavir olduqları bildirilirdi.