Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 15:57

Rusiyada miqrantları müharibədə iştiraka belə məcbur edirlər


Yekaterinburqda polis tərəfindən saxlanmış miqrantlar
Yekaterinburqda polis tərəfindən saxlanmış miqrantlar

İnsan haqları fəalları deyirlər ki, Rusiyada Mərkəzi Asiyadan olan miqrantları Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edirlər.

Fəalların sözlərinə görə Rusiya bununla da Ukraynadakı müharibəsini davam etdirə bilmək üçün səfərbər ehtiyatını artırmağa çalışır.

Onlar deyirlər ki, Mərkəzi Asiyada doğulmuş Rusiya vətəndaşları və ya Rusiya vətəndaşlığı olmayanlar Moskvanın səfərbər toplamaq səylərində mühüm hədəfə çevriliblər.

Qırğızıstan və Tacikistan Rusiyadakı vətəndaşlarına xaricdə keçirilən hər hansı hərbi əməliyyatlarda iştirak etməmək barədə xəbərdarlıq ediblər.

Bu ölkələrin konstitusiyaları belə hərbi fəaliyyəti cinayət əməli hesab edir.

7X7 teleqram kanalına danışan insan haqları fəalı Tatyana Kotlyar deyib ki, bu yaxınlarda Tacikistandan olan bir nəfər də daxil 5 miqrant Rusiya Daxili İşlər Nazirliyinə şikayət etdikdən sonra Rusiyadan çıxmağa məcbur ediliblər.

“Bizimlə malqara kimi rəftar edirlər”

Kotlyar Facebook səhifəsində yazır ki, Tacikistandan olan miqrant ona qarşı mövcud olmayan qaydanı pozması ilə bağlı protokol tərtib olunduğunu deyib:

"Həmin adam mənə dedi ki, burada onlarla insan kimi yox, malqara kimi rəftar edirlər: “Mən belə ölkənin vətəndaşı olmaq istəmirəm. Mən bilet almışam və evimə qayıdıram”.

Adı çəkilməyən həmin miqrant deyib ki, o Rusiya vətəndaşlığı üçün ərizə verəndə onu hərbi xidmət barədə müqavilə imzalaması üçün hərbi komissarlığa göndəriblər.

Bu da qeyd olunur ki, həmin miqrant müqaviləni bağlamağa hazır olsa da, himayəsində beş azyaşlı uşağı olduğuna görə onunla müqavilə bağlamayıblar.

7X7 teleqram kanalı bildirib ki, bu qaydalar vətəndaşlığa ərizə verən qadınlara şamil edilmir.

Kotlyar bildirib ki, o bu hadisə barədə yerli insan haqları nümayəndəsinə müraciət etsə də, sorğusuna cavab almayıb.

Daha bir qanun hazırlanır

Rusiya Dövlət Dumasının regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədr müavini Mixail Matveyev deyib ki, parlamentə hərbi xidmət və səfərbərlikdən yayınan miqrantlara Rusiya vətəndaşlığı verilməsi qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təklif olunub.

Matveyev əlavə edib ki, belə miqrantların ailə üzvlərinin də vətəndaşlıq alması qaydaları çətinləşdirilməlidir.

Rusiya qanunvericiliyinə görə vətəndaşlıq almaq istəyən şəxslərə yerli hərbi komissarlıqlarda qeydiyyatdan keçmək üçün iki həftə vaxt verilir.

2023-cü ilin avqustunda Sankt Peterburq da daxil bir sıra regionlarda sənədsiz və ya sənədinin vaxtı keçmiş miqrantların aşkar edilməsi üçün reydlər keçirilib.

Bu reydlər zamanı təkcə qanunsuz miqrantları yox, həm də Rusiya vətəndaşlığı alsa da, hərbi qeydiyyatdan keçməyənləri axtarırdılar.

Halbuki Rusiya qanunlarına görə vətəndaşlıq üçün orduda xidmət barədə müqavilə tələb olunmur.

Aprel ayında Rusiya prezidenti Vladimir Putin “Rusiya ordusunu gözdən salmaqda” ittiham olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsinə dair qanun imzalayıb.

Yeni qanun habelə Federal Təhlükəsizlik Xidmətinin “milli təhlükəsizliyə hədə hesab etdiyi” şəxslərin vətəndaşlıqdan çıxarılmasını nəzərdə tutur.

XS
SM
MD
LG