Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

Rusiyada müəllimlər dövlət imtahanlarından niyə narazıdırlar


“Uchitel” müstəqil həmkarlar ittifaqı Baş Prokurorluğa şikayət məktubu ünvanlayıb. Şikayət Rusiyanın bir sıra regionlarında Vahid dövlət imtahanı (YQE) və Dövlət yekun attestasiyasının (QİA) keçirilmə şərtləri haqda qanunvericiliklə bağlıdır. Məlum olur ki, müəllimin bir aya qədər vaxtını ala bilən bu iş üçün ödəniş şərtləri yaxşı tənzimlənmir. Bir neçə il öncə bəzi regionlarda bu işə görə müəllimlərə ümumiyyətlə maaş ödənmirmiş.

YQE və QİA imtahanlarının əsas problemi onların hüquqi statusuyla bağlıdır: müəllimlər məktəblərdə işləyə-işləyə yerli təhsil departamentləri ilə əmək müqavilələri imzalayırlar. İmtahanlar federal tədbirlərdir və müəllimlərin çalışdığı müəssisələr tərəfindən keçirilmir.

Yolpulu da verilmir

Bir neçə regionda YQE və QİA imtahanlarında çalışan müəllimlərə əlavə iş günləri üçün maaş nəzərdə tutulmayıb, yalnız bilavasitə imtahanda gördükləri iş üçün ödəmələr edilir. Həmkarlar ittifaqının Baş Prokurorluğa müraciəti də bu haqdadır. “Uchitel”in təşkilat katibi Olqa Miryasova AzadlıqRadiosu-nun rus xidmətinə bildirib ki, bəzi müəllimlər imtahanda bir-iki gün yox, bir aya yaxın çalışırlar. Bəzən bu iş günləri pensiya stajına yazılmır.

Daha öncə sözü gedən regionların prokurorluqları həmkarlar ittifaqının müraciətinə cavab olaraq bildirib ki, imtahanlar zamanı əməkhaqqının saxlanmaması pozuntu deyil. “Uchitel” daha 50 federasiya subyektinin prokurorluğu ilə yazışmaları davam etdirir. Qurum Rusiyanın 59 regionunda bu problemlərin mövcud olduğunu bildirir.

Qanunlardan müəllimin imtahanlara könüllü, yoxsa göstəriş qaydasında təyin edilməsi aydın olmur. Əhalisi az olan regionlarda YQE və QİA imtahanları müəllimlərin yaşayış yerindən çox uzaq məsafədə yerləşən məktəblərdə keçirilir. Onlar artıq səhər saat yeddidə imtahan yerində olmalıdırlar. Ancaq bunun üçün yolpulu belə nəzərdə tutulmur.

Rusiyanın 24 regionunda müəllimlərə imtahanlarda gördükləri iş üçün əlavə ödənişlər yerli büdcədən deyil, məktəblərin əməyin ödənilməsi fondundan edilir. Halbuki, məktəblər bu pulları müəllimlərin əməkhaqqı və mükafatlarına xərcləyə bilərdi. Müəllimlərin imtahanlarda gördükləri işə görə ödəmələrin həcmi də bir-birindən çox fərqlənir. Moskvada bu işin hər saatına 400 rubl (6,2 dollar) ödənilirsə, Altay vilayətində cəmi 33 rubl (0,5 dollar) ödənilir.

“İmtahanları dövlət vəzifəsi kimi qəbul edirlər”

Müstəqil həmkarlar ittifaqı bu məsələ ilə 2017-ci ildə məşğul olmağa başlayıb. Qurum dövlət orqanlarına müraciətlər göndərir və imtahanlarda işləməkdən imtina edən müəllimləri dəstəkləyir. Müəllimlərin bu problemi qaldırmağa başlamasından öncə ölkənin bir çox regionlarında müəllimlərə bu iş üçün ümumiyyətlə hər hansı kompensasiya təklif olunmurdu.

"Tədricən regionlar bu məsələləri həll edirlər, ancaq qlobal problem qalır – hələ də imtahanları dövlət vəzifəsi kimi qəbul edirlər”, – Miryasova deyir.

"YQE imtahanını ilk dəfə tətbiq edəndə onun üçün pul ödənilməli olduğunu düşünməyiblər, yaxud da düşünmək istəməyiblər. Bir neçə il öncə bu iş üçün müəllimlərə ümumiyyətlə heç nə ödənmirdi. Çünki Rusiya hökumətinin sevimli məşğuliyyəti insanların hesabına qənaət etməkdir. Bir müddət nəsə ödəmək imkanı verən qanunu belə qəbul etmək alınmırdı. Ancaq son nəticədə hökumət razılaşdı ki, ödəmək lazımdır. İndi bu, regional büdcələrin xərc öhdəliyidir, federal qanunda yalnız ümumi prinsiplər yer alıb”, – Rusiya Federasiyası Kommunist Partiyasından seçilmiş deputat və Dumanın təhsil və elm komitəsinin sədr müavini Oleq Smolin deyir.

Rusiyanın müxtəlif regionlarında müəllimlərin maaşları arasında beş dəfəyə qədər fərq var. YQE üçün ödəmələr regional hökumətin maliyyə imkanları və prioritetlərindən çox asılıdır.

XS
SM
MD
LG