Rusiya NATO-nun Brüsseldəki qərargahında missiyasının fəaliyyətini dayandıracağını bildirir. Bu, təhlükəsizlik alyansının bu ayın əvvəlində Rusiya missiyasının səkkiz üzvünü qovmasına cavab addımıdır.
Xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də deyib ki, missiya işini noyabrın 1-dən dayandıracaq. NATO-nun Moskvadakı hərbi missiyasının üzvlərinin də akkreditəsi elə həmin gündən kəsilir.
Şərt irəli sürülməyib
Lavrov NATO Katibliyinə Rusiya tərəfin addımları haqda məlumat verildiyini deyib. Onun sözlərinə görə, NATO-nun Rusiyaya hər hansı sualları olarsa, alyans təmsilçiləri Belçikadakı səfirə müraciət edə bilərlər. O, missiyaların işinin mümkün bərpası üçün hər hansı şərt irəli sürməyib.
Nazir bu tədbirlərin Rusiyanın NATO-dakı missiyasından səkkiz nəfərin qovulmasına cavab olduğunu bildirib. Missiyadakı rusiyalı diplomatların sayı 20-dən 10-a salınmışdı.
NATO bu addımını həmin diplomatların Rusiya xüsusi xidmətlərinin əməkdaşları olması, qeyri-dost fəaliyyəti ilə izah edib.
Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən NATO ilə Rusiyanın münasibətləri gərginləşib, rəsmi kontaktlar məhdudlaşıb.
30 üzvü olan qərb alyansı Rusiyanın nüvə raketləri hazırlamasından, NATO-nun hava məkanını pozmasından, Rusiya qırıcılarının NATO müttəfiq gəmilərinə yaxınlaşmasından narahatdır.