Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 07:31

Rusiya Normandiyaya desant çıxarılmasının 80 illik yubileyinə dəvət olunmayacaq


2019-cu ildə Normandiyaya desant çıxarılmasının Britaniyanın Portsmut şəhərində keçirilən 75 illik yubiley tədbirlərindən birində
2019-cu ildə Normandiyaya desant çıxarılmasının Britaniyanın Portsmut şəhərində keçirilən 75 illik yubiley tədbirlərindən birində

Rusiya nümayəndə heyəti 1944-cü ilin 6 iyununda müttəfiqlərin Normandiyaya desant çıxarmasının 80-ci ildönümü yubileyinə dəvət olunmayacaq.

Bu barədə Reuters agentliyinə adlarının çəkilməməsi şərtilə iki yüksək vəzifəli Avropa diplomatı bildirib.

Diplomatların sözlərinə görə mərasimə ev sahibliyi edən Fransa Ukraynada qəsbkar müharibə aparan rusiyalıların belə bir tədbirdə iştirakını münasib saymayıb.

Mayın 30-da axşam bu xəbəri Fransa prezident administrasiyası da təsdiq edib.

"Münasib sayılmayıb"

France Presse agentliyi Yelisey sarayının nümayəndəsinə istinadla bildirir ki, “Rusiyanın Ukraynada qəsbkar müharibə aparması və son günlərdə hücum əməliyyatlarını gücləndirməsi Moskvanın bu tədbirə dəvət olunması üçün şərait yaratmır”.

Hələ aprel ayında xəbər verilmişdi ki, xatirə mərasimində Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirakı arzuolunmaz hesab ediləcək, amma SSRİ-nin II Dünya Müharibəsində qələbəyə töhfəsinə görə və həlak olmuş sovet əsgərlərinin xatirəsinin yad edilməsi məqsədilə Rusiyadan hansısa rəsmilərin tədbirə dəvət olunması mümkündür.

Lakin Reuters mənbələrə istinadla bildirir ki, hazırda ABŞ və Ukrayna prezidentləri Co BaydenVolodimir Zelenskinin iştirak edəcəkləri tədbirə Rusiya nümayəndə heyətinin qatılması münasib sayılmayıb.

75 illik yubileyə Vladimir Putin və Ukraynanın ovaxtkı prezidenti Petro Poroşenko da dəvət edilmişdilər
75 illik yubileyə Vladimir Putin və Ukraynanın ovaxtkı prezidenti Petro Poroşenko da dəvət edilmişdilər

10 il əvvəlki yubileyə Putini dəvət etmişdilər

2014-cü ildə, hətta Krımın ilhaqından və Donbasda hərbi toqquşmaların başlanmasından sonra belə prezident Vladimir Putin Normandiyaya desant çıxarılmasının 70-ci ildönümü mərasiminə dəvət edilmişdi.

Həmin tədbirin əsnasında ovaxtkı Fransa, Almaniya və Ukrayna liderlərinin qeyri-rəsmi görüşü də keçirilmişdi.

Tarixə “Normand formatı” kimi düşmüş danışıqların nəticəsi olaraq Minskdə Donbasda atəşkəsə dair iki dəfə razılaşma əldə olunmuşdu.

Atəşkəs rejimi əslində 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinə qədər qüvvədə idi.

Rusiya və Ukrayna sonralar bir-birlərini “normand formatından” sui-istifadədə ittiham edirdilər.

D günü

Qərb tarixində 1944-cü ilin 6 iyun günü D-Day (D Günü) kimi yad edilir.

Həmin gün müttəfiqlər Almaniyanın hitlerçi qüvvələrinə qarşı ən böyük hərbi əməliyyata başlamışdılar.

Britaniya, ABŞ və Kanada ümumilikdə Avropa qitəsinə 156 min hərbçi çıxartmışdılar.

Nəticədə Fransada nasist Almaniyasına qarşı quru cəbhəsi yaranmışdı. Bu, sovet və Rusiya tarixində “ikinci cəbhənin” açılması kimi qeyd olunur.

Tarixçilərin fikrincə Fransa ərazisinə desant çıxarılması nasist Almaniyası üzərinə qələbədə müstəsna rol oynamış hadisələrdən biridir.

Mayın 30-da Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Qırmızı Ordunun uğurları olmasaydı, heç bir D günü də olmazdı.

XS
SM
MD
LG