Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:02

Rusiya Azərbaycanda nədən yeni nümayəndəlik açmaq istəyir? 


Rusiya səfirliyinin konsulluq şöbəsi
Rusiya səfirliyinin konsulluq şöbəsi

Rusiya Azərbaycanda yeni nümayəndəlik açmaqda israrlı görünür. Bugünlərdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib ki, hazırda Azərbaycan ərazisində, o cümlədən Qarabağda ölkəsinin yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir. "Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq", - o qeyd edib.

Rusiya rəsmiləri bundan əvvəl də Qarabağda nümayəndəlik açmaq istəyindən bəhs edib. Amma, hələlik, Azərbaycan rəsmiləri ölkə ictimaiyyəti qarşısında bu məsələyə açıq münasibət bildirməyiblər.

YAP-çı deputat: "Zəruri səbəblər olmalıdır"

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu "Turan"a deyib ki, səfirlikdən əlavə müxtəlif ərazilərdə konsulluq xidmətinin açılması üçün hər şeydən öncə zəruri səbəblər olmalıdır: "Yəni, konsulluq xidməti xüsusi diplomatik qaydada xidmət göstərən ayrıca diplomatik xidmət formasıdır. Bu xidməti də zəruri edən şərtlər olmalıdır".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Deputatın vurğulamasına görə, hazırkı mərhələdə Rusiyanın Azərbaycanın ərazisində əlavə yeni konsulluq xidmətlərini zəruri edən şərtlər və regionlar yoxdur: "Tutaq ki, Azərbaycanın hansısa bir regionunda Rusiya ilə əhali, turizm mübadiləsi kimi xüsusi bir intensiv əlaqələr olarsa və mövcud diplomatik xidmətləri bu missiyanın öhdəsindən gələ bilməzdisə, zərurət o vaxt yaranardı".

H.Babaoğlu da xatırladıb ki, Azərbaycanın rəsmiləri, hələlik, bu məsələyə fikir bildirməyiblər: "Əgər Rusiya mənbələrinə inansaq, siyasi məsləhətləşmələr aparılır. Görünür, onlar da məsləhətləşmələr apararkən bu kimi məsələləri təhlil edəcəklər. Hazırkı vəziyyətdə mən Azərbaycanın hər hansı bir regionunda belə bir konsulluq xidmətinin yaradılmasına zərurət görmürəm".

Onun fikrincə, gələcəkdə Azərbaycanın regionlarında, məsələn, Gəncədə və ya Şamaxıda bunu tələb edən bir zərurət yaranarsa, onda bu da nəzərdən keçirilə bilər: "Nəticə etibarilə diplomatik xidmət elə diplomatik xidmətdir. Amma söz konusu Rusiya olduqda bəzi ekspertlərin burada siyasi məqsədlər axtarması da doğrudur. Ona görə də hazırkı mərhələdə biz Azərbaycanın rəsmi açıqlamasını gözləməliyik. İndiki mərhələdə bu, sadəcə birtərəfli mövqedir, Rusiyanın mövqeyidir. Azərbaycanın bu məsələyə münasibəti olmadan təhlil aparmaq doğru olmaz. İkincisi isə, şübhəsiz ki, belə bir xidmət açılacaqsa, bunun səbəbləri əsaslandırılacaq".

Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

"Görünür ki, indi də yeni bir plan var"

Müsavat Partiyasında başqan müavini, siyasi şərhçi Mustafa Hacıbəyli isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, Rusiyanın yeni diplomatik nümayəndəliklər açmaq istəyinin əsl məqsədi Azərbaycanda və Cənubi Qafqazda öz iştirakını qoruyub saxlamaqdır: "Hələ erməni əhalisi Xankəndidə yaşadığı dövrdə Qarabağda Rusiya Azərbaycanın suverenliyinə qarşı yönələn bəzi addımları atırdı. O zaman Qarabağda yaşayan ermənilərə Rusiya pasportların verilməsi gündəmə gətirilmişdi. Elə o zaman da orada Rusiyanın konsulluğunu açmaq niyyətləri var idi".

Onun sözlərinə görə, erməni əhalisinin Qarabağdan kütləvi çıxması ilə Rusiyanın bu planı pozuldu: "Görünür ki, indi də yeni bir plan var".

M.Hacıbəyli hesab edir ki, Azərbaycan ərazisində Rusiyanın yeni bir diplomatik nümayəndəliyin açılmasına heç bir zərurət yoxdur: "Qarabağda konsulluğun açılması isə, ola bilsin ki, erməni sakinlərinin Rusiya pasportu ilə, Rusiya vətəndaşı kimi ora təzədən köçürülməsi niyyətlərindən xəbər verə bilər".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Amma indi bununla bağlı Yerevandan ziddiyyətli bəyanatlar eşidilir.

Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Bu il isə Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk edib.
Tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG