Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 11:13

'Rusiya Azərbaycana təzyiqi gücləndirəcək'


V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Sentyabrın 18-dən 20-nə kimi Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hərbi gəmiləri qeyri-rəsmi səfər çərçivəsində Bakıda oldular. Bu "qeyri-rəsmi dostluq səfəri" çox maraqlı dövrə təsadüf etdi.

Sentyabrın 18-də Rusiya Müdafiə Nazirliyi bildirdi ki, bir gün əvvəl "Şuşa istiqamətində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına üç dəfə atəş açılması qeydə alınıb": "Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərindən atılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb".

Azərbaycan Müdafiə Nazirliyi isə sentyabrın 19-da yayılan cavabında həmin açıqlamanın təəccüb və təəssüf doğurduğunu bildirdi.

Qurum qeyd etdi ki, hadisə Rusiya sülhməramlılarının iştirakı ilə araşdırılıb: "Qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub…".

İndi Azərbaycanda bəzi ekspertlər hesab edir ki, bu iki hadisə heç də təsadüf deyil və bunun arxasında iki ölkə arasında fikir ayrılığı dayanır.

E.Məmmədov
E.Məmmədov

"Rusiyadan soruşmaq lazımdır ki..."

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, çox ciddi narahatlıq və sual doğuran məsələ var: "Rusiyadan soruşmaq lazımdır ki, müstəqil Azərbaycan dövlətinin ərazisində qeyri-qanuni erməni silahlıları niyə mövcuddur? Axı bu erməni silahlıları ya separatçı quruma məxsusdur, ya da Ermənistana. Onlar niyə orada mövcuddurlar ki, hələ onlara atəşin açılıb-açılmaması müzakirəyə çıxarılsın".

Komitə üzvü qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 10-da bir sənədə imza atıb: "Bu sənədin altında üç dövlət başçısının imzası var. Cənab Putin, siz əgər öz imzanıza hörmət edirsinizsə, o sənəddəki bəndlərə əməl edin. Həmin sənəddə Rusiya öz üzərinə sülhməramlılıq missiyasını götürüb və vasitəçi dövlət kimi Azərbaycan ərazisindən mövcud olan erməni qoşunlarını çıxarmalıdır".

"Onları himayə edirlər, təlimlər keçirlər"

Onun sözlərinə görə, sənədin imzalanmasından, az qala, bir il keçib, lakin ona əməl edilmir: "Əksinə, onlar qeyri-qanuni silahlı birləşmələr ilə əməkdaşlıq edirlər, onları himayə edirlər, təlimlər keçirlər".

Ə.Oruclu
Ə.Oruclu

Siyasi təhlilçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasının mənfi tərəfləri kimi müsbət tərəfi də var:

"Rusiya açıq deyir ki…"

"Həmin açıqlamadan məlum olur ki, 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirmir. O öhdəliklərdən biri Azərbaycan ərazisindən erməni hərbi birləşmələrinin çıxarılması idi. Bu açıqlamada isə Rusiya açıq deyir ki, Qarabağda erməni silahlı birləşmələri var".

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında baş verən gərginliyin açıq fazasıdır: "Rusiyanın 44 günlük müharibəsindən əsas gözləntilərindən biri bölgədəki mühüm dəhlizləri və kommunikasiyaları ələ keçirmək idi. Söhbət Laçın, Gəncə və Zəngəzur (Ermənistanın Sünik rayonundan keçir) dəhlizlərindən gedir. İndi Rusiya yalnız Laçın dəhlizinə nəzarət edir. Bu isə Rusiyanın geosiyasi maraqlarını nəinki təmin etmir, heç ona yardımçı da olmur".

Rusiya sülhməramlıları Azərbaycandan başqa daha hansı bölgələrdədir?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

"Açıqlama Azərbaycana bir hədədir"

Ekspert hesab edir ki, Azərbaycan Rusiyaya vacib kommunikasıyalar üzərində nəzarət məsələsində güzəştə getmədi: "Hətta Türkiyə və Pakistan kimi tərəfdaş ölkələr və bəlkə də digər böyük güclər onu bu addımı atmağa qoymurlar. Bu da gərginlik yaradır. Açıqlama isə Azərbaycana bir hədədir".

Onun fikrincə, Rusiya Azərbaycana təzyiqi gücləndirəcək: "Qarabağdan kənar başqa yollara da əl atacaq. Həmçinin, Rusiya çalışacaq hərbi qarşıdurma yaratsın Qarabağda".

"10 noyabr sazişinin qüsuru"

Amma Azərbaycanda bu məsələni bir qədər fərqli dəyərləndirənlər də var. Onların fikrincə, bəzi məsələlər "10 noyabr sazişinin qüsurudur".

Həmin təhlilçilər qeyd edirlər ki, sənəddə Qarabağdakı silahlı qüvvələrin Azərbaycan ərazisindən tam çıxarılacağı ilə bağlı birmənalı bənd yoxdur.

Təhlilçilər xüsusilə iki bəndin (3 və 4) üzərində dayanırlar. 3-cü bənddə yazılır ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

"Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…", - onlar 4-cü bəndin də bu hissəsini qeyd edirlər.

Kosobokov kimdir? Onun Qarabağa gəlişi nələri dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin (Şuşa şəhəri daxil) bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG