Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:56

Putin Qərbi qazın pulunu rublla ödəməməkdə ittiham edir


Putinin sözlərinə görə “bu çox qeyri-dost ölkələr ödənişlər üzrə tranşları dayandırıblar”

Rusiya prezidenti Valdimir Putin Qərb banklarını Avropa İttifaqına üzv ölkələrə satılan qazın pulunu onun tələbinə uyğun olaraq rublla ödəməməkdə ittiham edib.

Aprelin 14-də ölkənin neft və qaz sektorundakı vəziyyətə həsr olunmuş hökumət müşavirəsində Putin Qərb ölkələrinin Rusiya qazı üçün ödənişlər üzrə borclu qaldıqlarını iddia edib.

Putinin sözlərinə görə “bu çox qeyri-dost ölkələr ödənişlər üzrə tranşları dayandırıblar”.

Ötən ay Putin Moskvanın üzərinə qoyulmuş ağır sanksiyalarla bağlı Aİ üzvü olan ölkələrin Rusiya qazı üçün ödənişləri rublla etmələrini tələb etmişdi.

Putin Qərbə embarqo xəbərdarlığı edib

Putinin tələbindən belə çıxırdı ki, Aİ ölkələri ilə yanaşı Britaniya, Kanada, Yaponiya, İsveçrə və Ukrayna Rusiyadan alınan qazın pulunu ödəmək üçün əvvəlcə Rusiya bankından Moskvanın müəyyən etdiyi məzənnə üzrə rubl almalı, sonra isə bu pulla qazın haqqını ödəməli idilər.

Rusiya prezidentinin fikrincə bu, həm də Rusiya rublunun məzənnəsini sabitləşdirməli idi.

Aprelin 14-də etdiyi çıxışda habelə Putin Qərbə Rusiya nefti və qazı üzərinə embarqo qoyulmasından çəkinməsi üçün xəbərdarlıq edib.

Belə bir embarqonun qoyulmasını Qərbdən Ukrayna tələb edir.

Putin deyib ki, “belə bir addımın ağrısını ilk növbədə onun təşəbbüsçüləri çəkəcəklər”.

Putin sözü gedən müşavirədə habelə Sibirdən Avropanı çxımaq şərtilə dünyanın başqa yerlərinə kəmərlər çəkilməsinin mühümlüyünü vurğulayıb.

Rusiya qazını rublla almaq sanksiyaların pozulması hesab olunacaq

Rusiya qazı üçün Moskvanın tələbilə rublla ödəniş etmək sanksiyaların pozulması hesab olunacaq. Avropa Komissiyası Avropa İttifaqı üzvlərinə belə bir xəbərdarlıq edib. “Bloomberg” bu haqda mənbəyə istinadla xəbər verir.

Komissiyanın ilkin hüquqi təhlilinə görə, Prezident Vladimir Putinin sərəncamı proseduru mahiyyətcə dəyişir və yeni hüquqi vəziyyət yaradır. Agentliyin həmsöhbəti deyib ki, yeni prosedur tranzaksiyalara tam nəzarəti Rusiya dövlətinə verəcək. Bundan başqa Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozulmuş olacaq, komissiya belə hesab edir.

Putinin martın 31-də imzaladığı sərəncam “qeyri-dost” ölkələrə təbii qazı rublla satmağı nəzərdə tutur. Sənədə görə, Rusiya qazının alıcıları aprelin 1-dən qaz üçün ödənişlərdən ötrü Rusiya banklarında rubl hesabı açmalıdırlar. Kreml həmçinin “başqa şərtlər irəli sürülərsə”, qərarı dəyişə biləcəyini istisna etməyib.

Bloka qazın 40 faizi Rusiyadan gedir

Aİ liderləri dəfələrlə bəyan ediblər ki, Rusiya qazı üçün ödənişi rublla etməyə qarşıdırlar.

Avropa Komissiyasının başçısı Ursula von der Leyen Rusiyanın bu qərarını Qərbin sanksiyalarından yayınma cəhdi adlandırıb. O, komissiyanın buna imkan verməyəcəyini deyib. “Bizi enerji daşıyıcıları ilə şantaj etməyin vaxtı bitib”, – o vurğulayıb.

Aİ istehlak etdiyi qazın 40 faizə qədərini Rusiyadan alır. Avropa Komissiyasının dəyərləndirməsinə görə, bu həcmi tezliklə əvəzləmək mümkün deyil – təchizatın kəsilməsi yanacaq qıtlığına səbəb olar.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb. Qərb buna görə Moskvaya sərt sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG