Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Rusiya Qazaxıstan mediasını müharibə xəbərlərinə görə ittiham edir


Ukraynanın Liman şəhəri yaxınlığında həlak olmuş Rusiya əsgərləri
Ukraynanın Liman şəhəri yaxınlığında həlak olmuş Rusiya əsgərləri

Qazaxıstanın Arbat.media saytını Rusiya ordusu barədə “saxta xəbərlərlə” bağlı iş üzrə Vladimir şəhərinin Lenin rayon məhkəməsinə çağırıblar.

İttihamı hərbi prokurorluq irəli sürüb.

Çağırış vərəqəsində deyilir ki, sayt Rusiya ordusunun çoxsaylı itkiləri, Ukrayna şəhərlərinin bombardmanı və dinc adamların öldürülməsilə bağlı materiallar dərc edib.

Prokurorluq media qurumunu habelə “etiraz əhval-ruhiyyəsi” yaratmaqda ittiham edir.

Söhbət Arbat.media saytında sentyabr ayında “Rusiya işğalçıları Xarkov vilayətində məğlubiyyətə uğrasalar da bunu boyunlarına almırlar” başlıqlı yazıdan gedir.

Bu materialda deyilirdi ki, Ukrayna qoşunları Xarkov vilayətinin işğal olunmuş bir sıra ərazilərini azad edib.

Prokurorluğun iddiasında deyilir ki, Ukrayna ərazilərinin işğalı Rusiyanın planlarına daxil deyil.

Həmin sənəddə qeyd olunur ki, Donbasın Rusiyanın nəzarətində olan ərazilərində sakinlərin özləri Rusiya prezidenti Vladimir Putindən onları “Ukrayna rejiminin hərbi təcavüzündən” qorumağa çağırıblar.

Qırğızıstan saytları da hədələnir

Roskomnadzor bu məqalənin saytdan silinməsini hələ 2022-ci ilin noyabrında tələb etmişdi.

Bu iş üzrə ilk məhkəmə iclası fevralın 17-ə təyin olunub. Arbat.media ittihamlarla razı olmadığını bildirib.

Rusiyanın həm də kütləvi informasiya vasitələrinə nəzarət edən dövlət qurumu – Roskomnadzor bundan əvvəl bir neçə Qazaxıstan və Qırğızıstan media qurumundan Ukrayna müharibəsinə dair materialların saytlarından silinməsini tələb edib.

Bu barədə tələbnamələr NewTimes.kz, Ratel.kz, Exclusive.kz, Kloop.kg, "Власть" və "Информбюро" saytlarına göndərilib.

Amma indiyədək heç bir xarici sayt Rusiya məhkəməsinə çağırılmamışdı.

Sərt rədd cavabı

Bundan əvvəl Rusiya tərəfinin tələbinə cavab olaraq Vlast.kz saytı bildirmişdi ki, Rusiyanın Ukrayna müharibəsinə və ya hər hansı başqa mövzulara aid yazıların silinməsinə dair sorğularını icra etmək niyyətində deyil və Rusiyanın özünün müəyyən etdiyi “hərbi senzuraya” məhəl qoymadan belə materialların dərcini davam etdirəcək.

Vlast.kz saytının rəhbərliyi bildirib ki, bu portalın fəaliyyəti Rusiya yox, Qazaxıstanın müvafiq qanunları və idarələri tərəfindən tənzimlənir.

Roksomnadzorun bu sayaq tələbini yerinə yetirən yeganə Qazaxıstan saytı - Newtimes.kz olub.

O vaxt saytın redaksiyası bildirmişdi ki, Rusiyadakı oxucularını itirmək istəmir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri ölkədə faktiki olaraq hərbi senzura tətbiq olunur.

Bu müddətdə Rusiyada Ukraynadakı müharibəni Müdafiə Nazirliyinin məlumatlarından fərqli işıqlandıran 7 mindən çox sayt bloklanıb.

XS
SM
MD
LG