Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:01

Rusiyalı Nyu-Yorkdan 250 min dollarlıq hərbi texnologiyanı necə alıb


Arxiv fotosu
Arxiv fotosu

2019-cu il iyunun sonlarında Yuri Orexov adlı rusiyalı Avropada oteldə Kaliforniyada yerləşən konsaltinq və logistika şirkətinin təmsilçisi ilə görüşür. Sənaye avadanlığı satan bir alman şirkətinin sahiblərindən olan Orexov kaliforniyalı işadamına Rusiyanın “Suxoy” döyüş təyyarəsi üçün amerikan ehtiyat hissələri almaq istədiyini deyir.

ABŞ federal hökumətinin ötən həftə möhürünü açdığı ittihamnaməyə görə, Orexov adı çəkilməyən işadamına sənədlərin saxtalaşdırılmasının gərəkdiyini söyləyib. Orexov deyib ki, ABŞ-ın ixrac qadağalarında yan keçmək üçün sənədlərdə alıcının saxta bir Malayziya şirkəti olduğu göstərilməlidir.

250 min dollarlıq hərbi texnika

Çox keçməmiş Orexovun rusiyalı işçisi işadamı ilə əlaqə saxlayaraq “taktiki hava naviqasiyası izləyiciləri, çoxmodullu qəbuledicilər, … ikiterminallı hərbi temperatur transformatorları” da daxil olmaqla həssas hərbi texnologiyaların satın alınmasında köməklik istəyib.

ABŞ hökuməti bu satışın baş tutmadığını bildirir. Ancaq Orexovun şirkətinin can atdığı başqa satış sövdələşmələri gerçəkləşib. 2018-2020-ci illərdə Orexovun şirkəti bir Nyu York şirkətindən beş transaksiyada 250 min dollarlıq müxtəlif həssas hərbi texnologiya satın alıb.

Sentyabrın 26-na aid, lakin ötən həftə açıqlanan ittihamnamədə Orexov və daha dörd Rusiya vətəndaşı ABŞ hərbi texnologiyasını ələ keçirmək və ixrac qadağalarından yayınmaq üçün mürəkkəb və çoxillik bir sxem qurmaqda ittiham edilirlər.

Onillərin çabası

Bu sənəd, əslində, Rusiyanın ala bilmədiyi Qərb texnologiyası və hərbi avadanlığını ələ keçirməkdən ötrü illərlə, bəzənsə on illərlə əlləşdiyini üzə çıxarır. Bura əsgərlər üçün gecəgörmə gözlüklərindən tutmuş qabaqcıl döyüş təyyarələri üçün kompüter çiplərinə qədər bir çox avadanlıq daxildir.

Səylərin nə qədər uğurlu olması isə başqa mövzudur. Xəbərlərə və hərbi təhlilçilərə görə, bu qəbildən həssas Qərb texnologiyalarından Rusiya hərbi avadanlıqlarında geniş istifadə olunur.

"Rusiyanın onillərlə davam edən çoxmilyardlıq hərbi müasirləşdirmə proqramı ABŞ, Yaponiya, Tayvan, Cənubi Koreya, İsveçrə, Niderland, Böyük Britaniya, Fransa və Almaniya istehsalı mikroelektronikadan asılı olub”, – Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun avqustda dərc etdiyi hesabatda deyilir.

Ukraynada Rusiya avadanlığı ələ keçiriləndən sonra

Orexov oktyabrın 17-də Almaniyada həbs edilib. ABŞ prokurorları onun ekstradisiyasına çalışacaqlarını deyirlər.

ABŞ bildirir ki, Orexov və havadarlarına qarşı ittihamnamə qismən Ukraynada ələ keçirilən Rusiya avadanlığında ABŞ texnologiyalarının aşkarlanması əsasında hazırlanıb. Bu texnologiyalar Orexovun müraciət etdiyi bir neçə ABŞ şirkətindən əldə edilib.

"Burada ittiham, sadəcə, sanksiyalardan yayınmanın bir növüylə bağlıdır. Bunu Şimali Koreya və Suriya da edir. Dubayda saxta şirkət qurmaq yeni, yaxud ağıllı ideya deyil. Bu heç yalnız Rusiyaya aid bir şey də deyil”, – ABŞ Xəzinədarlıq Departamentinin sanksiyalar üzrə keçmiş əməkdaşı Brayan O'Tul deyir.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

“Skolkovo” layihəsi

Kreml illərlə Qərb texnologiyasından asılılığın ordusunun Axilles dabanı olduğunu anlayıb. Ölkə iqtisadiyyatını müasirləşdirmək, kompüter və yüksək texnologiyalar sahəsində sahibkarlığa daha çox investisiya cəlb etmək “Skolkovo” layihəsinin əsas motivi idi. “Skolkovo” 2000-ci illərin sonlarında ozamankı prezident Dmitriy Medvedevin nəzarəti altında yaradılmışdı.

Bir müddət öncə FTB bu layihə ilə bağlı xəbərdarlıq dərc etmiş, xarici hökumətlərin mühüm texnologiyaları ələ keçirmək üçün özəl şirkətlərdən istifadə edə biləcəyini bildirmişdi.

2014-cü ildə Rusiyanın Ukraynaya məxsus Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqindəki Donbas regionunda separatçı münaqişə ocağı yaratmasından sonra Qərblə əməkdaşlığa son qoyuldu. Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi.

Kremlsə ordusunun Qərb texnologiyalarından asılılığını azaltmaq qərarına gəldi. Bu vaxta qədər Rusiya hərbi sənayesi qanuni və qanunsuz yollarla əldə edilmiş Qərb texnologiyasından çox asılı idi.

Asılılığı azaltmaq hədəf qoyulsa da...

“Bloomberg”in Rusiya hökumətinə aid bir daxili sənədə istinadən dərc etdiyi məlumatda deyilir ki, 2019-cu ildən bəri hökumət rəsmiləri Rusiyanın sualtı qayıqlardan radar və raket sistemlərinə qədər hər şeydə Qərb ehtiyat hissələrindən asılılığını azaltmaq üçün konkret hədəflər qoyublar.

Ancaq “Bloomberg”in məlumatına görə, 2021-ci ilin aprelinə aid bu sənəddə bu planın uğursuz olduğu göstərilib.

Kral Birləşmiş Xidmətlər İnstitutunun hesabatında araşdırmaçılar Rusiyaya məxsus 27 ən müasir hərbi sistemin içərisində “xaricdə istehsal olunmuş azı 450 unikal komponent” aşkarladıqlarını yazırlar. Bu hərbi sistemlər arasında kruiz raketləri, kommunikasiya sistemləri və elektron silah komplekslərinin adları çəkilir.

AzadlıqRadiosunun rus xidmətinin araşdırmasında Rusiyanın istehsal etdiyi “Orlan” dronlarının görmə funksiyasında Fransaya məxsus termal görüntüləmə silsilələrindən istifadə edildiyi göstərilir. Hesabatda bu cür ehtiyat hissələrinin çoxunun əsasən mürəkkəb hərbi mikroelektron avadanlıq dizaynı və istehsalı üzrə ixtisaslaşan ABŞ şırkətləri tərəfindən düzəldildiyi bildirilir.

Alınan avadanlıq

2019-cu ildə Orexovla adi çəkilməyən amerikalı işadamının görüşü yasaqlanmış texnologiyanın ələ keçirilməsi üçün ilk və yeganə cəhd olmayıb.

Sözügedən ittihamnamədə Orexovun Rusiya kəşfiyyat agentliklərinə işləməsi ilə bağlı hər hansı dəlil göstərilməyib. Ancaq sənəddə onun güclü və siyasi bağları olan iş adamları ilə əlaqələrinə işarə edilir.

İttihamnamədə istinad edilən emaildə “Network Technologies” adlı Rusiya şirkətinin sahiblərindən birinin adı çəkilir. Sənəddə qeyd edilir ki, şirkətin sahibi 2018-ci il, aprelin 3-də Orexova yazaraq daha öncə alınmış, qadağan edilmiş avadanlığın yarıdan çoxunun Dəqiq Alətlər üzrə Elmi-Tədqiqat İnstitutu adlı quruma ötürüldüyünü bildirib.

Moskvada yerləşən bu institut Rusiya ordusu, kəşfiyyat agentlikləri və kosmik sənayesi üçün radio-elektron və rəqəmsal proqram sistemləri hazırlayır.

XS
SM
MD
LG