Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:14

Rusiyadan ‘Rumıniya və Moldovaya dolayı dron hücumu’


Reni limanına dron zərbəsi
Reni limanına dron zərbəsi

İyulun 24-də səhərin erkən saatlarında Rusiya Ukraynanın Dunay çayı üzərindəki Reni limanına dron zərbələri endirib.

Hücum çayın digər sahilində – cəmi 200 metr aralıda Rumıniya səmasını işıqlandırıb. Ukraynadakı müharibənin Rumıniya ərazisinə bu qədər yaxın gəldiyi olmamışdı.

Eyni zamanda Odessa da daxil olmaqla Ukraynanın ərzaq ixracı limanlarına zərbələr endirən Rusiyanın Prezidenti Vladimir Putin iyulun 17-də BMT-nin vasitəçiliyi ilə əldə edilmiş taxıl sazişindən çıxıb. Kiyev Moskvanı taxıl ehtiyatları və saziş üçün vacib infrastrukturu hədəfə almaqda ittiham edir.

Rusiyanın hücumlarını genişləndirəcəyi gözləntisi fonunda təhlilçilər Kremlin Ukrayna taxılını dünya bazarlarından çıxarmağa, eyni zamanda AB-nin, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrinin Ukraynaya dəstəyinə mane olmağa çalışdığını deyirlər.

Rumıniya limanlarında xaos

Rumın Akademiyasının Buxarestdə fəaliyyət göstərən Nikolae Yorqa İnstitutunun araşdırmaçısı Kosmin Popa deyir ki, Rumıniya limanlarında xaos yaradılması Ukraynanın taxıl ixracına mane olmaqla yanaşı əks istiqamətdə daşımalara və deməli, yanacaq və hərbi yardım daşınmasına da mane olardı.

Popanın sözlərinə görə, Dunay çayının hədəfə alınması təkcə gəmi daşımalarına deyil, eyni zamanda Rumıniya və Moldova ərazilərindən dəmir və avtomobil yollarına təsir edə bilər.

"Rusiyanın hücumları həm də dolayı yolla Ukraynanın qonşularına hücum deməkdir. Bu baxımdan, Qərbin Putinə… limitlərin olduğunu göstərən aydın və qətiyyətli reaksiyası ortaya qoyulmasa, vəziyyət get-gedə pisləşəcək", – Popa söyləyir.

"[Rusiyalılar] həm birbaşa, həm də dolayı yolla hücum edirlər… Onlar Rumıniyada çay və dəmiryol nəqliyyatını dağıtmaq məqsədi güdürlər. Məqsədsə Dunay çayının mənsəbindəki Rumıniya limanlarında tıxanma və qarışıqlıq yaratmaqdır”, – Popa deyir.

İlkin əlamətlər bunu təsdiq edir.

Gəmilərin tıxacı

İyulun 25-də Qara dənizin qərb sahilində Dunay çayının mənsəbində, Rumıniyanın Konstanta limanı yaxınlığında gəmilərin tıxac yaratdığı haqda xəbərlər yayılıb. Təhlilçilər deyirlər ki, bu hal potensial təhlükəli yolla davam edib-etməməklə bağlı qeyri-müəyyənlik yaradır.

İyulun 24-də “Reuters” Ukraynanın İzmayil liman terminalı yaxınlığında 30-dək gəminin lövbər saldığı haqda xəbər yayıb. Hücumdan bir neçə saat sonra Reni limanı yaxınlığında yük maşınlarının uzun növbəsi əmələ gəlibmiş. Bu növbənin görüntüsü “Twitter”də paylaşılıb.

İyulun 24-dəki dron hücumunda Renidə üç taxıl anbarının məhv edildiyi, 15 dronla gerçəkləşən hücumda yeddi liman işçisinin xəsarət aldığı bildirilir. “Reuters”in xəbərinə görə, taxıl ixracı və daşınmasının mümkün olmayacağı qorxusu iyulun 24-də dünyada taxıl və qarğıdalı fyuçerslərinin kəskin artmasına səbəb olub.

Hücumdan bir neçə saat sonra BMT-nin Baş katibi Antonio Quterres Rusiyanı Qara dəniz taxıl sazişinə geri dönməyə çağırıb. O, “əhalisini qida ilə təmin etməyə çətinlik çəkən həssas ölkələrə” dağıdıcı təsirlərlə bağlı xəbərdarlıq edib.

Rusiyanın niyyəti

Rumıniya Prezidenti Klaus Yohannis “Twitter”də hücumu qınayaraq onu “Qara dənizin təhlükəsizliyini ciddi riskə məruz qoyan eskalasiya” adlandırıb. Bir neçə yüksək vəzifəli Rumıniya rəsmisi də Rusiyanın bu hücumunu qınayıb.

Mayın 2-də AB beş ölkəyə – Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya Ukraynadan gələn buğda, qarğıdalı, raps və günəbaxan toxumunun ölkə daxilində satışına qadağa qoymaqla öz ərazisindən digər AB ölkələrinə buraxmalarına icazə verib.

Ötən il Avropa Komissiyası “həmrəylik cığırı” təşəbbüsü çərçivəsində Ukraynanın buğda ixracına şərait yaradacağını elan edib və bunun üçün gərəkən infrastruktura milyardlarla avro investisiya yatıracağına söz verib. Vilnüsdə yerləşən Şərqi Avropa Elmləri Mərkəzinin eksperti Dionis Senuzanın sözlərinə görə, iyunun 15-də Avropa Komissiyası bu razılaşmanı sentyabrın 15-dək uzadıb.

"Rusiya Qara dəniz taxıl daşımaları ilə bağlı [yaratmaq istədiyi] qarışıqlıqdan Ukraynanın azı beş AB ölkəsi ilə münasibətlərini pozmağa və çətinləşdirməyə çalışır”, – Senuza deyir.

XS
SM
MD
LG