Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:31

Rusiya S-400 sistemini Türkiyəyə ‘vaxtında’ çatdıracağını deyir


S-400 Suriyadakı Hmeymim hərbi hava bazasında
S-400 Suriyadakı Hmeymim hərbi hava bazasında

Rusiya iyunun 11-də bildirib ki, S-400 raketdən müdafiə sistemlərini Türkiyəyə iyul ayında çatdırmağı planlaşdırır.

Bundan əvvəl Vaşinqton Rusiyadan bu silahın alınmasından imtina etmək üçün Ankaraya iyulun 31-dək vaxt vermişdi.

ABŞ rəsmiləri bildirirlər ki, Türkiyə S-400-lərdən imtina etməsə, Birləşmiş Ştatların rəhbərlik etdiyi F-35 təkmil qırıcılar proqramından çıxarılacaq.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Moskvadan S-400 antiraket sistemləri almaq qərarından sonra NATO müttəfiqləri və Türkiyə arasında mübahisə davam edir. NATO Rusiya raketlərinin alyansın sisteminə uyğun gəlmədiyini bildirir.

Kremlin xarici siyasət müşaviri Yury Ushakov iyunun 11-də jurnalistlərə deyib ki, “Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşmalara vaxtında əməl olunacaq”.

O bildirib ki, ortalıqda “ikitərəfli problemlər yoxdur”.

İyunun 8-də ABŞ müdafiə nazirinin təchizat üzrə müavini Ellen Lord deyib ki, Türkiyəyə Rusiya silahını almaq qərarını dəyişmək və ya F-35 qırıcıları layihəsindən çıxarılması üçün iyulun 31-dək vaxt verilib.

Lord habelə deyib ki, Ankara S-400 barədə qərarını dəyişməsə, ABŞ-da F-35 qırıcılarında təlim keçən Türkiyə pilotlarının məşq proqramı dayandırılacaq.

Bundan başqa S-400 antiraket sisteminin Türkiyəyə gətirilməsi avtomatik olaraq ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını işə salacaq.

Bu, Türkiyənin iqtisadi böhranını dərinləşdirə və Ankaranı 67 illik NATO üzvlyünü yenidən qiymətləndirməyə vadar edə bilər.

ABŞ Konqresinin Nümayəndələr Palatası iyunun 10-da hələ may ayında təqdim olunmuş qətnaməni qəbul edib.

Bu qətnamə “Birləşmiş Ştatlar və Türkiyə arasındakı alyansdan narahatlığın ifadəsi” adlanır.

Qətnamə Türkiyəni Rusiyanın S-400 sistemindən imtina etməyə çağırır və bildirir ki, əks halda bu, ABŞ-ın liderlik etdiyi transatlantik şimal alyansına ziyan vura bilər.

Türkiyə iyunun 11-də bildirib ki, bu qətnamə “qəbuledilməz hədə” kimi səslənir.

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, onun ədliyyə sistemi və xarici siyasəti bu qətnamədə “ədalətsiz” və “əsassız” olaraq pislənir.

Ankaranın bəyanatında bildirilir ki, “hədələr və sanksiyalar dilində danışığın davam etdirilməsi və ikitərəfli etimada xidmət etməyən qərarların qəbulu və müxtəlif süni möhlətlərin verilməsi qeyri-məqbuldur”.

Lakin Vaşinqtonun bütün xəbərdarlıqlarına baxmayaraq, Türkiyənin S-400 antiraket sistemini almaq qətiyyətində olduğu görünür.

Ötən həftə Erdoğan S-400 sazişini “artıq həll olunmuş” məsələ adlandırıb.

XS
SM
MD
LG