Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:11

Rusiyanın son üç həftədə yaydığı ən ağlasığmaz saxta məlumatlar


Saxta xəbərlər
Saxta xəbərlər

«ABŞ-ın Suriyadakı qüvvələri «İslam Dövləti» ekstremist yaraqlılarının mühasirədə olan şəhərlərdən çıxıb qaçmasına şərait yaradır». Rusiya Müdafiə Nazirliyinin ötən həftə yaydığı videoda belə bir iddia yer almışdı.

Dezinformasiyanın ifşası ilə məşğul olan iki özəl qurum - Münaqişə Kəşfiyyat Komandası (Conflict Intelligence Team) və «Bellingcat» bu məlumatları yoxlamağa bir neçə gün sərf ediblər. Tapıntılarsa bundan ibarətdir: videodakı görüntülərin bəziləri iki il öncəyə aid video-oyunun treylerindən götürülüb. Digər görüntülərsə İraq Müdafiə Nazirliyinin 2015-ci ildə yaydığı çəkilişdəndir.

YALAN MAŞINI DAYANMIR

İş başında yaxalanan Rusiya Müdafiə Nazirliyi saxta dəlillərdən yararlandığını etiraf edib, ancaq daha sonra yeni video material yayıb.

«Bu, Moskvanın dövlət tərəfindən dəstəklənən yalan maşınının necə fəaliyyət göstərdiyinə bir nümunədir. Düşünmək olardı ki, ABŞ prezident seçkilərinə müdaxilənin doğurduğu qalmaqal zamanı Kreml bu əməllərini bir qədər səngidər. Ancaq belə düşünsək, səhv etmiş olarıq», – «The Washington Post» qəzetində Christian Caryl belə yazır.

Rusiya XİN-in sözçüsü Maria Zakharova oktyabrın sonunda mətbuat konfransında belə bir ifadə işlədib: «Bin Laden-in Ağ Evdə qarşılanmasını göstərən o fantastik, ağlasığmaz fotoları xatırlayırsınızmı?».

O, 2015-ci ildə internetdə yayılmış saxta fotoları nəzərdə tuturdu. Fotoların anonim müəllifi 2004-cü ildə Hillary Clinton-un hindistanlı bir musiqiçini salamladığı şəklə fotoşop edib. Ancaq bu şəklin saxtalığı sonradan dəfələrlə sübut olunub. Zakharova-nın bundan xəbərdar olmamasına inanmaq çətindir. Ancaq bu onun milyonlarla televiziya izləyicisi qarşısında belə bir məlumat yaymasına mane olmayıb.

Yalan, saxta xəbəri necə ayırmalı?
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

«ZƏHƏRLİ MƏLUMATLAR»

Yeri gəlmişkən, Zakharova, ötən il belə bir ifadə də işlətmişdi:

«Amerikada nə baş verəcəyini anlamaq üçün kiminlə danışmalısınız? Təbii ki, yəhudilərlə».

Vladimir Putin-in özü bu yaxınlarda ABŞ-ın guya Rusiya vətəndaşlarından toxuma nümunələri götürdüyünü demişdi. Guya ABŞ bu toxumalardan onları hədəfə alacaq bioloji silahı təkmilləşdirməkdə istifadə etməyə çalışır. «Niyə onlar Rusiya ərazisində müxtəlif etnik qruplar və fərqli coğrafi məkanlarda yaşayan insanlarla görüşürlər? Onlar bunu niyə edirlər?» – prezident demişdi. Bunun ardınca digər Rusiya rəsmiləri müxtəlif konspiroloji ehtimallar irəli sürmüşdülər. Ancaq Rusiya bioloqları bu iddiaların mənasız olduğunu söyləmişdilər.

«Bütün bunların dövlətin icazəsi olmadan yayılan informasiyaya çıxışı məhdud olan Rusiya vətəndaşlarına təsirini təsəvvür etmək çətin deyil. Ancaq belə zəhərli məlumatlar təkcə ölkə auditoriyasına hesablanmayıb. Dünya informasiya ekosisteminə daxil olunca, onları məhv etmək çox çətindir. Məsələn, İran mediasının nümayəndələri Putin-in bioloji müharibə haqqında dediklərini yayıblar», – müəllif yazır.

TƏLƏSMƏK

«Reallıq bundan ibarətdir ki, dezinformasiyanın yayılması ruslara divident gətirməkdədir. Bu, minimal xərclə çaşqınlıq və xaos yaymaq imkanı deməkdir. Bu yolla onlar başqa ölkələrin siyasi həyatına təsir güclərini artırır, onlarla birbaşa üzləşməli olmurlar. ABŞ 2016-cı il kiberhücumlarına görə Moskvaya cavab verməyib. Rusiyanın «Brexit» (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) seçkilərinə və Avropanın digər ölkələrinin daxili siyasətinə müdaxiləsini sübut edən çoxsaylı dəlillərə rəğmən, London və Brüssel də hər hansı ciddi reaksiya verməyib.

Bəlkə də Rusiyanın bu hərəkətlərini önləmək heç vaxt mümkün olmayacaq. Bu yaxınlarda bir Rusiya televiziya proqramında Qərbin 2002-ci ildə Moskvada Nord-Ost tamaşası zamanı teatra hücum və 2004-cü ildə Beslandakı məktəbə basqın zamanı çeçen terrorçularını dəstəklədiyi iddia olunmuşdu. Ölkə daxilində kim bu iddiaları sorğulayacaq? Təbii ki, Qərbin bu məsələ ilə hər hansı əlaqəsi olmayıb.

Dünya ardı-arası kəsilməyən bu yalanlara necə yanaşmalı, onların öhdəsindən necə gəlməlidir?

Hələlik, mütəxəssislər bir neçə faydalı fikir irəli sürüblər. Bura media savadlılığının artırılması və Rusiyanın informasiya əməliyyatlarının real vaxtda təhlili də daxildir. Rusların yaxın zamanlarda bu əməllərdən əl çəkməyəcəyini nəzərə alsaq, bu məsələdə tələsməyə ehtiyac var», – məqalədə deyilir.

XS
SM
MD
LG