Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:43

Moskva müharibəyə milli azlıqları göndərir


Axmat batalyonunun çeçen döyüşçüləri
Axmat batalyonunun çeçen döyüşçüləri

Dağıstan, İnquşetiya və Kalmıkiya rəhbərləri milli əsgərlərdən ibarət diviziyalar yaradılacağını elan ediblər

AzadlıqRadiosunun müxbirləri yazırlar ki, Ukraynadakı müharibədə böyük canlı itkilər verən Rusiya ordusu ciddi problemlə üzləşib.

Rusiya canlı qüvvə problemini əsasən Şimali Qafqazdakı və başqa yerlərdəki milli azlıqların hesabına həll etməyə çalışır.

Bu da qeyd olunur ki, milli azlıqlardan cəlb olunan səfərbərlərə bəzən heç hərbi təlim də verilmir.

Dağıstan, İnquşetiya və Kalmıkiya rəhbərləri milli əsgərlərdən ibarət diviziyalar yaradılacağını elan ediblər.

AzadlıqRadiosunun Şimali Qafqaz xidməti xəbər verir ki, bu hərbi birləşmələr rəsmi çağırışa əlavə olaraq təşkil ediləcək.

Göstəriş Moksvadan gəlib

Vətəndaş. Ordu. Qanun adlı insan haqları təşkilatından Sergey Krivenko AzadlıqRadiosuna deyib ki, bu göstəriş milli rəhbərlərə Moskvadan verilib.

Krivenko bildirib ki, onun təşkilatı bu prosesi diqqətlə monitorinq edir, amma indilik heç də hər şey aydın deyil.

Məsələn, onların Rusiya Müdafiə Nazirliyinin nizami qoşunlarında, yoxsa könüllü muzdlu kimi xidmət edəcəkləri məlum deyil.

Krivenko deyir ki, belə birləşmələrin təşkili bütün Rusiya boyunca aparılsa da, Şimali Qafqaz bölgəsinə xüsusi diqqət verilir, çünki bu region Rusiyanın ən yoxsul bölgələrindən biridir:

“Çağırışçılar və müqavilə imzalayanlara Rusiya silahlı qüvvələrinin hərbçisi statusu verilir. Lakin “könüllülər” adlandırılan daha bir kateqoriya var. Onların statusu və onlara verilən qarantiyalar hələki məlum deyil”.

Şimali Qafqaz
Şimali Qafqaz

Rusiya insan haqları təşkilatları bildirirlər ki, rezervistlər sənədlərinin dəqiqləşdirilməsi adı ilə hərbi komissarlıqlara çağırılır və burada onlara Ukrayna müharibəsində döyüşmək üçün müqavilələr təklif olunur.

Hüquq müdafiəçiləri belə səfərbərliyə alınan şəxslərin sosial təminatına və maaşına necə qarantiya verilməsindən narahatdırlar. Krivenko deyir:

“Milli birliklərin yaradılması qanunsuz deyil. Onların təşkilini qadağan edən qanunlar yoxdur. Amma əgər belə qruplar Müdafiə Nazirliyinə kömək məqsədi ilə yaradılırsa, onda qanunsuz sayıla bilər. Amma hazırda bu qanunsuzluğa göz yumulur”.

Üstüörtülü səfərbərlik

Kremlin “xüsusi əməliyyat” adlandırdığı, əslində tammiqyaslı müharibə dörd aydan çoxdur ki, davam edir.

Rusiya Ukraynada böyük canlı qüvvə itkisi verir. Buna baxmayaraq hökumət rəsmi səfərbərlik elan etmir.

Şərhçilər deyirlər ki, Moskva bunun cəmiyyətdə doğura biləcəyi rezonansdan ehtiyat edir.

Bununla belə Rusiya boyunca hərbi mükəlləfiyyət yaşına çatanlar və ehtiyatda olanlar müqaviləli xidmətə cəlb olunurlar.

Virginiyadakı CNA analitik mərkəzinin direktoru Maykl Kofman bunu “kölgə səfərbərliyi” adlandırır.

Ekspertin fikrincə Rusiya bu üsulla müharibədə verdiyi itkilərin yerini effektli şəkildə doldura bilməyəcək.

Rusiya habelə rəsmi çağırış da keçirir. İyulun ortalarınadək davam edəcək yaz çağırışında 18-27 yaşları arasında olan 130 min nəfərin hərbi xidmətə cəlb olunacağı gözlənilir.

Qanunla çağırışçılar ən azı dörd ay təlim görmədən hərbi əməliyyatlara göndərilə bilməzlər.

Lakin Moskva indiyədək müddətli hərbi xidmətdə olanları dəfələrlə Ukraynaya göndərib.

Müharibənin əvvəllərində prezident Putin bunu qadağan etsə də, prosesin davam etdiyi məlumdur.

Milli birliklər və hərbi cinayətlər

Ukraynada müharibə cinayətlərini sənədləşdirən insan haqları fəalı Mixail Savva AzadlıqRadiosuna deyir ki, milli batalyonların yaradılması Rusiyanın hərbi heyət sarıdan üzləşdiyi problemin miqyaslarını nümayiş etdirir.

Onun sözlərinə görə çox az təlim görmüş və ya heç təlim almamış etnik azlıq nümayəndələrinin müharibəyə göndərilməsi canlı qüvvə itkilərini, mülki əhalidən qurbanların sayını daha da artıracaq:

“Belə birliklər çox pis təlim edilirlər və intizamsızdırlar. Bu təkcə Ukraynadakı dinc əhaliyə yox, Rusiya ordusunun başqa birləşmələri üçün də böyük təhlükələr yaradır”.

Rusiya indiyədək Ukrayna müharibəsində Çeçenistanın başçısı Ramzan Kadırovun komandanlığı altında çeçenlərdən istifadə edir.

Bu birləşmələrin hərbi cinayətlərlə bağlı olduğunu göstərən dəlillər getdikcə artır.

Məsələn bu yaxınlarda xəbər verilmişdi ki, çeçen birlikləri ilə Rusiya nizami ordusunun əsgərləri arasında qarşıdurma və toqquşmalar baş verir.

Bu da deyilirdi ki çeçenlərlə yola getməyən buryat əsgərləri cəbhənin başqa hissəsinə göndərməyə məcbur olublar.

Şərhçilər bildirirlər ki, bir sıra hallarda dinc əhaliyə qarşı vəhşilik və amansızlıq belə milli birliklər tərəfindən törədilir.

Azad Rusiya Fondunun Şimali Qafqaz üzrə eksperti Denis Sokolov deyir ki, milli birləşmələrin müharibədə iştirak üçün müəyyən motivasiyası olur:

“Bu, reputasiya ilə hərbi əməliyyatların effektivliyini birləşdirmək cəhdidir. Çünki Rusiya silahlı qüvvələrində adi hərbçilərin belə motivasiyası yoxdur”.

Mariupoldakı çeçen döyüşçülər
Mariupoldakı çeçen döyüşçülər

Pozulan vədlər, susdurulan şikayətlər

AzadlıqRadiosunun müxbirləri yazırlar ki, əhalisi 3 milyon nəfər olan Dağıstan Rusiyada müqaviləli hərbçilərin əsas mənbələrindən biridir.

Müstəqil “Çernovik” qəzetinin redaktor müqavini Maqomed Maqomedovun dediyinə görə adamlar çoxdan bəridir ki, hərbi qulluğa yaxşı gəlir mənbəyi kimi baxırlar:

“Dağıstanlı müqaviləli hərbçilərin böyük bir qismi ali təhsillidir. Lakin onlar təhsil aldıqdan sonra iş tapa bilmirlər. Müqavilə ilə ödənən pul Dağıstan üzrə orta maaş göstəricisindən azacıq yüksəkdir. Doğrudur, bu adamların çoxu düşünmür ki, bu pulu qazanmaq üçün ciddi hərbi əməliyyatda iştirak edəcəklər”.

Çeçenistanda isə adamların hərbi xidmətə cəlb edilməsi müəyyən müqavimətlə üzləşib. Adamlar hərbiləşdirilmiş qruplara zorla cəlb edilmələrindən şikayət edirlər.

Bu yaxınlarda Çeçenistandan səfərbər edilmiş dörd nəfər Ukraynadan qayıtdıqdan sonra şikayət etmişdi ki, onlara vəd olunan maaşlar verilməyib və onları heç bir lazımi hazırlıq olmadan birbaşa döyüşə göndəriblər.

Çeçenistan parlamentinin spikeri Maqomed Davudov bu dörd nəfərdən birini kamera qarşısında danlayandan sonra şikayət ərizələri geri götürülüb.

“Yüksək maaşlar”

Rusiya və Ukrayna qüvvələri Donbas uğrunda qızğın döyüşlərdə böyülk itkilər versələr də, Rusiya hələlik cəbhə xəttinə yeni qüvvələr göndərə bilir.

Ukrayna rəsmiləri bildirirlər ki, Kreml aqressiv səfərbərlik metodları ilə cəbhəyə 40-50 min nəfər gətirə bilib.

Bununla belə Qərb ekspertləri deyirlər ki, Rusiya hərbiyyəsi tezliklə ciddi canlı qüvvə problemi ilə üzləşə bilər.

Britaniyanın baş naziri Boris Conson Almaniyanın Süddeutsche Zeitung qəzetinə müsahibəsində deyib ki, Rusiya qüvvələri tezliklə tükənəcək.

Bununla belə qeyri-müəyyənliyə baxmayaraq “babat maaşlar” adamları hərbi xidmətə cəlb edir.

Ekspertlər deyirlər ki, maliyyə marağı Rusiyada səfərbərliyi kifayət qədər səmərəli edib.

AzadlıqRadiosunun Tatar-Başqırd xidmətinə danışan və özünü Aygül kimi təqdim edən gənc qadın deyib ki, onun əri müqaviləli hərbçi kimi Ukraynaya göndərilib.

O deyir ki, həyat yoldaşı Ukrayna müharibəsini cəfəngiyyat hesab eləsə də, qazanc üçün orduya qoşulub.

Aygülün dediyinə görə onun aylıq maaşı ayda 2 min dollara yaxındır.

XS
SM
MD
LG