Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Rusiya separatçılara necə kömək edir?


Malayziya təyyarəsinin düşdüyü yer
Malayziya təyyarəsinin düşdüyü yer

Malayziya hava yolları şirkətinin 2014-cü ildə Donbas üzərində qəzaya uğramış Boeing təyyarəsi ilə bağlı insidenti araşdıran JIT beynəlxalq təhqiqat birliyi hadisənin şahidlərinə müraciət edib.

Təhqiqatçılar bu faciə ilə Rusiya məmurları arasında iddia edilən bağlılıqla əlaqədar ifadələrin toplanması ilə məşğuldur.

Təhqiqat qrupu bu yolla əldə etdiyi bir neçə telefon danışığının səs yazılarını yayıb.

Moskvanın adamları

Bu telefon danışıqlarını dinləmiş təhqiqatçılar ehtimal edirlər ki, Donbasda Rusiyanın dəstəyi ilə yaradılmış Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası qurumlarının liderləri Rusiya rəsmiləri ilə daimi əlaqədədirlər.

2014-cü ilin iyuluna aid danışıqlardan birində DXR-dən olan Monqol ləqəbli separatçı naməlum şəxsə Rusiya müdafiə naziri Sergey Shoigu-nun səlahiyyət verdiyi adamların regiona gəlməyə hazırlaşdıqlarını bildirir.

Monqolun dediyinə görə bu adamlar separatçı dəstələrin komandirlərini dəyişmək səlahiyyətinə malikdirlər.

Monqol bunu da deyir ki, vəzifədən çıxarılmış komandirləri Moskvadan gələnlər əvəz edir.

Rusiya kəşfiyyatı

Səs yazılarından bu da bəlli olur ki, DXR-in “baş nazir” Aleksandr Boroday və “müdafiə naziri” Igor Girkin ilhaq olunmuş Krımın başçısı Sergey Aksyonov və Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla əlaqədə olublar.

JIT xatırladır ki, Girkin və Boroday mediaya müsahibələrində özlərini “könüllü” kimi təqdim edirdilər.

Lakin telefon yazıları onların birbaşa Moskvadan komanda aldıqlarını göstərir.

Bu telefon danışıqlarından birində Boroday deyir ki, “yalnız bir dövlətin Rusiya Federasiyasının əmrlərini yerinə yetirir və maraqlarını müdafiə edir”.

Bir neçə keçmiş separatçı JIT-ə bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi DXR-in idarə olunmasında gündəlik qaydada iştirak edirlər.

Şahidlərdən biri deyib ki, separatçıların liderləri tez-tez Moskvaya səfər edir və Rusiya kəşfiyyat orqanlarındakı kontaktlarından təlimat alırlar.

Təhqiqat qrupu mənbələrə istinadən bildirir ki, DXR hökuməti tamamilə Rusiya tərəfindən maliyyələşdirilir.

Rusiya tərəfi JIT-in son açıqlamaları barədə hələki şərh verməyib.

Adlar məlumdur

Malayziya hava yollarının təyyarəsi Amsterdamdan Kuala-Lumpura uçurdu. Layner 2014-cü il, iyunun 17-də Donbas üzərində qəzaya uğrayıb. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

2019-cu ilin iyununda Niderland prokurorluğu üç Rusiya və bir Ukrayna vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb. Onların dördü də Ukraynada separatçıların tərəfində döyüşürdü.

Təyyarənin vurulmasında şübhəli bilinənlər Donetsk separatçı qüvvələrinin keçmiş komandanı Igor Strelkov (Girkin), onun müavini Sergey Dubinsky, Dubinskinin müavini Oleg Pulatov və Leonid Kharchenko-dur.

Təhqiqatın nəticələrinə görə onlar Buk zenit-raket qurğusunun Rusiyadan gətirilməsində iştirak ediblər.

Malayziya təyyarəsi ehtimallara görə məhz bu raket qurğusu ilə vurulub.

Məsuliyyət payı

Bu iş üzrə şübhəlilərdən biri – Vladimir Tsemakh bu yaxınlarda Moskva və Kiyev arasında məhbus dəyişdirilməsi zamanı Rusiyaya qaytarılıb.

Daha sonra keçmiş separatçının qızı atasının Donetskə qayıtdığını bildirib.

Ötən yay Avropa Şurası Rusiya hakimiyyət orqanlarını sərnişin təyyarəsinin məhvinə görə öz məsuliyyət payını üzərinə götürməyə çağırmışdı.

Mokskva bunu etməkdən qətiyyətlə boyun qaçırır.

Əksinə Rusiya dəfələrlə bu insidentlə bağlı beynəxalq araşdırmanın qərəzli aparıldığını bildirib.

Moskva hesab edir ki, Kiyev öz ərazisində hərbi əməliyyatlar gedən yerlərin üzərindəki hava məkanını bağlamağa borclu idi.

XS
SM
MD
LG