Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:40

Putindən Cənubi Koreyaya Ukrayna xəbərdarlığı


Vladimir Putin və Kim Çen In Pxenyan "Sunan" Beynəlxalq Hava Limanında görüşərkən
Vladimir Putin və Kim Çen In Pxenyan "Sunan" Beynəlxalq Hava Limanında görüşərkən

BBC yazır ki, Rusiya prezidenti Vladimir Putin Cənubi Koreyanın Ukraynanı silahlandıracağı təqdirdə "böyük" səhvə yol verəcəyini deyib.

Rusiya və Şimali Koreyanın hər hansı ölkənin aqressiyasına məruz qalacaqları təqdirdə bir-birinə kömək edəcəkləri barədə yeni pakt bağlamasına cavab olaraq, Seul Ukraynaya silah verə biləcəyini açıqlamışdı.

Putin iyunun 21-də deyib ki, əgər Seul Kiyevə silah vermək qərarına gələrsə, Moskva Cənubi Koreyanın hazırkı rəhbərliyinin xoşuna gəlməyəcək qərarlar verəcək.

Rusiya lideri bu çıxışını Pxenyana təmtəraqlı səfərinin ardınca getdiyi Vyetnamda edib.

Putin, eyni zamanda, ABŞ və müttəfiqlərinin Ukraynaya silah təchizatını davam etdirəcəkləri təqdirdə Moskvanın da Pxenyanı silahlandırmaq niyyətində olduğu barədə xəbərdarlıq edib: "O silahları verənlər elə düşünürlər ki, bizimlə müharibədə deyillər. Mən Pxenyanda da demişəm ki, o halda biz dünyanın digər regionlarını silahla təchiz etmək haqqını özümüzdə saxlayırıq".

Seul daha öncə Rusiya-Şimali Koreya sazişini (iyunun 19-da imzalanıb) özünün təhlükəsizliyinə təhdid kimi dəyərləndirərək qınayıb. Milli təhlükəsizlik müşaviri Çanq Ho-cin ölkəsinin Ukraynaya silah dəstəyi məsələsinə yenidən baxmağı planlaşdırdığını vurğulayıb.

Cənubi Koreya prezidenti Yun Sok Yol Kiyevdə
Cənubi Koreya prezidenti Yun Sok Yol Kiyevdə

Seul: "Rusiyanın bu məsələyə necə yanaşacağından asılı…"

Cənubi Koreya prezidentinin ofisindən bildirilib ki, Ukraynanı silahla təchiz etməyin müxtəlif yollarını nəzərdə keçirəcəklər və mövqe Rusiyanın bu məsələyə necə yanaşacağından asılı olacaq.

Prezident ofisi, eyni zamanda, Rusiyanın səfiri Qeorqi Zinovyevi çağıraraq pakta etirazını bildirib və Moskvanın Pxenyanla hərbi əməkdaşlığı dərhal dayandırmasını tələb edib.

Cənubi Koreya Ukraynaya humanitar yardım və hərbi avadanlıq versə də, bu vaxtadək özünün müharibə şəraitində olan ölkələri silahlandırmamaq siyasətinə sadiq qalaraq ona ölümcül silahlar verməkdən imtina edib.

Ukraynada bəziləri Moskva ilə Pxenyan arasında dərinləşən hərbi əməkdaşlığın Seulun bu yanaşmasına yenidən baxmasına səbəb olacağına ümid edirdi.

Səfər zamanı Şimali Koreya lideri Kim Çen In da Rusiyanın Ukraynaya müdaxiləsinə tam dəstək vəd edib. Rusiyanın artıq Ukraynada Şimali Koreya raketləri yerləşdirməsini göstərən dəlillərsə artmaqdadır.

İyunun 21-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi deyib ki, Rusiya-Şimali Koreya sazişi regionda sülh və sabitliyi düşünən istənilən ölkəni narahat etməlidir. O, sazişin sürpriz olmadığını və Vaşinqtonun bu iki ölkənin artmaqda olan hərbi əlaqələri barədə aylardır xəbərdarlıq etdiyini deyib.

Yoşimasa Hayaşi
Yoşimasa Hayaşi

Yaponiya: "Qəbuledilməzdir"

Tokio da prezident Putinin Şimali Koreya ilə hərbi-texnoloji əməkdaşlığı istisna etməməsindən ciddi narahat olduğunu ifadə edib. Yaponiya hökumətinin sözçüsü Yoşimasa Hayaşi deyib ki, bu saziş "qəbuledilməzdir".

Təhlilçilər sazişin dünya və region üçün ciddi nəticələrinin ola biləcəyini deyirlər. Şimali Koreyanın Rusiyanı açıq silahlandırması ehtimalından başqa, Rusiyanın potensial olaraq Koreya yarımadasında istənilən yeni münaqişəyə müdaxilə etməsi ehtimalı da var.

İki Koreya texniki olaraq hələ də müharibə vəziyyətindədir. Onların aralarındakı sərhəd çox ciddi qorunur. Son həftələr ərzində onlar arasında gərginlik artıb.

İyunun 20-də baş verən insident zamanı Şimali Koreya hərbçiləri sərhədi, Seul rəsmilərinin təbirincə, "qısa müddətliyinə" keçiblər və Cənubun xəbərdarlıq atəşindən sonra geri çəkiliblər.

Bu, son üç həftədən az müddət ərzində üçüncü bu cür insidentdir. Cənubi Koreyanın Birləşmiş Hərbi Qərargahı iyunun 9-u və 18-də baş verən öncəki iki halın qəsdən törədilmədiyini bildirib.

XS
SM
MD
LG