Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Rusiya Türkiyə ilə Qərbin arasını vura bilərmi?


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

Türkiyədə iyulun 15-də baş verən uğursuz çevriliş cəhdindən sonra Qərb hərbi dairələrində çaşqınlıq yaranıb. «İslam dövləti» qruplaşmasına qarşı koalisiyada NATO üzvü kimi, Ankaraya güvən məsələsi suallı qalır. «Türkiyə Rusiyanın uzun zamandan bəri apardığı, Avropa Birliyinin bütövlüyünü, ABŞ-ın əsas supergüc kimi mövqeyini, yaxud NATO-nun rolunu pozmağa yönəlmiş oyunundan ötrü münbit sahə deyil ki» sualı aktuallaşır. «Karneqi Avropa» araşdırma mərkəzinin saytında çıxan bu yazının müəllifi keçmiş diplomat Marc Pierini-dir.

TÜRKİYƏ ÜZÜNÜ QƏRBDƏN ÇEVİRİR?

Onun hipotezlərindən – elmi təmələ söykənən gümanlarından biri də odur ki, Rusiya oyunu dəyişdirə biləcək uzunmüddətli addımlar ata və geniş geosiyasi konfiqurasiyanın bir hissəsi kimi Türkiyəni Qərbdən ayıra bilər. Dövlətin və əhalinin sarsıntı yaşadığı, ordunun yenidən təşkil olunduğu Türkiyədə artıq bir sıra siyasətçi və əhalinin böyük bir kəsimi üzünü Qərbdən çevirməkdədir. Qərb dövlətləri NATO-nun 2-ci ən güclü ordusuna çevriliş cəhdinin vurduğu zərbəni, onun bütövlükdə Avropanın müdafiəsinə, eləcə də koalisiyanın «İslam dövləti»nə qarşı əməliyyatlarına mümkün təsirlərini dəyərləndirməyə başlayıb. Bu isə Türkiyədə bəzilərinin xoşuna gəlmir.

Rusiya isə onillər boyunca NATO, ABŞ və Avropa Birliyinə qarşı siyasət yürüdüb. Rusiyanın Avropada NATO müdafiə qurğularını qıcıqlandırmasını, yaxud Avropanın özündə (Fransa, Macarıstan və Britaniyada) AB əleyhdarı sayılan ən səs-küylü siyasətçilərin qılığına girməsini buna misal göstərmək olar. Suriyaya ötən ilin sentyabrında başlanmış Rusiya müdaxiləsi də təkcə Bashar al-Assad rejimini qurtarmağa deyil, həm də Yaxın Şərqdə Qərb təsirini önləməyə yönəlib.

Buna da bax - Erdoğan-ın sevimli sualı: 'Sən kimsən axı?..'

SANKT-PETERBURQ GÖRÜŞÜNDƏN KİM NƏ UMUR?

Rusiya və Türkiyə prezidentləri avqustun 9-da Sankt-Peterburqda bu mürəkkəb olaylar fonunda görüşəcəklər.

Görüşün ilk məqsədi ötən ilin noyabrında Türkiyə ərazisində vurulan Rusiya hərbi təyyarəsi ətrafında yaranmış qızğın mübahisəni sonlandırmaqdır. Enerji sektorunda Türkiyənin önəmli tərəfdaşı olan Rusiya onun işlətdiyi təbii qazın 58 faizini verir. Rusiya Qara dənizdən keçən «Türk Axını» boru kəməri üzərində işi bərpa etsə, Avropaya qaz ötürən «hab» – qovşaqkimi Türkiyənin rolu artacaq.

Prezidentlər antiterror mübarizəsində əməkdaşlıq, «İslam dövləti»nə qarşı mübarizə və Suriyadakı durumun gələcək siyasi nizamlanması məsələlərini də müzakirə edəcəklər.Moskva Türkiyədən «İslam dövləti» (İŞİD-in nəzarətindəki Suriya torpaqları) ilə sərhədini bağlamasını istəyir. Onun bu tələbi Qərbin xahişlərindən çox da fərqlənmir, ancaq Assad rejiminin gələcəyi, habelə Suriya kürdlərinin roluna dair müzakirələrdə daha böyük ölçü-biçi tələb olunacaq.

«İŞ ELƏ GƏTİRİB Kİ…»

Müəllif yazır ki, Moskvanın Suriyada siyasi keçidlə bağlı Ankaranın baxışlarını dəyişdirə biləcəyinə çox az ehtimal verir. Rusiya-Türkiyə barışığının yolu Ankaranın Rusiya mövqeyini qəbul etməsindən keçir. Rusiya isə düşünür ki, Suriyada vətəndaş savaşını bitirməkdən və «İslam dövləti»nin qarşısını kəsməkdən ötrü Assad rejimi mütləq qorunmalı və onun sonrakı taleyirussayağı azad seçkilərdə müəyyənləşdirilməlidir:

«İş elə gətirib ki, Ankaranın Assad rejimini açıq şəkildə dəstəkləməyə başlaması ölkə daxilindəki gərginliyi də azalda bilər. Axı Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyası (CHP) uzun zamandan bəri Assad rejimini Türkiyədə təhlükəsizliyin təminatçısı sayır».

Buna da bax - Erdoğan: 'Allah bizi əfv etsin!' – Türkiyə də əfv edəcəkmi?..

SURİYA KÜRDLƏRİNƏ GƏLİNCƏ…

Suriya kürdlərinə - indi «İslam dövləti» ilə mübarizədə istər Rusiyanın, istərsə ABŞ-ın ən yaxşı tərəfdaşlarına gəlincə, çox güman, Ankara Suriya Kürd Demokratik Partiyasının (PYD) silahlı qanadı olan Xalqların Mühafizə Birliklərinin (YPG) Türkiyədəki üsyançı PKK ilə əməkdaşlıq etməyəcəyinə dair təminat istəyəcək. Bu təminat mümkün olmasa, Moskva ilə Ankara küsülü qalmağa məhkumdurlar.

İstənilən halda Sankt-Peterburq görüşünün nəticəsi Suriyanın gələcəyi və «İslam dövləti»nə qarşı mübarizə ilə bağlı Türkiyənin mövqeyini ortaya qoyacaq.

Moskva da Berlin, Brüssel, Paris və Vaşinqtona qoşularaq, Türkiyədə seçilmiş hökumətin legitimliyini dəstəklədi. Ancaq Qərbdən fərqli olaraq, Putin-i hüququn aliliyi və Türkiyə hakimiyyətinin avtoritarlığı narahat etmir. Bu, tam tərsi, ona gücə arxalanan russayağı idarəçiliyin Türkiyəyə yararlı olduğunu göstərməyə kömək edir.

Buna da bax - Erdoğan pis siyasətdən geri çəkilir

ÜÇÜNCÜ DÖVLƏTLƏRİN DƏSTƏYİ?

Türkiyə hakimiyyəti orduda islahat aparmağa, dövlət və cəmiyyətdəki gizli gücləri sıradan çıxarmağa, eləcə də Fransa və ABŞ-dan daha çox Kremli xatırladan icraçı prezidentlik sistemini formalaşdırmağa davam edir. Bütün bunlarda Ankaraya 3-cü dövlətlərin dəstəyi lazımdır.

Sankt-Peterburqda digər məsələlərlə bağlı da iki liderin fikirləri üst-üstə düşə bilər. İyulun 30-da Türkiyə xarici işlər naziri bildirmişdi ki, Rusiya ilə münasibətlər Avropa ilə münasibətlərin alternativi deyil. Buna baxmayaraq, Moskva Türkiyədə baş tutmamış çevriliş cəhdinə görə Qərbi utandırmaq üçün yenə Ankara ilə barışa bilər. Özünün Avrasiya siyasətini irəli aparmaqda da bunun faydası var.

İKİ KÖKLÜ MƏQAM

Marc Pierini yazır ki, bunlarla yanaşı, Türkiyədən ötrü iki köklü məqam qalmaqdadır:

1) onun ən böyük iqtisadi tərəfdaşı AB-dir və bunun ciddi alternativləri azdır.

2) Türkiyənin ən mühüm təhlükəsizlik tərəfdaşı ABŞ və NATO-dur. Rusiyaya gəlincə, bu ölkə, enerji sektoru xaric, iqtisadi və hərbi tərəfdaş kimi AB, NATO və ABŞ qədər cəzbedici ola bilməz. Odur ki, Rusiya ilə barışıq siyasi mahiyyət daşıyır.

Qısamüddətli perspektivdə Rusiyaya tərəf reverans Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına yaxınlaşdıra bilər. Beləcə, hər iki tərəfin qürurunu oxşamağın ən ucuz yolu tapılar.

Uzunmüddətli perspektivdə isə Rusiya Türkiyə ilə siyasi və müdafiə məsələlərini müzakirəyə çıxarmaq qərarına gəlsə, bu, artıq Avropa qitəsini əhatə edən böyük oyunun bir parçası olacaq.

XS
SM
MD
LG