Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:12

Ukraynanın Rusiyaya müdaxiləsi genişlənir. Rusiya Donbasda mühüm şəhərə yaxınlaşır


Rusiya ilə sərhəddən 9 kilometr aralıda, Unakovka kəndindəki yolda Ukrayna tankının yanından mülki avtobus keçir
Rusiya ilə sərhəddən 9 kilometr aralıda, Unakovka kəndindəki yolda Ukrayna tankının yanından mülki avtobus keçir

Ötən həftənin sonunadək Rusiyanın Kursk bölgəsində Ukraynaya axan Seym çayının qərb səmtinin üzərindən asfaltla örtülü üç beton körpü vardı. Bu körpülər Rusiyanın cənubunda yerləşən bu bölgənin yol-nəqliyyat sisteminin bir hissəsi idi.

Di gəl, avqustun 20-dən bəri həmin üç körpü keçilməz durumdadır. Ukraynalıların çoxsaylı hücumları nəticəsində bu körpülərin qismən dağıdılması onsuz da son iki həftədir Ukraynanın Kursk vilayətinə hücumu ilə üz-üzə qalan Rusiya ordusuna böyük problemlər yaradıb.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin hazırladığı materialda deyilir ki, Rusiyanı sarsıdan, Qərbi heyrətləndirən və, bəlkə də, belə tammiqyaslı savaşın gedişatını yenidən yazan bu kampaniyanın məqsədi qeyri-müəyyəndir. Düzdür, prezident Volodimir Zelenski bildirib ki, azı, bir məqsədləri bufer zonası yaratmaqdır.

Ancaq sərhəddə yaradılmış bufer zonasının Rusiya ordusunun Donbasdakı Pokrovsk şəhərinin taleyini dəyişib-dəyişməyəcəyi məsələsi açıq qalır. Pokrovsk həmin zonadan 400 kilometr cənubdadır və ruslar bu şəhəri ələ keçirmək ərəfəsindədirlər. Pokrovskun itirilməsi ukraynalıların Donbas istiqamətindəki cəbhə xətti boyunca təchizat və logistika xətlərini təhlükəyə sala bilər.

Müharibənin 30-cu ayında cəbhədəki durum

Ukraynanın döyüş meydanında ciddi dəyişikliyə nail olduğu hücum manevri son dəfə 2022-ci ilin sonlarında olub. O zaman əvvəlcə Xarkov bölgəsinin şərqində, daha sonra cənubda, Dnepr çayının qərb sahilində, Xerson bölgəsində ciddi irəliləyiş əldə edilmişdi.

Ötən il Ukrayna daha iddialı əks-hücum aparmağa cəhd etsə də, ciddi canlı qüvvə və hərbi texnika itkisi ilə müşayiət olunan bu hücum gözləntiləri doğrultmadı.

Kursk hücumu müşahidəçiləri təəccübləndirdi, ancaq bu hücumun döyüşlərin gedişatını dəyişib-dəyişməyəcəyi, hələlik, tam aydın deyil.

Avqustun 6-da başlanan ilk hücumun Ukraynanın ən böyük döyüş təcrübəsi olan birliklərinin də daxil olduğu mindən çox əsgərin, tank və ağır texnikanın iştirakı ilə gerçəkləşdirildiyi düşünülür. Ukrayna qüvvələri yaxşı möhkəmləndirilməyən və yetərincə canlı qüvvə gətirilməyən sərhəd istehkamlarını qısa zamanda yarıb keçib. O zamandan bəri hücuma qatılan Ukrayna qüvvələrinin sayca, azı, beş dəfə artdığı bildirilir.

Ukrayna və Rusiya rəsmilərinin verdiyi bilgilərə, açıq qaynaq və təhlilçilərə görə, bir neçə ərazidə Ukrayna qoşunlarının müdafiə istehkamları qazmağa başladığı görülüb. Bu onu deməyə əsas verir ki, hücumun məqsədi, sadəcə, Rusiya mövqelərinə hücum edərək sonradan sərhəd boyunca geri çəkilmək deyil, gələcək danışıqlarda yararlanmaq üçün bu əraziləri əldə saxlamaqdır.

"Döyüşlər davam edir, ancaq heç nə dəyişmir"

"Bu, hesablanmış riskdir. Onlar nə etdiklərini bilirdilər", - Finlandiya ordusunun istefada olan polkovnik-leytenantı Pentti Forsström belə deyir. O, hazırda Helsinkidə Milli Müdafiə Universitetinin baş tədqiqatçısıdır.

"İnsanlar düşünürdü ki, bu, müharibənin aşınma fazasıdır və ayrıca bir şey baş verməyəcək. Döyüşlər davam edir, ancaq heç nə dəyişmir. O üzdən, bu, nəsə etmək üçün yaxşı vaxtdır. Ukraynalılar da bunu etdilər. Onlar gözləmədilər. Onlar təşəbbüsü öz əllərinə alaraq Rusiyanı cavab verməyə məcbur etdilər", - yenə həmin baş tədqiqatçının sözləridir.

Kurskun Qluşkovo rayonunda Seym çayı üzərindəki körpülərin vurulması da önəmli məsələdir. Bu körpülərin dağıdılması Rusiya qoşunlarının hərəkət etmək və effektiv müdafiə xətləri qurmaq imkanlarını çətinləşdirir. Müdafiə xətləri qurmaq səyləri onsuz da intizamsız və xaotik idi. Ancaq daha təcrübəli birliklərin köməyə gəlməsi ilə bu hal dəyişə də bilər. Körpülərin dağıdılması bəzi Rusiya qoşunlarının mühasirəyə alınması riskini də artırır.

Peyk görüntüləri Rusiya qoşunlarının Seym çayı üzərində bir neçə üzən (ponton) körpü quraşdırmağa cəhd etdiyini göstərir.

Prezident Zelenski avqustun 18-də hücumla bağlı ilk açıqlamasında deyib ki, Ukrayna qüvvələri Rusiyanın mümkün qədər çox müharibə potensialını məhv etməyə və aqressorun ərazisində bufer zonası yaratmağa çalışır.

Ukrayna hərbçiləri Rusiya sərhədi yaxınlığındakı Sumı bölgəsində
Ukrayna hərbçiləri Rusiya sərhədi yaxınlığındakı Sumı bölgəsində

Zelenskinin müşaviri Mixaylo Podolyakın fikrincə, hücumun başqa bir məqsədi də var.

"Əlbəttə, üçüncü məqsəd Rusiyanın apardığı müharibə ilə müqayisədə Ukraynanın necə bir müharibə apardığını göstərməkdir. Rusiya məskunlaşmış əraziləri məhv edir. Rusiya əslində məskunlaşmış əraziləri işğal edərək ələ keçirməyə çalışır. Ukraynanınsa məskunlaşmış əraziləri ələ keçirmək niyyəti yoxdur. O bu ərazini işğal etmək niyyətində deyil", - Podolyak "Nastoyaşeye Vremya"ya müsahibəsində belə deyib.

"Bu işə kimin cavabdeh olduğu aydın deyil"

Qərb müşahidəçiləri isə təkcə Ukraynanın uğuruna deyil, eyni zamanda Rusiyanın zəif reaksiyasına təəccübləniblər.

"Rusiya hələ bu hücuma reaksiyasını toparlamağa çalışır. Hücuma yetərincə yavaş və dağınıq reaksiya verilib. Bir səbəb də odur ki, bu işə kimin cavabdeh olduğu aydın deyil", - NATO-nun yüksək vəzifəli hərbçisi, ABŞ ordu generalı Kristofer Kavolinin avqustun 15-də Nyu-Yorkda keçirilən bir müzakirədə dilə gətirdiyi sözlərdir.

Ukraynanın irəliləməsi on minlərlə Kursk sakinini ərazini tərk etməyə məcbur edib. Avqustun 20-dək bu say artıq, azı, 130 min nəfər idi.

Kreml indən belə daha bir və daha böyük problemlə - çağırışçıların Ukrayna qoşunları ilə döyüşlərə göndərilməsi məsələsi ilə üzləşməli olacaq.

Rusiya qanununa görə, yaşı 18 və 40 arasında olan bütün kişilər silahlı qüvvələrdə xidmət etməlidir. Qanun çağırışçıların müharibə zonalarına göndərilməsi ilə bağlı müəyyən məhdudiyyətlər də qoyur və azı dördaylıq xidmət və xüsusi təlimin olmasını tələb edir. Yeni çağırışçıların ölkə xaricinə göndərilməsi isə birbaşa yasaqlanır. Bu o deməkdir ki, Ukraynadakı müharibə yalnız müqaviləli könüllülərin və döyüşlərə cəlb olunan məhbusların hesabına aparılır.

Bu da, öz növbəsində, Rusiya əhalisinin əsas hissəsini indiyədək Ukrayna münaqişəsinin dəhşətlərindən qoruyub. Qərb hesablamalarına görə, indiyədək bu müharibədə, ən azı, 350 min Rusiya əsgəri öldürülüb və yaralanıb. Ukraynanın da itkiləri bu rəqəmlə müqayisə edilə biləcək səviyyədədir.

Kurskda əsir düşən Rusiya hərbçiləri
Kurskda əsir düşən Rusiya hərbçiləri

Azı, 22 rus çağırışçısı itkin düşüb?

Rusiya prezidenti Vladimir Putin dəfələrlə çağırışçıların döyüş zonalarına göndərilməyəcəyini deyib. Ancaq Ukraynanın Kurska daxil olması bu hesablamanı dəyişdirir.

"iStories" xəbər saytının verdiyi bilgiyə görə, Ukrayna hücumunun ilk həftəsi boyunca Kursk vilayətində, azı, 22 Rusiya çağırışçısı itkin düşüb.

Rusiyanın şimalında yerləşən Murmansk vilayətində iyulun əvvəllərində xidmətə başlayan çağırışçıların anaları oğullarının Kursk bölgəsinə göndərilməməsi tələbi ilə petisiyalar yaymağa başlayıblar.

Başqırdıstandan olan çağırışçıların yaxınları "Vyorstka" xəbər qurumuna Kurskda xidmət edən qardaş və oğullarının itkin düşdüklərini və əsir düşə biləcəklərini bildiriblər.

"Çağırışçıları ora göndərməyə nə ixtiyarları var? Putin söz verib ki, yalnız müqaviləli könüllülər vuruşacaq", - özünü Olqa adı ilə tanıdan bir qadın AzadlıqRadiosunun "Sibir.Realii" xidmətinə belə deyib.

Səfərbərliyə cəlb edilən və orduya çağırılan rusiyalılara kömək edən "İdite Lesom" adlı QHT oğullarının itkin düşdüyünü, ya da Ukrayna qoşunlarına qarşı vuruşmağa göndəriləcəyini deyən valideynlərdən çoxlu zəng aldığını bildirib.

Oğlu ötən il orduya çağırılan və Kursk yaxınlığındakı Korenevo kəndində xidmət keçən Oksana Deyeva adlı Voronejli sakin change.org saytında petisiya paylaşaraq, Putindən çağırışçıları geri çağırmaq əmri verməsini istəyib: "Bu gün bizim ərazimizə tammiqyaslı hücum baş verir. Hərbi əməliyyatlara hazır olmayan əsgərlərin həyatlarını qurtarın. Siz valideynlərə söz vermisiniz ki, [çağırışçılar] hərbi əməliyyatlara qatılmayacaqlar!!!! Biz sizə inanırıq", - petisiyada deyilir.

Deyeva AzadlıqRadiosunun açıqlama verməklə bağlı çoxsaylı mesajlarını cavabsız qoyub.

Pokrovsk
Pokrovsk

Diqqət bəd xəbərlərdən yayındırılır?

Ukraynanın bu son uğurları diqqəti 1100 kilometrlik cəbhə xəttinin qalan yerlərindən gələn bəd xəbərlərdən yayındırır.

Daha çox canlı qüvvəsi və silahı olan və piyada hücumlarında daha maraqlı sayılan Rusiya komandirləri cəbhə xəttinin 70 kilometrlik bölümündə Ukraynanın müdafiə xətlərini üç istiqamətdə - Çasov Yar, Toretsk və Pokrovsk istiqamətlərində yarmaqdadır.

Təhlilçilərin dəyərləndirmələrinə, ictimaiyyətə açıq xəritə və bilgilərə əsasən, özəlliklə Pokrovsk ayrıca təhlükə altındadır. Avqustun 20-də Rusiya qüvvələrinin təxminən 50 min nəfər sakini olan şəhərin 11 kilometr içərilərinə girdiyi bildirilib. Dövlət qurumları mülki əhalini bu ərazini, eləcə də qonşuluqdakı Miırnoqrad şəhərini tərk etməyə çağırıb.

"Əgər Pokrovskun hələ iki həftəsi qalıbsa, Mirnoqradın, olsa-olsa, bir neçə günü qalıb", - yerli hərbi administrasiyanın rəhbəri Yuri Tretyak AzadlıqRadiosunun "Donbas.Realii" xidmətinə belə deyib.

Təchizat anbarlarının və travmatologiya xəstəxanalarının yerləşdiyi Pokrovsk şəhəri T-0504, yaxud N23 kimi tanınan əsas magistral yolun üzərindədir. Bu yol şimal-şərqə - iri dəmiryol qovşağının yerləşdiyi Kostantinovka səmtinə aparır.

Rusiyanın bu yolu ələ keçirməsi ukraynalıların təchizat xətlərinin kəsilməsi və Kostantinovkanın durumunun daha da pisləşməsi demək olardı.

Rusiyanın aramsız hücumları Ukraynanın ən böyük problem olan canlı qüvvə problemini yenidən qabardıb.

"Məsələ materialda, silahlarda deyil. Mənə elə gəlir ki, Qərbin yardımı yetərincə adekvatdır. Ancaq Ukraynalıların bu materialları işlətmək, o silahları atmaq üçün canlı qüvvəsi yoxdur. Rusların da adamları orduya cəlb etməklə bağlı eyni problemləri var. Ancaq, əlbəttə ki, rusların əsgər cəlb etməyə pulları var, ukraynalılarınsa yoxdur. Bu üzdən, onlar Ukrayna xalqının əhval-ruhiyyəsinə güvənməli olurlar", - Finlandiya ordusunun istefada olan polkovnik-leytenantı P.Forsströmün sözləridir.

XS
SM
MD
LG