Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:22

Rusiyada ukraynalılar üçün həbsxanalar şəbəkəsi var – Qərb mediası


Ukraynalı hərbi əsirlər vətənə qayıdarkən
Ukraynalı hərbi əsirlər vətənə qayıdarkən

Bütün Rusiya boyunca, habelə Ukraynanın işğal olunmuş ərazilərində minlərlə ukraynalı rəsmi və qeyri-rəsmi həbsxanalar şəbəkəsində saxlanır.

Associated Press agentliyinin reportajında deyilir ki, bu şəbəkədə ukraynalılar işgəncələrə və qul əməyinə məruz qalır.

İxtiyarında hökumət sənədinin olduğunu iddia edən AP qeyd edir ki, Rusiya gələcəkdə də buna bənzər həbsxanaların tikintisini planlaşdırır.

Bu da bildirilir ki, bu həbsxanalarda həm hərbçiləri, həm də mülki şəxsləri saxlayırlar.

AP yazır ki, Rusiya bu həbsxanalardakı işgəncələr və pis rəftarla Cenevrə konvensiyalarını pozur.

Rusiya rəsmiləri hələ ki, bu iddialarla bağlı açıqlama verməyiblər.

Ukrayn dilində danışdıqlarına görə

Agentlik yazır ki, onlarla keçmiş ukraynalı əsir və məhbusla, habelə Ukrayna kəşfiyyatının əməkdaşları ilə söhbətlər aparıb, peyk fotolarını və sənədləri, Qırmızı Xaçın məktublarını, sosial şəbəkələri təhqiq edib.

AP yazır ki, bir çoxlarını ukrayn dilində danışdığına və ya işğal olunmuş ərazilərdə olduqlarına görə, çox vaxt rəsmi səbəb göstərmədən saxlayıblar.

Bəzi başqa şəxslərə qarşı terror və ya “xüsusi hərbi əməliyyata” (Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəsini belə adlandırır-red) müqavimət ittihamları irəli sürülüb.

Mülkilərin hərbi əsirlərə dəyişdirilməsi

AP-nin söhbət etdiyi bütün keçmiş məhbuslar işgəncələrə, döyülmələrə, elektroşoka, boğulmanın imitasiyasına məruz qaldıqlarını deyiblər. Onlar bir çox ölümlərin şahidi olduqlarını bildiriblər.

BMT-nin Rusiyanın Ukraynaya müdaxiləsi əsnasında saxlanmış mülki şəxslərə dair iyun hesabatında da məhbuslara işgəncələr verildiyi bildirilmişdi.

BMT-nin apardığı təhqiqatın müəllifləri bildirirlər ki, məhbusların 90 faizindən çoxu işgəncələrlə üzləşdiyini deyib.

AP habelə müəyyən edib ki, yüzlərlə saxlanmış şəxs kütləvi məzarlar üçün səngər və çala qazmağa məcbur edilib.

Agentlik bildirir ki, daha sonra mülki şəxslərdən rusiyalı hərbi əsirlərin geri alınması üçün istifadə olunub, halbuki beynəlxalq hüquq mülkilərin hərbi əsirlərə dəyişdirilməsini qadağan edir.

Həbsxanalar xəritəsi

Hazırda nə qədər ukraynalının məhbus olduğunu müəyyənləşdirmək mümkün deyil. Rusiya mülki şəxsləri saxladığını inkar edir.

Kiyevin şübhələrinə görə hazırda Rusiya həbsxanalarında 10 minədək mülki ukraynalı ola bilər.

Gulagu.net saytının təsisçisi Vladimir Oseçkinin təxminlərinə görə Rusiya hazırda həbsxanalarında azı 8 min ukraynalı mülki şəxsi saxlayır.

Agentlik bunu da müəyyən edib ki, hazırda Ukraynanın işğal olunmuş ərazilərində azı 63 (BMT-nin məlumatına görə 125) məhbəs var. Bura həm həbsxanalar, həm də onların analoqu olan zirzəmilər daxildir.

AP qeyd edir ki, ukraynalıların Rusiya həbsxanalarına göndərilməsinə dair 40-dək halı sənədləşdirib. BMT-nin hesabatında onların sayının 37 olduğu bildirilir.

Agentlik habelə keçmiş məhbusların, Ukrayna insan haqları media təşəbbüsünün və Rusiyanın Gulagu.net insan haqları qrupunun məlumatları əsasında həbsxanaların xəritəsini tərtib edib.

Euronews bildirir ki, Ukrayna hərbi əsirləri ilə birlikdə 400-dək dinc ukraynalı sakin də dəyişdirilmə nəticəsində vətənə qayıdıb.

XS
SM
MD
LG