Keçid linkləri

2024, 01 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:10

Hədə-qorxuya sinə gərərək ukraynalıların qaçmasına yardım göstərən rusiyalı könüllülər


Nadin Qeysler
Nadin Qeysler

Rusiya qoşunları 2022-ci ilin martında Xarkova hücum edəndə Nadin Qeyslerin bu şəhərdə yaşayan bir tanışı əlaqə saxlayaraq ondan dostunun anasını təkcə sənədləri və iti ilə birlikdə bölgədən çıxarmağa kömək istəyir.

"28 yaşlı fotoqraf Qeysler o zaman Ukrayna sərhədindən bir neçə saatlıq məsafədə -Rusiyanın Belqorod şəhərində yaşayırdı", - AzadlıqRadiosunun müxbiri Anton Starikovun qələmə aldığı yazıda belə deyilir.

"Təbii, mən dedim ki, qadını sərhəddə qarşılaya bilərəm və o mümkün olduğu qədər yanımda qala bilər", - hazırda Rusiyadan kənarda yaşayan Qeyslerin AzadlıqRadiosuna müsahibəsində dediyi sözlərdir.

Qeysler Ukraynadan qaçan qadının tək gəlmədiyini xatırlayır. Bütün gecəni Ukraynadan ard-arda zənglər gəlib. Səhərsə o, bacısı ilə birgə həmin qadını və daha 14 qadını ev heyvanları ilə birlikdə binalarının girişində qarşılayıblar. Bacılar adyal, yastıq, sviter və gödəkcələri kirayə qaldıqları mənzilin döşəməsinə sərərək qaçqınlara yer salıb, özləri isə eyvanda yatıblar.

Qeysler onun sadə insanlardan ibarət şəbəkəsinin köməyi ilə 2 minədək ukraynalının Rusiyaya qaça bildiyini deyir. Şəbəkə bundan başqa Rusiya işğalı altında olan ərazilərdə yaşayan daha minlərlə ukraynalıya qida, tualet kağızı və dərman yardımı göstərib. Ünsiyyət dili rus dili olan qaçqınların çoxu Rusiyadan tranzit kimi yararlanıb. Burada onların dost-tanışları, qohumları yaşayır, bir qədər pul qazanıb yola davam etmək olar.

Potensial təqiblərlə üzləşən digər oxşar düşüncəli könüllülər kimi, Qeysler hazırda Rusiyadan kənarda yaşayır.
Potensial təqiblərlə üzləşən digər oxşar düşüncəli könüllülər kimi, Qeysler hazırda Rusiyadan kənarda yaşayır.

Qeyslerin sözlərinə görə, bu insanların çoxu ozamandan bəri ya Avropa Birliyi ərazisinə köçüb, ya da Ukraynaya - Kiyevin nəzarətində olan yerlərə qayıdıb. "Ya gərək robot kimi bu işdən yapışıb onu görəsən, ya da ağlını itirəcəksən", - Qeysler AzadlıqRadiosunun "Sever.Realii" xidmətinə belə deyib.

Rusiya Ukraynaya hücuma başlayandan az sonra Qeysler və bacısı Belqorodda savaş əleyhinə aksiyaya qoşulduqlarından qısa müddətə həbs ediliblər. Bundan sonra bacılar sərhədi keçərək Rusiyaya gələn ukraynalılara evlərində yer veriblər. O öz evində 100 qaçqını qonaq etdiyini, azı, min nəfəri də otel, mənzil və humanitar yardım anbarlarında yerləşdirdiyini söyləyir.

"Hörümçək torundakı milçəklər"

Belə insanlara yardım göstərən rusiyalı könüllülər sosial mediadan yararlanaraq fəaliyyət göstərən sıx bir şəbəkənin bir bölümü olduqlarını deyirlər.

Könüllülərin Sankt-Peterburqdan olan 48 yaşlı koordinatoru Yeqor Zaxarov Rusiyanın hücuma keçməsindən sonrakı iki ay ərzində özlərini "hörümçək torundakı milçəklər kimi" hiss etdiklərini söyləyir və əlavə edir: "Ardınca könüllü hərəkat genişlənməyə və üfüqi bağlantılar qurmağa başladı. İndi bu, artıq nəhəng resurslar toplayan bütöv bir strukturdur".

Şəbəkə iştirakçıları ukraynalıları Rusiya işğalı altında olan ərazilərdən çıxarıb Avropa Birliyinə, yaxud hər hansı xarici ölkəyə keçirmək üçün fəaliyyətlərini Avropadakı təşkilatlarla əlaqələndirirlər.

Yeqor Zaxarov
Yeqor Zaxarov

Zaxarov deyir ki, bir dəfə könüllülər ölümcül xərçəng xəstəsi olan bir qadına Rusiya işğalı altındakı Mariupoldan Norveçə getməyə kömək ediblər. Qadın hospisdə (ölüm ayağında olan insanlar üçün müəssisədə) vəfat edib, oğlu da o zaman onun yanında olub: "Ölməkdə olan adama görə 3 min, yaxud 4 min avro xərcləmək iqtisadi baxımdan anlaşılmaya bilər. Ancaq biz burada iqtisadiyyatla məşğul olmuruq. Biz insanları qurtarırıq".

Ancaq onun sözlərinə görə, könüllülər çox tez yorulub tükənə bilərlər: "Hər ailənin Haaqalıq hekayələri var".

Donorların kimliyi açıqlanmır

Tükənən könüllülərin bəziləri maddi yardım göstərməyi seçir. Qeysler deyir ki, ümumi ianələr ona qaçqınları Belqorodda otel və humanitar yardım anbarlarında yerləşdirmək üçün ayda 300 min rubla (4 min 300 dollara yaxın) çatan xərcləri ödəməyə imkan verir.

İanələrin haradan gəldiyi bilinmir. Könüllülərin koordinatorları donorların kimliyini açıqlamırlar. Qeysler işğal altında olan ərazilərə humanitar yardım aparmaq üçün zirehli maşını bir elan saytından bu ianə pulları ilə alıb. Sonradan Rusiya ordusu bu maşını müsadirə edib. Onun sözlərinə görə, Rusiya sərhədçiləri onlardan Ukrayna tərəfinin atəşinə məruz qalmamaq üçün açıq rəngdə olan maşını yaşıla boyamalarını istəyib. Həm Qeysler, həm də Zaxarov yardım paketlərini işğal altındakı bölgələrə çatdıra bilmək üçün ilk vaxtlar üzərində "Z" hərfi olan konvoylardan yararlandıqlarını etiraf edir. Onların sözlərinə görə, belə hal, demək olar, daha baş vermir.

XS
SM
MD
LG