Kiyev Rusiya ordusunun hücumuna hazırlaşır
"Reuters" yazır ki, çoxları gözləyirdi ki, Kiyev savaşın ilk günlərdində süqut edəcək. Amma Rusiya ordusu artıq iki həftədir ki, Ukrayna ordusu və silaha sarılmış əhalinin ciddi müqaviməti ilə üzləşib.
Ukraynanın bir neçə böyük şəhərininin, o cümlədən Mariupol və Çerniqovun mühasirəsi davam edir
17-ci gündür Rusiyanın Ukraynaya təcavüzü davam edir. Atəşlər və hava hücumlarının davam etdirildiyi bildirilir.
Sumidən mülki əhalinin şəhərdən çıxarılması üçün martın 12-də bir neçə humanitar dəhlizin açılacağı barədə xəbərlər var.
Ötən gecə Kiyevdə yenidən hava hücumu xəbərdarlığı elan edilib. Paytaxtın meri Vitali Kliçkonun sözlərinə görə, dinc əhalinin yarıdan bir qədər çoxu mühasirəyə alınmış şəhərdə qalır.
Ukrayna tərəfi martın 11-də sərhəddəki Belarus kəndinə hücum edən rus qoşunlarının təxribatı barədə məlumat yayıb. Rəsmi Minsk bu məlumatı “saxta” adlandırıb.
Dünyada Ukraynanı müdafiə və müharibə əleyhinə mitinqlər davam edir, Ukrayna xalqına yardımların toplanması davam edir.
Verilən başqa bir xəbərdə bildirilir ki, ötən gecə Kiyev vilayətində, Kvitneve kəndindəki donmuş məhsulların saxlandığı anbarlara zərbələr vurulub. Çerniqovun mərkəzindəki “Ukrayna” otelinin aviabomba zərbəsindən dağıldığı barədə məlumatlar var. Hələlik itkilər barədə məlumat verilmir.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Kiyev vilayətində "Bayraktar" pilotsuz uçan aparatından istifadə olunmaqla Rusiyanın elektron mübarizə sisteminin vurulduğunu bildirib.
Rusiya ordusunun tutduğu şəhərdə aksiya
Minlərlə insan Rusiya hərbçilərin tutduğu Melitopol şəhər administrasiyasının qarşısına toplaşaraq şəhər meri İvan Fedorovun azadlığa buraxılmasını tələb edir. Ukrayna Prezident Aparatı rəhbərinin müavini, Ukrayna bayraqları olan insanların “Meri azad edin!” şüarları səsləndirdiyi video yayımlayıb. Ukrayna hakimiyyəti bir gün əvvəl Melitopol merinin oğurlanması barədə məlumat yayıb. Rusiya rəsmiləri hələlik bununla bağlı açıqlama verməyiblər.
LİNX Rusiyanın "Megafon" və "Rostelecom" operatorlarını xidmətlərindən ayırıb
Ukraynadakı müharibə fonunda Londonun LINX internet trafik mübadiləsi (London İnternet Mübadilə Şəbəkəsi) məntəqəsinin rəhbərliyi Rusiyanın "Megafon" və "Rostelecom" operatorlarını xidmətlərindən ayırıb.
"Megafon"da isə deyiblər ki, onlar 2022-ci ildə özləri bu şəbəkədən ayrılmağı planlaşdırırlarmış. Hər iki şirkət bəyan edir ki, bu ayrılma xidmətin keyfiyyətinə təsir etməyəcək.