Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:07

Rusiya Ukraynada yüksək rütbəli zabitlərini itirməkdə davam edir


Mariupol şəhərində Rusiya tankının vurulması
Mariupol şəhərində Rusiya tankının vurulması

Medianın sənədləşdirdiyi dəlillərə baxmayaraq, Rusiya mülki şəxsləri hədəfə almadığını deyir

Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiyanın Kostroma vilayətindən olan daha beş hərbçi həlak olub.

Onların arasında Kostroma desant alayının komandiri Sergey Suxarevin də olduğu xəbər verilir.

Məlumatda deyilir ki, Suxarevdən başqa baş leytenant Sergey Lebedev, serjant Aleksandr Limonov, efreytor Yuri Deqtyarev və kapitan Aleksey Nikitin də həlak olublar.

Bəzi xəbərlərə görə Suxarevin müavini, polkovnik Sergey Krılov da həlak olub.

Suxarev 2021-ci ildən 331-ci qvardiya hava desantı alayının komandiri idi.

Bu polk hər iki Çeçen müharibəsində və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib.

2017-ci ildə müdafiə naziri Sergey Şoyqu bu desant alayını “Zərbəçi” adı ilə təltif etmişdi.

Rusiya mediasının martın 16-da verdiyi xəbərə görə Donbasda gedən hərbi əməliyyatlarda 106-cı Tula qvardiya hava desantı diviziyasının 137-ci kəşfiyyat alayının komandir müavini, 23 yaşlı Georgi Dudorov həlak olub.

Xəbər verilir ki, sözü gedən alayın avtomobil karvanı artilleriya atəşi altına düşüb.

Dudorovun atası, keçmiş DTK zabiti Aleksandr Dudorov ötən ilin dekabrında Nenes muxtar dairəsi qubernatorunun müavini təyin olunub.

The New York Times ABŞ kəşfiyyatına istinadən yazır ki, Rusiya Ukrayna ərazisində gedən hərbi əməliyyatlarda indiyədək 7 mindən çox hərbçi itirib və daha 14 min hərbi qulluqçu yaralanıb.

Müharibə şəraitində itkilər barədə dəqiq məlumatların alınması mümkün deyil.

***

Donetskdən deputat Sergey Taruta deyib ki, teatrdakı bomba sığınacağında qalanlar evakuasiya olunurlar.

***

Ukraynanın mühasirədə olan Mariupol şəhərinin meri martın 16-da Rusiyanın havadan zərbə endirdiyi teatr binasında mindən çox adamın gizləndiyini deyib. İtkilərin sayı bəlli deyil.

Mer Vadim Boyçenko martın 17-də Telegram kanalında teatra zərbəni “daha bir faciə” adlandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski adamların teatra sığındığını, amma indi onun dağıdıldığını deyib, eyni zamanda itkilər haqda məlumat olmadığını sözlərinə əlavə edib.

Rusiyanın Müdafiə Nazirliyi qüvvələrinin binaya zərbə endirmədiyini bildlirib.

Rusiya Çerniqovda çörək növbəsinə dayananların vurulmasını da təkzib edib.

Kiyevdə yaşayış binasına raket qalıqları düşüb, azı bir nəfər həlak olub, üç nəfər yaralanıb. Məlumatı Ukraynanın fövqəladə xidməti martın 17-də yayıb. 16 mərtəbəli binaya yerli vaxtlar səhər 5-fə zərbə endirilib.

BMT-nin altı üzvü martın 17-də Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıblar. Qurumda Rusiyanın hazırladığı qətnaməyə səsvermə gözlənir. Qətnamədə “zəif durumda olan” Ukrayna dinc sakinləri üçün qoruma tələb edilir, amma Moskvanın müharibəyə görə məsuliyyət daşımasından söz açılmır.

“Rusiya hərbi cinayətlər törədir, dinc sakinləri hədəfə alır”, – Britaniyanın BMT-dəki missiyası tvitində yazıb. Missiya iclas çağırışla ABŞ, Fransa və digər ölkələrin də qoşulduğunu bildirib.

“Bu böhranı Rusiyanın yaratdığını tanımayan qətnaməyə səs verməyəcəyik”, – Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord "Twitter"də yazıb.

***

Rusiya Mariupol şəhərində yüzlərlə dinc sakinin sığındığı teatrı dağıdıb. Ukrayna hakimiyyəti açıqlamanı martın 16-da yayıb. Qara dəniz sahilində strateji liman şəhəri olan Mariupolda mühasirədə onminlərlə insan qalır.

Şəhər merinin müavini Sergey Orlov teatrda 1200-dək insanın ola biləcəyini deyib. ABŞ-da yerləşən Maxar peyk təsvirləri şirkəti martın 14-də bildirmişdi ki, binanın qarşısında və arxasında rusca böyük hərflərlə “uşaqlar” sözləri yazılıb.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ölü sayının bəlli olmadığını, Rusiyanın yaxın yaşayış məhəllələrini də atəşə tutmaqda davam etdiyini deyib.

Zelenski ABŞ Konqresində alqışlarla qarşılandı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Çörək növbəsində dayananlar

“Mariupolda daha bir dəhşətli hərbi cinayət. Rusiya yüzlərlə dinc sakinin gizləndiyi Dram Teatrına böyük hücum gerçəkləşdirib. Bina tamamilə dağıdılıb. Rusiyalılar buranın mülki sığınacaq olduğunu bilməyə bilməzdilər”, – Kuleba tvitində yazıb.

Şimali Çerniqov şəhərində isə Rusiya qüvvələri çörək növbəsində dayanmış 10 nəfəri öldürüb.

Mariupolda hazırda 300 min nəfərin susuz, elektriksiz və qazsız qaldığı bildirilir. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Mariupol xəstəxanasında 400 işçi və xəstənin hələ də saxlandığını qeyd edib.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, şəhərin Podil ərazisində bir neçə yaşayış binası Rusiya qüvvələri tərəfindən atəşə tutulub. Həmin ərazi şəhər mərkəzindən şimalda, “hökumət kvartalı”nın 2.5 kilometrliyində yerləşir.

Kiyevdə 35 saatlıq komendant saatı martın 17-də səhər bitib.

“Hərbi cinayətkar”

ABŞ Prezidenti Co Bayden isə ilk dəfə olaraq rusiyalı həmkarı Vladimir Putini qonşu Ukraynanın qanlı işğalına görə “hərbi cinayətkar” adlandırıb.

“Məncə, o, hərbi cinayətkardır”, – Bayden martın 16-da Ukraynaya silah yardımı paketini açıqlayarkın deyib.

İndiyədək ABŞ administrasiyası hətta birbaşa sual veriləndə belə bu ifadəni işlətməyib.

Ağ evin sözçüsü Jen Psaki deyib ki, Bayden televiziyada “qəddar diktatorun xarici ölkəyə işğal zamanı törətdiyi barbar hərəkətləri” görəndən sonra “ürəkdən danışıb”.

Medianın sənədləşdirdiyi dəlillərə baxmayaraq, Rusiya mülki şəxsləri hədəfə almadığını deyir.

Kremlin sözçüsü Dmitri Peskov Baydenin bəyanatını “qəbuledilməz və bağışlanmaz ritorika” adlandırıb, xəbəri Tass agentliyi yayıb.

Putin fevralın 24-də Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” başlatdığını, məqsədin Ukraynanın “demilitarizasiyası və denasifikasiyası” olduğunu bildirib.

Qərb bu işğalı pisləyib, Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG