Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:48

Rusiya torpaqlarındakı qaranlıq qətllərdə Ukrayna izləri


Rusiya müstəntiqləri partlayış zamanı Maksim Fominin öldürüldüyü Sankt-Peterburq kafesində işləyir.
Rusiya müstəntiqləri partlayış zamanı Maksim Fominin öldürüldüyü Sankt-Peterburq kafesində işləyir.

Sankt-Peterburqda kafedə partlayan heykəlcik. Nijni Novqorod bölgəsinin bir kəndində uzaqdan yönəldilən mina ilə avtomobilin məhvi. Moskva metrosunda maşının parladılması. Moskva ətrafındakı yaşayış massivində güllə ilə qətl.

Ötən il Rusiyanın Ukraynaya tammiqyaslı savaş başlatmasından az sonra Ukrayna Rusiya ərazisində o qədər də gizli olmayan dron hücumlarına və sabotaj kampaniyasına start verib. Belə hücumlarda boru kəmərindən hərbi hava bazasına, hətta Kremlin özünədək ən müxtəlif obyektlər hədəf alınıb.

AzadlıqRadiosunun müxbiri Mayk Ekelin yazdığı məqalədə deyilir ki, hətta Baltik dənizindəki "Şimal axını" qaz kəmərinin bombalanması da getdikcə daha çox Ukraynanın gerçəkləşdirdiyi əməliyyat təəssüratı yaradır.

Başqa qətl cəhdləri də var

Onlar təkcə Ukrayna torpaqlarında deyil, eyni zamanda birbaşa Rusiya ərazisində də baş verir. Hədəfə alınanlar arasında bir millətçi yazar və siyasətçi, bir hərbi bloqer, bir aşırı sağçı filosof və rusiyayönümlü baxışları ilə tanınan bir ukraynalı keçmiş deputat da var.

Ötən ilin fevralından bəri Rusiya torpaqlarında gerçəkləşdirilən qətl cəhdlərindən bəzilərinə göz ataq. Onlardan bəzilərinin Ukraynayla bağlantısı açıq-aşkar görünür.

İ.Kiva
İ.Kiva

Əslən Ukraynanın şərqində yerləşən Poltavadan olan İlya Kiva siyasətə 2013-cü ildə gəlib. Parlament seçkilərində iştirakı uğursuz olduqdan sonra "Sağ sektor" adlı millətçi qrupun qurucusu, bir zamanlar prezidentliyə namizəd olmuş Dmitro Firtaş ilə birləşib.

Kiva 2014-cü ildən sonra Donbas bölgəsindəki rusiyayönümlü silahlılarla mübarizə aparan Ukrayna döyüşçülərinə qoşulub və daxili İşlər naziri Arsen Avakovun baş müşaviri vəzifəsinədək yüksəlib. Tez-tez millətçi fikirlər səsləndirən Kiva hətta bütün rusdillilərin Ukraynadan çıxarılmasına da çağırıb.

O, sonradan parlamentə rusiyayönümlü bir siyasi partiyanın üzvü kimi daxil olub. İşin daha təzadlı tərəfi Rusiyanın müdaxiləsindən az sonra onun Ukraynanı Rusiyaya təslim olmağa çağırmasıdır. Çox keçmədən o, parlamentdən xaric edilib və Rusiyaya qaçıb. Burada dövlət televiziyasında görünməyə başlayıb.

Ötən ay Lvov məhkəməsi Kivanı vətənə xəyanətdə təqsirli bilib və ona 14 il həbs cəzası kəsib.

Dekabrın 6-da Rusiyanın cənub-qərbində yerləşən Odintsovo yaxınlığındakı Suponevi kəndində parkda gəzərkən bir nəfər yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb. Kiva olay yerində ölüb. Xəbərlərdə onun yaxınlıqdakı kurortda bahalı mənzildə yaşadığı deyilir.

Ukrayna rəsmiləri qətlə görə məsuliyyəti açıq şəkildə üzərinə götürməsə də, qətldən razı qaldığını da gizlətməyə çalışmayıb.

"Ədalət fərqli şəkillərdə olur"

"Ukraynaya xəyanət edən digər xainləri və Putin rejiminin nökərlərini də eyni aqibət gözləyir. Ədalət fərqli şəkillərdə olur", - Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov dekabrın 6-da televiziyada yayımlanan çıxışında belə deyib.

Aleksandr Duqin "Ostankino" Televiziya Texniki Mərkəzində qızı Darya Duqinanın yas mərasimində danışır.
Aleksandr Duqin "Ostankino" Televiziya Texniki Mərkəzində qızı Darya Duqinanın yas mərasimində danışır.

Keçmiş dissident və siyasi fəal Aleksandr Duqin neoavrasiyaçılıq kimi tanınan sağçı ideologiyanı təbliğ etməsi ilə tanınır. O, 2014-cü ildə Ukraynanın şərqində Rusiyanın dəstəyi ilə yaradılan separatçı hərəkatın və 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsinin qatı dəstəkçisi olub. ABŞ Xəzinədarlıq Departamenti 2015-ci ildə ona Ukraynadakı fəaliyyətinə, o cümlədən rusiyayönümlü yaraqlılarla birlikdə döyüşmək üçün adamlar topladığına görə maliyyə sanksiyaları tətbiq edib.

Onun qızı Darya da Rusiya millətçi icmasının yüksələn ulduzu idi. Rusiyanın Ukraynaya hücuma başlamasından bir ay sonra ABŞ Xəzinədarlıq Departamenti ona da maliyyə sanksiyaları tətbiq edib. Departament Darya Duqinanın "Vaqner" təsisçisi Yevgeni Priqojinin nəzarətindəki dezinformasiya ilə məşğul media qurumuna bağlı olduğunu bildirib.

Ötən il avqustun 20-də Darya Odintsovo civarlarında keçirilən festivaldan çıxaraq atasının "Toyota Land Cruiser"ində şəhərdəki evinə qayıtmaq istəyib, ancaq maşında partlayan bomba onu yerindəcə öldürüb. Gerçək hədəfin Duqinin qızı deyil, özü olması ilə bağlı şübhələr var.

Rusiyanın əsas kəşfiyyat qurumu tələsik dedi ki, qətli Kiyev törədib. Qurum bir ukraynalı qadının Daryanı izlədiyini, onun yaşadığı kompleksdə ev tutduğunu, maşınına bomba yerləşdirdiyini, daha sonra Estoniyaya qaçdığını iddia etdi. Ancaq Ukrayna rəsmiləri qətlin Rusiyanın öz içindəki güc rəqabəti ilə bağlı ola biləcəyini söylədilər.

M.Fomin
M.Fomin

"Biz hamını öldürəcəyik"

Ukraynada doğulan Maksim Fomin 2014-cü ildə prezident Viktor Yanukoviç devriləndən sonra Donbas bölgəsində fəallaşan rusiyayönümlü silahlı qrupların birinin tərkibində vuruşub.

O, sonradan "Vladlen Tatarski" ləqəbi ilə müharibədən yazmağa başlayıb. Telegram-da yüz minlərlə izləyicisi olan Tatarski Rusiyanın Ukraynaya müdaxiləsini təbliğ edir, eyni zamanda komandirlərə irad tuturdu. O, Putini çox yumşaq davranmaqda da suçlayır, Ukrayna mülki infrastrukturuna daha çox raket zərbələri endirilməsinə çağırırdı.

Ötən ilin sentyabrında - Putinin səfərbərlik elanından sonra Kremldə keçirilən bir mərasimə qatılan Fomin çəkdiyi selfi videosunda bu sözləri deyir: "Biz hamını məğlub edəcəyik. Biz hamını öldürəcəyik. Biz lazım olan hər kəsi qarət edəcəyik. Hər şey bizim istədiyimiz kimi olacaq".

Bu il aprelin 2-də Peterburqda bir kafedə özünün şərəfinə keçirilən tədbirə qatılan Fominə öz büstü hədiyyə edilib. O danışarkən büst partlayaraq Fomini öldürüb, daha 42 nəfəri də yaralayıb.

Rusiya hüquq-mühafizə orqanları sonradan Fominə içində büst olan qutunu gətirən rusiyalı qadını həbs edib. Polisin yaydığı videoda qadın qutunu gətirdiyini boynuna alır, ancaq içində bomba olduğunu bilmədiyini deyir. Qadın hazırda həbsxanada məhkəməsini gözləyir.

Müstəntiqlər həmin qadının Kiyevdə yaşayan bir rusiyalı jurnalist və aktivistin tapşırığı ilə hərəkət etdiyini deyir. Ukrayna rəsmiləri isə qətlin, güman ki, aşırı millətçilərin öz aralarındakı daxili davaları ilə bağlı olduğunu söyləyirlər.

Rusiyalı partizanlardan ibarət olduğu deyilən Milli Respublika Ordusu adlı bir qaranlıq qrup bu qətlə görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda Ukraynada yaşayan keçmiş rusiyalı deputat İlya Ponomaryov Darya Duqinanın da qətlinin arxasında həmin qrupun olduğunu deyib.

XS
SM
MD
LG