Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:14

Moskva taxıl razılaşmasını 60 günlük uzadır, Kiyev etiraz edir


Ukraynanın baş naziri Denis Şmıhal deyib ki, onun hökuməti taxılın Qara dəniz üzərindən ixracı üçün 120 gündən az müddəti nəzərdə tutan hər hansı razılaşmanın əleyhinədir.

Bundan əvvəl Rusiya, Ukrayna, Türkiyə və BMT arasında əldə olunmuş razılaşma məhz 120 günlük idi.

Şmıhal deyib:

"Biz israr edirik ki, razılaşmanın son müddəti açıq olmalıdır və hər dəfə avtomatik olaraq 120 gün uzadılmalıdır. Rusiyanın ixrac müddətini qısaltması şantajını davam etdirə və qlobal ərzaq böhranını dərinləşdirə bilməsi üçün manipulyasiyadır”.

Bundan əvvəl Kreml bildirmişdi ki, Ukrayna taxılının Qara dəniz üzərindən ixracına imkan verən razılaşmanın müddəti daha 60 gün uzadılıb.

Prezident Putinin sözçüsü Dmitri Peskov bu barədə məlumatı martın 17-də, razılaşma müddətinin başa çatmasına bir gün qalmış verib. Bu razılaşma yalnız Rusiyanın razılığı ilə uzadıla bilər.

Moskva bundan əvvəl razılaşmadan narazılıq bildirir, onu uzatmayacağına işarə edirdi.

Razılaşma müddətinin uzadılmasına dair sənədin nə vaxt imzalanacağı məlum deyil.

BMT-nin Cenevrədəki ofisi bildirib ki, bu barədə müzakirələr hələ davam edir.

Rusiyanı ittiham edirdilər

Qara Dəniz Taxıl Təşəbbüsünə dair razılaşma ilk dəfə 2022-ci ilin sonlarında imzalananadək Ukrayna və bir çox başqa ölkələr Moskvanı Qara dəniz limanlarını blokadada saxlamaqda və bu üsulla aclıq təhlükəsindən silah kimi istifadə etməkdə ittiham edirdilər.

Türkiyə, Ukrayna, Rusiya və BMT arasında əldə olunmuş bu saziş təkcə Ukrayna taxılı üçün deyil, həm də Rusiyanın gübrə və ərzaq mallarının dəniz üzərindən ixracı üçün yol açıb.

Daşımalara Ukrayna, Rusiya və Türkiyə İstanbuldakı monitorinq mərkəzindən nəzarət edirlər.

Razılaşma taxılın Afrika, Yaxın Şərq və Asiyanın bəzi hissələrinə ixrac edilməsinə imkan yaradıb.

Əsas ixracatçılar

Ukrayna və Rusiya buğda, arpa, günəbaxan yağı və başqa ərzaq məhsullarının əsas qlobal təchizatçılarıdır.

Rusiya Ukraynada müharibəyə başlayanadək dünyanın ən böyük gübrə ixracatçısı hesab olunurdu.

İlk dəfə ötən ilin noyabrında 4 ay müddətinə imzalanmış bu saziş Qara dəniz üzərindən daşımaların təhlükəsizliyinə və təftişinə imkan yaradır.

Ötən ay BMT bildirmişdi ki, razılaşma müddətinin uzadılmadığı təqdirdə, xüsusilə də Afrikanın bəzi ölkələrində kəskin aclıq baş verə bilər.

Dünya Qida Proqramı bildirib ki, taxılın ixrac həcmləri onsuz da müharibədən əvvəlki səviyyəsindən aşağı olaraq qalır.

XS
SM
MD
LG