Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:04

Rusiya yeni hücuma keçir. Cəbhədə zirzəmidə qalanlar


Donetsk vilayəti
Donetsk vilayəti

Həftələrdir Ukraynanın hərbi və siyasi liderləri, eləcə də Qərbin kəşfiyyat rəsmiləri Rusiyanın böyük bir hücuma başlayacağı haqda xəbərdarlıq səsləndirirlər. AzadlıqRadiosunun müxbiri Mayk Ekel (Mike Eckel) bu hücumun artıq başladığını yazır.

Havanın soyuq keçməsi hər iki tərəfdə döyüşlərin tempini azaltmışdı. Rusiya və Ukrayna canlı qüvvə və materialları, avadanlığı yeniləyir, müharibənin növbəti mərhələsinə hazırlaşırdılar.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hücumunun ildönümü ərəfəsində isə toqquşmalar qızışır.

“Görünür, Rusiya ordusu hücum əməliyyatlarına başlayıb, bunlar mövqe ələ keçirmək üçün ilkin hücumlar, cəhdlərdir. Hücumun lap erkən mərhələlərinə oxşayır”, – ABŞ-də yerləşən Donanma Təhlilləri Mərkəzinin Rusiya üzrə direktoru Maykl Kofman (Michael Kofman) deyib.

Bir neçə istiqamətdə hücum

Ordunun perfomansını yaxşılaşdırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putin komandirləri azı üç dəfə dəyişib.

Ukrayna rəsmiləri, Qərb kəşfiyyatı, Rusiya və Ukraynanın hərbi blogerləri və digər açıq mənbələr Rusiyanın son bir həftədə çoxsaylı məkanlarda hücumları gücləndirdiyini bildirirlər: Luhansk vilayətinin qərbindəki Kreminna yaxınlığında və Donetsk vilayətinin cənubundakı Vuhledar şəhəri istiqamətində.

Görünür, Kreml müharibənin başlanğıcında elan etdiyi hədəflərinə qayıdır: 2014-cü ildən qismən Rusiyanın dəstəklədiyi qüvvələrin idarə etdiyi Donbas vilayətini tam nəzarətə almaq.

Elə Ukrayna Baş Qərargahı da fevralın 9-da Facebook-da yazırdı ki, “düşmən Donetsk və Luhansk vilayətlərini tam nəzarətə götürməyə çalışır”.

Hücum hələ sürət yığmayıb

Eyni zamanda Ukrayna cənubi Zaporojye vilayətində də potensial hücuma hazırlaşsa da, hələlik, belə bir hücum başlamayıb.

Rusiya fevralın 9-da Ukraynaya raket və dron zərbələri endirib. Ancaq bu hava hücumunun Donbasda davam edən hücumlarla koordinasiyalı həyata keçirildiyi aydın deyil.

Müharibə Araşdırmaları İnstitutu fevralın 8-də yazırdı ki, Rusiya qüvvələri Ukraynada təşəbbüsü ələ alır, Luhanskda böyük hücuma başlayıb. “Rusiyanın hücumu tam tempə yüksəlməyib”, – qurum bildirirdi.

Ukrayna ordusu fevralın 10-da Kremnina, Baxmut, Avdiyevka, Maryinka və Vuhledar yaxınlığında aktiv döyüşlərin getdiyini açıqlayıb.

Cənubda nisbi sakitlikdir

AzadlıqRadiosunun müxbiri Aleksandr Palikot cənub cəbhəsində hər gün artilleriya atəşi eşidilməsinə baxmayaraq, vəziyyətin nisbətən sabit olduğunu yazır. Ancaq hər iki tərəf Donbası Krıma birləşdirən dəhlizə nəzarəti ələ keçirməyə ümid edir, Hulyaypol kimi cəbhə şəhərlərində isə gərginlik artır.

“Vətənpərvər nöqteyi-nəzərindən, əlbəttə, qorxmuruq”, – şəhərin meri Sergey Yarmak deyib.

“Reallıqda isə hər kəs buranın tezliklə başqa bir Baxmuta çevriləcəyindən narahatdır”, – o, sözlərinə əlavə edib.

Rusiya qüvvələri aylardır Baxmutu ələ keçirməyə çalışır.

Ukraynanın nəzarətində olan Zaporojye ilə Rusiyanın tutduğu Melitopol şəhəri arasındakı quru xətti hər iki tərəf üçün strateji dəyərə malikdir. Çünki Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına çıxış buradan keçir.

Şəhər meri yerindədir

Rusiya qüvvələri ötən ilin fevralında Hulyaypol şəhərinə qısa müddətə giriblər, sonradan geri oturdulublar. O vaxtdan şəhər kənarı cəbhə xəttinə çevrilib. Sakinlərin dekabrdan vəziyyətin pisləşdiyini deyirlər.

Yerli rəsmilər hücumlarda 30-dan çox insanın öldürüldüyünü, azı 40 nəfərin yaralandığını deyirlər.

Yarmak ötən yayda cəsarətinə görə dövlət mükafatı alıb. O, şəhərdə qalıb və deyir ki, “rəsmi orqanlar yerində olmasa, hər şey iflas edər”.

Polis talançıları nəzarətdə saxlayır, spirtli içkilərə qadağa tətbiq edir. Bələdiyyə işçiləri dağılmış binaları təmir edir, zibili yığışdırır. Yerli xəstəxana işləyir, hər gün Ukraynanın daha təhlükəsiz yerlərinə evakuasiya həyata keçirilir.

Ancaq martdan bəri istilik və su təchizatının kəsildiyi şəhərdə vəziyyət ağırdır.

İşğaladək 13 min əhalini olan Hulyaypolda indi 3 mindən də az adam yaşayır, hamısı da zirzəmilərdə qalır.

“Yuxarıda ölməkdənsə...”

67-yaşlı Avhustina Psevdaklyayeva deyir ki, sükut onu qorxudur, “bundan sonra nə olacaq?” – deyə sual edir. Qadının müharibədən öncə yaşadığı mənzilin pəncərələri qırılıb, mərmilər düşəndə divarları silkələnir. Mənzil soyuq və rütubətlidir, “orada yaşamaq çox qorxuludur”, – qadın zirzəmidə qalmağını belə izah edir.

Avhustinanın övladları və nəvələri vilayətin 100 km şimal-qərbdə yerləşən paytaxtı Zaporojyeyə gediblər, ancaq özü onlara qoşulmayıb. Bir səbəb kimi pulsuzluğu göstərir. Həyat yoldaşı iki həftə öncə ürəktutmasından vəfat edən qadın danışır ki, zirzəmidə birlikdə yaşadığı digər insanlar olmasa, “lap tənha qalardı”.

“Könüllülər bizə yemək gətirir, peçimiz, odunumuz var; yuxarıda ölməkdənsə, orada yaşamaq daha yaxşıdır”, – 52-yaşlı Lyudmyla Jovnirenko söyləyib.

“Oğlanlarımız da şəhərimizi qoruyur, ona görə də ümidimizi itirmirik”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG