Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

ABŞ: Rusiya Ukraynaya Şimali Koreya raketləri atıb


Şimali Koreyanın Huasonq-18 raketi
Şimali Koreyanın Huasonq-18 raketi

Şimali Koreya Ukrayna müharibəsində istifadə etməsi üçün bu yaxınlarda Rusiyaya taktiki raket kompleksləri və ballistik raketlər verib.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsiu Con Kirbi (John Kirby) deyib. Beləliklə o, bundan əvvəl mediada bu barədə gedən xəbərləri təsdiqləmiş olub.

Kirbinin sözlərinə görə Rusiya artıq Şimali Koreya raketlərindən Ukraynaya 30 dekabr və 2 yanvar zərbələri zamanı istifadə edib.

Ağ Evin nümayəndəsi KXDR-dən Rusiyaya raketlərin verilməsini “böyük və narahatlıq doğuran eskalasiya” adlandırıb.

Kirbi deyib ki, ABŞ bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldıracaq və bu raketlərin təchizatı ilə bağlı olanların üzərinə əlavə sanksiyalar qoyacaq.

Kiyevin mərkəzindəki binalardan biri Rusiyanın 2 yanvar zərbəsindən sonra
Kiyevin mərkəzindəki binalardan biri Rusiyanın 2 yanvar zərbəsindən sonra

O habelə qeyd edib ki, ABŞ-ın məlumatına görə İran hələki Rusiyaya ballistik raketlər verməyib, amma Moskva Tehrandan bu raketlərin alınmasında çox maraqlıdır.

Bundan əvvəl The Wall Street Journal qəzeti yazmışdı ki, Moskva Şimali Koreyadan ballistik raketlər və onların atışı üçün qurğular ala bilərdi.

Noyabr ayında Cənubi Koreyanın Yonhap agentliyi qərargah rəisləri komitəsinin yüksək rütbəli vəzifəlisinə istinadla bildirirdi ki, Pxenyan Moskvaya böyük bir ehtimalla qısamənzilli taktiki raketlər verib.

Hansı raketlər?

Şimali Koreyanın raket cəbbəxanasında R-17 sovet raket komplekslərinin “surəti” olan raket kompleksləri var.

Son modifikasiyada bu komplekslər Huasonq-6 adlanır. Qərb ekspertlərinin təxminlərinə görə onların uçuş diapazonu 500-1300 kilometrdir.

Bu da xəbər verilir ki, Pxenyan hərbi paradlarlarda Qərbdə KN-23 adı ilə tanınan və Rusiyanın İskander komplekslərinə oxşar raket komplekslərini nümayiş etdirib. Bu raketlərin uçuş məsafəsi 700 kilometrdir. 2019-cu ildə zərbə radiusu 380 kilometr olan KN-25 raketləri sınaqdan çıxarılıb.

Reuters yazır ki, Şimali Koreya üzrə Niderland eksperti Yust Olimans (Joost Oliemans) Ukrayna sosial media şəbəkəsində yayılan foto və videolara əsasən Ukraynada Huasonq-11 (Hwasong-11) raket ailəsinə daxil KN-23 və KN-24 raketlərindən istifadə olunduğunu təxmin edir.

Ekspert bildirib ki, bu raketlər radarlardan yayınmaq üçün alçaq trayektoriya ilə uçur.

Moskva səs verdiyi qətnamələri pozur?

Olimans düşünür ki, bütün zahiri bənzərliklərinə baxmayaraq bu raketlər Rusiyanın İskander raketlərinə o qədər də uyğun gəlmir və daha çox Şimali Koreyanın öz istehsalına oxşayır.

Bəzi başqa ekspertlər buna görə də düşünürlər ki, böyük bir ehtimalla Rusiyada bu raketlərin atılmasına Şimali Koreya müşavirləri nəzarət edirlər.

Reuters xatırladır ki, Şimali Koreya 2006-cı ildə ilk nüvə bombasını sınaqdan çıxardıqdan sonra BMT-nin silah embarqosu altındadır. Rusiyanın özünün də səs verdiyi Təhlükəsizlik Şurası qətnamələri Şimali Koreya ilə silah və hərbi avadanlıq ticarətini qadağan edir.

Moskva və Pxenyan bundan əvvəl hər hansı silah sövdələşməsi etdiklərini danıblar.

Buna baxmayaraq avqust ayından bəri Şimali Koreyanın Rason dəniz portuna Rusiya hərbiyyəsi ilə bağlı gəmilərin gəlişləri artıb.

Pxenyanın Moskvadan gözləntiləri nədir?

Bu yaxınlarda Şimali Koreya lideri Kim Yonq Un müdafiə sənayesini istehsalı artımağa çağırmışdı, lakin o Rusiyaya silahların verilməsi məsələsinə toxunmamışdı.

Reuters ekspertləri bildirirlər ki, Pxenyanın hərbi istehsalı artırması Rusiyanın silahlarla təchizatı ilə bağlı ola bilər.

Kirbi qeyd edib ki, Pxenyanı Moskva ilə döyüş təyyarələri, yer-göy raketləri, ballistik raket istehsalı avadanlığı və materialları sahəsində əməkdaşlıq maraqlandırır.

Bəzi ekspertlər Moskvanın Pxenyana “həssas hərbi texnologiyalara” giriş verəcəyinə inanmırlar.

Amma onların fikrincə bu raketlərin Ukrayna müharibəsindəki performansına dair məlumatlar da Pxenyan üçün çox qiymətlidir. Lakin Moskvanın hətta bu məlumatları da Pxenyanla bölüşəcəyinə şübhələr var.

Moskva hələki ABŞ-ın bu bəyanatlarını şərh etməyib.

XS
SM
MD
LG